Amsterdamda qollu “sülh” - İCMAL

17.09.2024 12:16 145
Dünya futbolu
Qrup liderləri Amsterdamda gözəl və məhsuldar bir şou nümayiş etdirdilər.

Reyndersin 2-ci dəqiqədə vurduğu qol almanlar üçün “soyuq duş” effekti verdi və komanda uzun müddət özünə gələ bilmədi. Bundestim topa nəzarət etsə də, real qol vəziyyəti yaratmaqda çətinlik çəkirdi. Almanların dadına De Liqt çatdı. O, hücumu başlamaq istəyərkən topu itirdi. Verbrüggen ilk zərbəni dəf etsə də, özünü yetirən Dəniz Undav hesabı bərabərləşdirdi. “Narıncılar” o qədər məyus oldular ki, fasiləyə qədər ikinci topu da buraxdılar. Undav bu dəfə Kimmixin fərqlənməsinə şərait yaratdı. Türkəsilli futbolçu ilk dəfə yığmada start heyətində oynamasına baxmayaraq, əla təsir bağışladı və Naqelsmannın seçimində yanılmadığını göstərdi. Kumanın fasilədə De Liqti əvəzləməsi diqqəti çəkdi.

Meydan sahibləri ikinci hissəyə də erkən qolla başladılar. Dyumfris komandasını məğlubiyyətdən xilas edən qolun müəllifi oldu. Qalan müddətdə bundestim qələbə qolunu vurmağa daha yaxın tərəf kimi görünürdü. Amma oyunda başqa qol olmadı. Qrupun Budapeştdə keçirilən digər oyununda isə qapılara qol vurulmadı. Macarıstan yığmasında bir qədər eniş müşayiət olunur. AÇ-də qrupdan çıxa bilməyən, ML-də isə ilk turda almanlardan 5 cavabsız top buraxan macarlar bu dəfə evdə Bosniya və Hersoqovinanın müqavimətini qıra bilmədilər.

A liqası, 3-cü qrup
Niderland – Almaniya 2:2 (1:2)

Niderland: Verbrüggen, Dyumfris, De Liqt (Van Heke, 46), Van Diyk, Ake (Y.Timber, 45), Shouten (K.Timber, 46), Qravenberx, Simons (Qeertruyda, 74), Reynders, Qakpo, Brobbi (Veqhorst, 82).
Almaniya: Ter Ştegen, Kimmix, Ta (Anton, 46), Şlotterbek, Raum, Andrix (Əmrə Can, 63), Qross (Pavloviç, 63), Virts, Haverts, Musiala (Fürix, 89), Dəniz Undav (Bayer, 63).
Qollar: Reynders, 2 (1:0). Dəniz Undav, 38 (1:1). Kimmix, 45+3 (1:2). Dyumfris, 50 (2:2).
Vərəqələr: Şlotterbek, 14. Ta, 24. Raum, 32. Virts, 86 – sarı.
Hakim: Davide Massa (İtaliya).
10 sentyabr. Amsterdam. 50109 tamaşaçı.

Macarıstan – Bosniya və Hersoqovina 0:0
Macarıstan: Dibuş, Bolla (Çobot, 75), Botka (Baloq, 82), Orban, Dardai, J.Nad (Kerkez, 82), Nikitşer, Şafer, Soboslai, Şallai, Varqa (Adam, 82).
Bosniya və Hersoqovina: Vasil, Qazibeqoviç, Barışiç, Katiç, Bıçakçiç, Dediç, Şariç (Qiqoviç, 60), Başiç (Huseynbaşiç, 60), Burniç (Tahiroviç, 46), Demiroviç (Bayraktareviç, 77), Ceko.
Vərəqələr: Barışiç, 21. Katiç, 40. J.Nad, 77 – sarı.
Hakim: Marko Quida (İtaliya).
10 sentyabr. Budapeşt. 46443 tamaşaçı.

1. Almaniya 2 1 1 0 7-2 4
2. Niderland 2 1 1 0 7-4 4
3. Bosniya və Hersoqovina 2 0 1 1 2-5 1
4. Macarıstan 2 0 1 1 0-5 1


11 oktyabr: Bosniya və Hersoqovina – Almaniya, Macarıstan – Niderland.

Faktlar
* Almaniya ilə Niderlandın 47-ci duelində 18-ci dəfə bərabərlik qeydə alındı. Bundestim qələbə sayında öndədi – 17:12.
* Dəniz Undav son 8 ildə Almaniyanın start heyətində meydana çıxdığı ilk oyunda hesabına həm qol, həm də məhsuldar ötürmə yazan ilk futbolçu oldu. Sonuncu dəfə bunu 2017-nin iyununda San Marino ilə oyunda Amin Yunes bacarmışdı.
* 99-cu saniyədə geri düşən Almaniya son 50 ildə ən erkən qolunu buraxdı! Maraqlıdı ki, bundestimə sonuncu dəfə bundan daha erkən qol vuran komanda məhz elə Niderland olmuşdu. DÇ-1974-ün finalında “narıncılar” artıq 86-cı saniyədə önə keçmişdilər.

Oyundan sonra
Ronald Kuman, Niderland yığmasının baş məşqçisi:
“Bir sıra təhlükəli əks-hücumlarımız oldu. Almaniyanın müdafiə xəttinə çətin anlar yaşatdıq. Ta bu gün almanların müdafiəsində ən zəif bənd kimi görünürdü. 6 dəfə qaydanı pozdu və sonda nəhayət, sarı vərəqə aldı. Akenin zədəsinin ciddi olduğunu düşünürəm. De Liqti nə üçün əvəzlədim? Əlbəttə, onu meydanda sona qədər saxlamaq istərdim. Amma o indi elə dönəmdən keçir ki, az qala hər səhvi qolla nəticələnir. Bu gün De Liqtə özünü göstərmək fürsəti verdim. Amma matçın gedişində onu sonrakı səhvlərdən qorumaq istədiyim üçün əvəzləməli oldum”.

Yulian Naqelsmann, Almaniya yığmasının baş məşqçisi:
“Oyun çox maraqlı alındı. Hücum xəttinin müdafiə xəttini üstələdiyi bir qarşılaşma izlədik. Buraxılan qola çox yaxşı reaksiya verdik və layiqli şəkildə hesabda önə keçdik. İkinci hissədə daha çox risk edirdik və hücumlarımız daha təhlükəli alınırdı. Sona yaxın 3-cü qolu vurmaq üçün şanslarımız olsa da, bundan yararlana bilmədik. Buna baxmayaraq, futbolçularımın özünəinamı və qələbəyə can atması xoşuma gəldi. DÇ-2026 ərəfəsində hər qarşılaşma önəmlidi. Hansı turnirdə oynamağımızın prinsipial əhəmiyyəti yoxdu. Hər oyunda meydana qələbə üçün çıxırıq”.