“Qol buraxandan sonra həvəsdən düşdük” – Rüfət Abbasov

11.09.2024 13:51 294
Aktual / Ölkə futbolu
Sentyabrın 10-da U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində evdə Serbiyaya məğlub oldu – 0:2.

Yığma üzvü Rüfət Abbasov oyundan sonra “Football-plus.az”ın suallarını cavabladı.

- Oyun necə keçdi, məğlubiyyətə nə səbəb oldu?
- Oyuna yaxşı başlamışdıq. 3 xal qazanmaq istəyirdik. Qol vəziyyətləri yaratmağı bacardıq, lakin bunlardan yararlana bilmədik. Məncə, biz daha üstün oynadıq. Fərdi səhvlər nəticəsində məğlub olduq. Xal qazanmaq istəyirdik, heyif ki, məğlub olduq.

- Samir Əliyev dedi ki, premyer-liqa oyunlarında ən çox meydanda olan Rüfət Abbasovdu. Sən bu gün millidəki performansından razı qaldın?
- Əlimizdən gələni etməyə çalışdıq. Milli üçün can qoyuruq. İstəyirik ki, bacardığımızı edək. Yalnız qələbə istəyirdik.

- Ötən matçda da Lüksemburqa məğlub olmuşduz. Həmin nəticənin bugünkü oyuna psixoloji təsiri oldu?
- Məğlub olanda istər-istəməz bunu düşünürsən. Çalışdıq ki, ötən oyunu yaddan çıxardaq, bu oyuna köklənək. Matçdan öncə Lüksemburqa yenilgini yaddan çıxarıb, bu görüşə köklənmişdik.

- Real qol imkanı yaxaladın. Fərqlənməyinə nə mane oldu?
- Qola çox yaxın idim. Lakin şansım gətirmədi. Sonda top qapıçıya toxundu və fərqlənə bilmədim.

- Millimiz matça yaxşı başlamışdı. Amma 20-ci dəqiqədən sonra sanki oyun planı pozuldu. Sona qədər belə oynamağa gücümüz çatmadı, yoxsa rəqib imkan vermədi?
- Qol buraxandan sonra həvəsdən düşdük. Buna baxmayaraq, hücumları davam etdirdik. Hətta ikinci hissədə penalti də qazandıq, lakin bundan da istifadə edə bilmədik.

RÖYANƏ OĞUZ