Macarıstan AÇ-2024-ün qrup mərhələsində almanlarla oyunda 2 cavabsız qolla uduzmuşdu. Ona görə də Marko Rossinin komandasının bu dəfə pərən-pərən düşəcəyini az adam proqnozlaşdırardı. Düsseldorfdaki oyuna damğa vuran isim “Bavariya”nın ulduzu Musiala oldu. O faktiki təkbaşına macarların müdafiəsini tar-mar etdi. İlk yarıda Füllkruqun fərqlənməsinə şərait yaradan 21 yaşlı futbolçu fasilədən sonra özü fərqi artırdı. Musiala sonrakı iki qolda da yaxından iştirak etdi. Bundestim son 3 ildə ilk dəfə 5 top fərqli qələbə qazandı. Amsterdamdakı oyun da təxminən eyni ssenari ilə keçdi. Qonaqlar yalnız ilk yarıda güclü rəqibə layiqincə müqavimət göstərməyi bacardılar.
İkinci hissədə isə səviyyə fərqi sözünü deməyə başladı. Macarıstandan fərqli Bosniya və Hersoqovina hər hissədə bir qol vura bildi. Amma darmadağından qurtula bilmədi. “Narıncılar”da ilk dəfə start heyətində meydana çıxan Zirkzee bir qol, bir məhsuldar ötürmə ilə diqqəti çəkdi. Bundan başqa, Yurrien və Kventin Timber 2003-cü ildən, yəni Frank və Ronald de Burdan bəri Niderlandın heyətində meydana çıxan ilk qardaşlar oldu. Yeri gəlmişkən, Niderland evdə ardıcıl 26-cı qarşılaşmada qol vurmaqla tarixinin ən yaxşı göstəricisini təkrarladı. Komandanın daha öncə belə seriyası 1953-61-ci illərdə olmuşdu.
A liqası, 3-cü qrup
1-ci tur
Almaniya – Macarıstan 5:0 (1:0)
Almaniya: Ter Ştegen, Kimmix, Ta, Şlotterbek (Kox, 69), Raum (Henrixs, 69), Andrix (Ştiller, 82), Qross (Pavloviç, 60), Virts, Haverts, Musiala, Füllkruq (Bayer, 60).
Macarıstan: Qulaçi, Neqo (Bolla, 46), Baloq, Orban, Dardai, Kerkez (J.Nad, 66), A.Nad (Nikitşer, 82), Şafer, Soboslai, Şallai (Çobot, 75), Varqa (Adam, 66).
Qollar: Füllkruq, 27 (1:0). Musiala, 58 (2:0). Virts, 66 (3:0). Pavloviç, 77 (4:0). Haverts, 81-p. (5:0).
Vərəqə: Neqo, 9 – sarı.
Hakim: Kleman Tyurpen (Fransa).
7 sentyabr. Düsseldorf. 49235 tamaşaçı.
Niderland – Bosniya və Hersoqovina 5:2 (2:1)
Niderland: Verbrüggen, Dyumfris (Qeertruyda, 66), De Liqt, Van Diyk, Ake (Y.Timber, 66), Shouten (K.Timber, 83), Qravenberx, Simons, Reynders, Qakpo (Malen, 66), Zirkzee (Veqhorst, 74).
Bosniya və Hersoqovina: Vasil, Qazibeqoviç, Barışiç, Katiç, Muyakiç (Burniç, 68), Dediç, Tahiroviç (Kruniç, 46), Huseynbaşiç (Bayraktareviç, 68), Qiqoviç (Şariç, 68), Demiroviç (Tabakoviç, 83), Ceko.
Qollar: Zirkzee, 13 (1:0). Demiroviç, 17 (1:1). Reynders, 45+2 (2:1). Qakpo, 56 (3:1). Ceko, 73 (3:2). Veqhorst, 88 (4:2). Simons, 90+2 (5:2).
Vərəqələr: Demiroviç, 76. Qazibeqoviç, 86 – sarı.
Hakim: Donatas Rumşas (Litva).
7 sentyabr. Eyndhoven. 35000 tamaşaçı.
10 sentyabr: Niderland – Almaniya, Macarıstan – Bosnia və Hersoqovina.
Faktlar
* Almaniya Naqelsmannın başçılığı altında 14-cü oyunda 8-ci qələbəsini qazandı (3 heç-heçə, 3 məğlubiyyət).
* Füllkruq yığmada 22-ci oyunda 14-cü qolunu vurdu.
* Musiala 21 yaş 194 günlüyündə ML tarixində bir oyunda 4 qolun vurulmasında yaxından iştirak edən (1 qol, 3 məhsuldar ötürmə) ən gənc futbolçu oldu. Maraqlıdı ki, buna qədər onun yığmanın heyətində 1-dən artıq qolda yaxından iştirak etdiyi oyun olmamışdı.
* Almaniyanın ML-də vurduğu son 6 qolun hamısının müəllifi premyer-liqada oynayan futbolçulardı: Verner (2), Haverts (2), Gündoğan, Füllkruq.
Oyundan sonra
Yulian Naqelsmann, Almaniya yığmasının baş məşqçisi:
“Oyunun əvvəllərində diqqətli deyildik. Ötürmələrdə səhvlərə yol verirdik. Amma ilk yarının ortalarından etibarən tam üstünlüyə yiyələndik. Oyuna əla nəzarət etdik və çoxlu qol fürsəti yaxaladıq. Fasiləyə qədər daha çox top vura bilərdik. Bu məqamın üzərində işləməliyik. Çünki bəzi matçlarda intriqanı artıq ilk yarıda öldürmək fürsətimiz olur. Komanda indi çox yaxşı durumdadı. Amma təbii ki, bununla kifayətlənməməli və üzərimizdə çalışmaqda davam etməliyik. ”
Marko Rossi, Macarıstan yığmasının baş məşqçisi:
“0:5 hesablı məğlubiyyətdən sonra geniş danışmağa ehtiyac olmur. AÇ-də almanlara 2 cavabsız topla uduzmuşduq. Bu dəfə daha effektli oynamaq istədik. Amma onlara geniş zonalar verdik. İlk yarıda səhvlərimiz çox oldu. 2-ci buraxılan qoldan sonra sanki Macarıstan meydandan yox oldu. Tam həvəsdən düşdük və bərbad oynadıq. Bu nəticəyə və zəif oyuna izah tapmaq çətindi”.
Ronald Kuman, Niderland yığmasının baş məşqçisi:
“Top bizdə olarkən ondan səmərəli şəkildə istifadə etdik. Topa nəzarətimizi bəyəndim. Xətlərarası əlaqə yaxşı səviyyədə idi və ən əsası saysız-hesabsız qol vəziyyəti yaratdıq. Əslində daha çox qol vura bilərdik. Amma komandası 5 top vuran baş məşqçinin narazılıq etməyə haqqı yoxdu”.






