Tur cümə günü “Hatayspor”un evdə “Bodrum”a uduzmasıyla start götürdü. Hatay təmsilçisi təcrübəli Rza Çalımbayın rəhbərliyi altında ikinci oyunda da qola və qələbəyə həsrət qaldı. Tarixində ilk dəfə elitada oynayan “Bodrum” isə mövsümdə 2-ci qələbəsini qazandı.
Ümumiyyətlə, bu tur həm qeyri-məhsuldar, həm də meydan sahibləri üçün uğursuz alındı. “Konyaspor”la “Sivasspor”un duelində azarkeşlər qol görmədi. Şənbə gününün və turun əsas oyunu Kadıköydə keçirildi. Mourinyonun son dönəmdəki atmacaları, eləcə də “Qalatasaray”ın tura lider kimi daxil olması budəfəki derbinin prinsipiallığını bir qədər də artırmışdı. Oyuna “Fənər” daha fəal başladı və hətta Şimanski 10-cu dəqiqəqədə hesabı açmağa yaxın oldu. Amma bu fəallıq çox tez bitdi. Topa nəzarəti ələ keçirən “Cim-Bom” təhülkəli hücumlar qurmağa başladı. Saranın zərbəsi zamanı Livakoviç əla oynadı. Amma növbəti epizodda xorvatiyalı qapıçı özü də istəmədən anti-qəhrəmana çevrildi. Autla başlayan hücumun davamında top Torreyranın önünə düşdü. Təcrübəli futbolçunun qüvvətli zərbəsindən sonra dirəkdən dönən top Livakoviçə dəyərək tora daxil oldu. “Fənər” bu qola dərhal cavab verməyə çox yaxın oldu. Amma Tadiçin ötürməsindən sonra faktiki Muslera ilə təkbətək çıxan Oostervolde uruqvaylı qapıçını məyus edə bilmədi. “Vurmayana vurarlar” prinsipinin işə düşməsini çox gözləmək lazım gəlmədi. İlk qoldan 8 dəqiqə sonra gözəl qurulan hücum zamanı Osimhen sinəsi ilə topa toxunaraq Mertensi zərbə mövqeyinə çıxardı. Belçikalı çətin vəziyyətdə olmasına baxmayaraq, aşırma zərbə ilə fərqi artırdı. 5 dəqiqə sonra Mertens yerli fanatları yenidən şoka salmağa yaxın oldu. Amma onun budəfəki aşırma zərbəsi azacıq dəqiq alınmadı. İlk yarıda “Fənər”in bəzi sürətli hücumları yaddaqalan alınsa da, “Qalatasaray”lılar sarı vərəqə bahasına da olsa, onların qarşısını kəsə bildi. İkinci hissənin əvvəllərində hesab meydan sahibləri üçün biabırçı həddə çatdı. Maraqlıdı ki, bu hücum da autla başladı. Torreyra ilə “divar ötürməsi”ndən sonra Sara topu uzaq küncə göndərdi. Bir neçə dəqiqə sonra Əbdülkərimin Fredə qarşı kobudluğu penalti ilə nəticələndi və Ceko zərbəni dəqiq yerinə yetirdi. Mourinyo əvvəlcə İrfan Canı, sonra da Ən-Nəsirini meydana buraxdı. Amma qatar artıq getmişdi. Mərakeşli forvardın əlinə intriqanı bərpa etmək üçün bir-iki gözəl fürsət düşsə də, o, bunlardan yararlana bilmədi. Muslera bu mövsüm ən çox (8) qurtarış etdiyi oyununu keçirdi. Beləliklə, Okan Buruk Mourinyonun atmacalarına ən layiqli cavabı meydanda verdi və “Qalatasaray”ın başında “Fənər”ə qarşı keçirdiyi 3-cü səfər oyununda da uduzmadı (2 qələbə, 1 heç-heçə)! Klub tarixində daha öncə bunu yalnız 1985-86-cı illərdə Yupp Dervall bacarmışdı. Ümumiyyətlə, Buruk 2017/18-dən bəri “Fənər”i ən çox (6 dəfə) məğlub edən məşqçi statusundadı. İsmayıl Kartalın dönəmində “Fənər” ilk 6 turu 18 xalla bitirdiyi halda, bu dəfə komandanın cəmi 13 xalı var. Ən əsası “sarı-lacivərdlilər”in superliqda 32 oyunluq məğlubiyyətsiz seriyası qırıldı (25 qələbə, 7 heç-heçə). Komanda sonuncu məğlubiyyətini ötən mövsümün 11-ci turunda “Trabzonspor”la ev oyununda (2:3) yaşamışdı.
