Meneceri Toralın “Bursaspor”dakı taleyinə aydınlıq gətirdi – onu nə gözləyir?

20.10.2026 20:10 333
Ölkə futbolu / Manşet
Xəbər verdiyimiz kimi, Toral Bayramov dünən “Bursaspor”un heyətində meydana çıxdı. Müdafiəçi komandasının Türkiyənin 1-ci liqasının 11-ci turunda evdə “Pendikspor”a qarşı matçının 77-ci dəqiqəsində şans qazandı.

Xatırladaq ki, Toral millinin düşərgəsindən qayıdandan sonra, dəqiqi, son iki turda əvvəldən sonadək ehtiyat oyunçular skamyasında əyləşmişdi. Bugünlərdə yayılan xəbərə görə, oyunçu bu durumdan narazı qaldığından qış “transfer pəncərəsi”ndə klubunu dəyişmək niyyətindədi. Hətta o, bu barədə menecerlərini də məlumatlandırıb.

Bu bilginin səhih olub-olmadığını, Toralın “Bursaspor”dakı taleyi ilə bağlı ətraflı məlumat öyrənmək məqsədilə meneceri Tural Əsgərliyə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Həmin menecer mən deyiləm. Gəlin hadisələri qabaqlamayaq. Toral azı qışa qədər “Bursaspor”da qalacaq. Komanda həmin vaxta qədər hələ daha 8-9 oyun keçirəcək. Toralın həmin matçlarda şans qazanıb-qazanmayacağı bəlli deyil. Proqnoz verməyə ehtiyac görmürəm. Biz başverənləri yalnız yanvarda dəyərləndirə bilərik. Onu deyim ki, nə mənə “Bursaspor”dan Toral haqda narazılıq edilib, nə də biz kluba hansısa irad bildirmişik. Bu istiqamətdə sakitlikdi”.

Xatırladaq ki, Toral bu ilin yayında Bursa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

KƏNAN BAHADIR