"...qalib gələ biləcəyimiz komandaları məğlub etdik" – yəni 84-cü yer Azərbaycanın maksimumudu?

30.10.2026 23:18 90
Ölkə futbolu / Manşet
Ölkəmizdə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalı bu gün başa çatdı. Yarışın qalibi finalda Çexiyaya 3:0 hesabıyla qalib gələn İspaniya oldu. Ölkəmizin U-15 yığması isə 189 iştirakçı arasında 84-cü yeri tutdu.

Düzü, çempionat ölkəmizdə keçirildiyindən yığmamızdan daha yaxşı nəticə gözlənilirdi. Ancaq komandanın bir çox matçda uduzması, xüsusən, son oyunda Əfqanıstanın öhdəsindən gələ bilməməsi məyusluq yaratdı.

Bəs, yeniyetmələrin çıxışını necə dəyərləndirmək olar? Nəticələr gələcək adına nə vəd edir?

Bu suallarla təcrübəli mütəxəssis Arif Əsədova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Dünya çempionatının ölkəmizdə keçirilməsi böyük hadisədi. Bu, bir daha göstərdi ki, Azərbaycan istənilən səviyyədə yarışa evsahibliyi etməyə hazırdı. Təşkilati baxımdan yaradılan infrastruktur futbolumuz üçün müsbət haldı. Gələcəkdə bu meydançalardan həm milli, həm də klubların aşağı yaş üzrə komandaları yararlana bilər. Bununla belə, millimiz böyük təcrübə qazandı. Uşaqlar ilk dəfə belə yarışda çıxış etdi. Məlumdu ki, bu yığma iki-üç ay ərzində formalaşdırılıb. Futbolçular qısa müddətdə seleksiya prosesindən keçdi. Bildiyimə görə, yoldaşlıq oyunları keçirməyə belə vaxt olmadı. Məşqçilər kollektivlə bir həftə çalışa bildi. Bu səbəbdən düşünürəm ki, nəticə önəmli deyil. Əsas odu ki, futbolçular bu cür səviyyədə oyunlar keçirdi, müxtəlif ölkələrin futbol fəlsəfəsi, mədəniyyəti ilə tanış oldu. Şəhərcikdə yeni tanıdıqları oyunçularla birlikdə qaldılar, vaxt keçirdilər, yeni dostlar qazandılar. Çempionatın həm də festival adlandırılması kütləvilik baxımından xüsusi önəm daşıyır. Məncə, yığmamızın çıxışı qənaətbəxş oldu. Qrupda qalib gələ biləcəyimiz komandaları məğlub etdik. 189 ölkə arasında 84-cü yeri tutduq. Ümumilikdə, yarış futbolçuların inkişafı üçün böyük təkan oldu".

KƏNAN BAHADIR