Bazar gününün qarşılaşmalarına gəlincə, evdə “Samsunspor”a uduzan “Çaykur Rizəspor” ardıcıl 4-cü turda xala həsrət qaldı. “Kasımpaşa” ilə qolsuz bərabərlik sayəsində “Antalyaspor” Aleksin rəhbərliyi altında ilk dəfə səfərdə xal qazanmış oldu. Evdə “Alanyaspor”a uduzan və 6-cı turda 5-ci məğlubiyyətlə üzləşən “Adana Dəmirspor”da isə Maykl Valkanis dönəmi erkən bitdi. Avstraliyalı mütəxəssis komandanın başına bu yay gətirilmişdi. Turun daha bir maraqlı oyunu “Tüpraş Stadionu”nda keçirildi. Arda Turanın çalışdırdığı və tura məğlubiyyətsiz daxil olan “Eyüpspor” “Beşiktaş”ın qonağı oldu. “Eyüpspor” inamlı təsir bağışlayaraq ilk turlardakı nəticələrinin təsadüf olmadığını göstərdi. Raşitsanın mövsümdəki ilk qolu ilə hesabda önə keçən İstanbul nəhəngi üstünlüyünü artırmaqda çətinlik çəkdi. İkinci hissədə fəallaşan debütant penalti qazandı. 64-cü dəqiqədə Mərt Günokun Tiama qarşı kobudluğuna görə VAR-ın müdaxiləsi ilə təyin olunan penaltini Əmrə Akbaba dəqiq yerinə yetirdi. Xal itirmək istəməyən və təzyiqi artıraraq bütün komanda ilə irəli atılan “Qartal” fanatlarını son anlarda sevindirdi. Bu qol da penaltidən vuruldu. Maraqlıdı ki, penaltiyə səbəbkar olan Tayfur Bingöl müqavilə ilə məhz “Beşiktaş”a məxsusdu! Onun Semihə qarşı kobduluğundan sonra yenə VAR işə qarışdı və İmmobile fürsəti boşa vermədi. Arda Turan superliqa çərçivəsində həm futbolçu, həm də məşqçi kimi “Beşiktaş”a qarşı keçirdiyi 9-cu səfər oyununda da qələbəyə həsrət qaldı (2 heç-heçə, 7 məğlubiyyət). Van Bronkhorst “ağ-qaralar”ın başında superliqada 3-cü ev oyunundan da qələbə ilə ayrıldı. Klubun əcnəbi məşqçiləri arasında sonuncu dəfə bunu 2000-ci ildə Nevio Skala bacarmışdı.
6-cı tur
Fənərbaxça – Qalatasaray 1:3
Ceko, 63-p. – Livakoviç, 20-öz qapısına. Mertens, 28. Sara, 59.
Fənərbaxça: Livakoviç, Mərt Müldür, Ciku (Ən-Nəsiri, 67), Çağlar Söyüncü, Oostervolde, İsmayıl Yüksək (Amrabat, 46), Fred (Mərt Hakan Yandaş, 80), Tadiç (İrfan Can Kahveci, 61), Şimanski, Sen-Maksimen (Cengiz Ündər, 80), Ceko.
Qalatasaray: Muslera, Kaan Ayhan (Nelsson, 86), Əbdülkərim Bardakcı, Sançes, Yakobs, Torreyra (Berkan Kutlu, 84), Sara (Kərəm Dəmirbay, 84), Barış Alpər Yılmaz (Yelert, 83), Mertens (Şallai, 75), Yunus Akgün, Osimhen.
Beşiktaş – Eyüpspor 2:1
Raşitsa, 20. İmmobile, 90+3-p. – Əmrə Akbaba, 64-p.
Beşiktaş: Mərt Günok, Svensson, Paulista, Uduoxay, Masuaku, Fernandeş, Əl-Musrati (Semih Kılıçsoy, 66), Raşitsa (Onur Bulut, 90+10), Rafa Silva (Əmirhan Topçu, 90+4), Mario, İmmobile (Onana, 90+5).
