Dünən Türkiyə çempionatının 7-ci turunun ilk 2 oyunu keçirildi.
Football-plus.az xəbər verir ki, ''Hatayspor'' evdə ''Kayserispor''a 0:4 uduzaraq qələbəsiz seriyanı davam etdirdi. Günün və turun ən böyük maraqla gözlənilən oyunu ''Nef Stadionu''nda baş tutdu. ''Qalatasaray'' tura lider kimi daxil olan ''Konyaspor''u qəbul edirdi. İlk 6 turda qapısını toxunulmaz saxlayaraq inanılmaz performans sərgiləyən Konya təmsilçisi adını tarixə yazdırmağa çox yaxın idi. Çünki turnirin tarixində ilk 7 turda qol buraxmayan komanda olmamışdı. Amma qonaqlar rekordu artıq 59-cu saniyədə unutmaq məcburiyyətində qaldılar. Məhz 1-ci dəqiqədə Oliveyra ''Qalatasaray''ı hesabda önə keçirdi.
Yekunda 2:1 üstün olan İstanbul nəhəngi ardıcıl 3-cü qələbəni bayram edərək liderliyə yüksəldi. Tura hər nə qədər yekun vurulmasa da, ''Cim-Bom''un liderliyini xüsusi qeyd etməyə dəyər. Çünki komanda 58 turdan sonra ilk dəfə zirvəyə yüksəldi. ''Aslan'' sonuncu dəfə 2020/21-in 28-ci turunda lider olmuşdu.