"Qəbələ" 1-ci liqada yeni mövsümə heç-heçə ilə başladı, “doğma divarlar" arasında "Zaqatala"nın öhdəsindən gələ bilmədi - 0:0.
Gözlənilməz nəticə ilə bağlı "qırmızı-qaralar"ın futbolçusu Asif Məmmədovun fikirlərini öyrəndik. Onun "Football-plus.az"a söylədikləri:
"İlk oyunlar həmişə həyəcanlı və çətin olur. Heyətimiz yenilənib. Əslində birinci matçda belə nəticə yaxşı oldu. Ona görə ki, yeni gələnlər çempionatın asan keçəcəyini düşünməməli, arxayın olmamalıdılar. Bundan nəticə çıxarıb növbəti matçlara daha məsuliyyətli hazırlaşacağıq. Şükür, komandada hər şey yaxşıdı".
Asif bir neçə klubun çempionluğa iddialı olmasını belə dəyərləndirdi:
"Bizi ağır mövsüm gözləyir. Bunu yaxşı dərk edirik. Amma bütün çətinliklərə hazırıq. Hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Qəbələ" 2-ci turda, sentyabrın 19-da "Qaradağ Lökbatan"ın qonağı olacaq.
KƏNAN BAHADIR