Qaziantep – Trabzonspor 0:0
Çaykur Rizəspor – Samsunspor 0:1
Ntçam, 46.
Adana Dəmirspor – Alanyaspor 0:2
Hvan Ui Çjo, 4; 17.
Hatayspor – Bodrum 0:1
Seferi, 27.
Konyaspor – Sivasspor 0:0
Kasımpaşa – Antalyaspor 0:0
Göztəpə - Kayserispor 3:0
Taha Altıkardeş, 13. Juan, 45+3. Doğan Ərdoğan, 90+4.
1. Qalatasaray 6 6 0 0 20-5 18
2. Fənərbaxça 6 4 1 1 14-5 13
3. Beşiktaş 5 4 1 0 11-4 13
4. Samsunspor 6 4 0 2 7-3 12
5. İstanbul BŞ 5 3 1 1 11-7 10
6. Göztəpə 5 2 3 0 8-3 9
7. Eyüpspor 6 2 3 1 9-6 9
7. Konyaspor 6 2 2 2 6-7 8
8. Sivasspor 6 2 2 2 5-6 8
9. Antalyaspor 6 2 2 2 9-12 8
11. Kasımpaşa 6 1 3 2 6-8 6
12. Alanyaspor 6 1 3 2 6-9 6
13. Bodrum 6 2 0 4 5-9 6
14. Trabzonspor 5 0 5 0 3-3 5
15. Qaziantep 5 1 1 3 4-7 4
15. Çaykur Rizəspor 6 1 1 4 3-14 4
16. Kayserispor 5 0 3 2 5-9 3
18. Hatayspor 6 0 2 4 4-10 2
19. Adana Dəmirspor 6 0 1 5 5-14 1
Bombardirlər: Ceko (Fənərbaxça) – 5, Barış Alpər Yılmaz (Qalatasaray), İmmobile (Beşiktaş), Pyontek (İstanbul BŞ), Samudio (Antalyaspor) – 4.
Növbəti turun oyunları sentyabrın 27-30-u aralığında keçiriləcək: Alanyaspor – Çaykur Rizəspor, Antalyaspor - Fənərbaxça, Bodrum – Adana Dəmirspor, Eyüpspor – Qaziantep, Qalatasaray – Kasımpaşa, Kayserispor – Beşiktaş, Samsunspor - Göztəpə, Sivasspor – İstanbul BŞ, Trabzonspor – Konyaspor.
Turun rəqəmi
6 - “Qalatasaray”ın başına keçdiyi gündən bəri saysız-hesabsız rekordları yeniləyən Okan Buruk yenə önəmli göstəriciyə nail oldu. İlk iki mövsümdəki çempionluqlara baxmayaraq, “Cim-Bom” ilk turlarda mütləq büdrəyirdi. Bu dəfə isə vəziyyət fərqlidi. İstanbul nəhəngi 6-cı turu da qələbə ilə başa vurmaqla şəxsi rekordunu təkrarladı. Komanda daha öncə yalnız bir dəfə - 2009/10-da ilk 6 turu xal itirmədən tamamlamışdı. O vaxt Frank Raykaardın baş məşqçi olduğunu nəzərə alsaq, Okan Buruk klub tarixində bunu bacaran ilk yerli mütəxəssisdi. Maraqlıdı ki, 15 il öncə belə başgicəlləndirici starta baxmayaraq komanda mövsümü yalnız 3-cü yerdə başa vurmuşdu. “Qalatasaray” gələn tur da xal itirməsə, Okan Buruk daha bir yeni rekordun sahibi kimi tarixə düşəcək.
Turun ulduzu
Lukas Torreyra (Qalatasaray) – bu qədər az qolun vurulduğu və heç kimin önə çıxmadığı turda üstünlüyü uruqvaylı ulduza veririk. Hər halda, Torreyra mövsümün ən vacib oyunlarından birində iki qolun vurulmasında yaxından iştirak etdi. Düzdü, ilk qolun statistikasında onun adı qeyd olunmayacaq. Amma məhz Torreyranın əla zərbəsi sonda Livakoviçin avtoqolu ilə nəticələndi. 3-cü qolda isə o, hesabına məhsuldar ötürmə yazdı.
Turun sitatı
Volkan Dəmirəl, məşqçi, “Fənərbaxça”nın sabiq qapıçısı: