Argentina çempionatında keçirilən 11-ci turun oyunlarından sonra liderlər qrupunda vəziyyət dəyişmədi.
Səbəb tura turnir cədvəlinin ilk 4 pilləsində başlayan bütün komandaların qələbə qazanması ilə bağlı oldu. Nəticədə “Atletiko Urakan” liderliyi, “Union” isə 2-ci yerdəki mövqeyini qorudu.
Liderin evdə tura 8-ci yerdə başlayan “Belqrano”ya qarşı oyunu heç də asan keçmədi. Qonaq komanda oyun ərzində arxa xətdə kifayət qədər yaxşı təsir bağışladı. “Atletiko Urakan” hər necə olsa fasiləyə az qalmış hesabı açdı: çilili yarımmüdafiəçi Alarkon 36-cı dəqiqədə qurulan hücumu dəqiq tamamladı. İlk hissəni minimal üstünlüklə başa vuran meydan sahiblərinin fasilədən sonra fərqi artırmaq istəyi aydın görünürdü. Lakin onların planına Anxel Benites böyük ölçüdə mane oldu: 30 yaşlı müdafiəçinin 75-ci dəqiqədə ikinci xəbərdarlığa görə ev sahiblərini meydanda on nəfərlə qoyması qonaqların qismən fəallaşmasına şərait yaratdı. Buna baxmayaraq, məğlubiyyətsiz seriyasını davam etdirən Frank Kudelkanın komandası qələbə hesabını qorumaqla liderliyini qorudu.
“Atletiko Urakan”ın əsas izləyicisi olan və liderdən bir xal geri qalan “Union” da büdrəmədi. “Arxentinos Xuniors” ilə ev oyunu Kristian Qonsalesin komandası üçün elə də çətin keçmədi. Rivero ilə Balboanın ilk hissədə vurduğu qollar santa felilərn fasilədən sonra daha rahat oynamasını təmin etdi. Orsininin penalti ilə vurduğu 3-cü cavabsız qol isə “Union”un inamlı qələbəsini təmin etdi. Ardıcıl iki heç-heçədən sonra qalib gələn “ağ-qırmızılar” əvvəlki kimi liderdən bir xal geridədilər.
Tura 3-cü yerlərdə başlayan “Atletiko Tukuman” evdə “Estudiantes”in qapısından iki cavabsız top keçirməklə mövqeyini qorudu. Fakundo Savanın komandasının çempionatda ardıcıl 5-ci qələbəsini qazandığını qeyd edək. 4-5-ci yerləri bölüşən “Veles Sarsfild” ilə “İnstituto” arasındakı matçı gözləməyə dəyərdi. Paytaxtdakı oyunun nəticəsini 33 yaşlı hücumçu Brayan Romeronun penalti ilə vurduğu yeganə qol müəyyən etdi. “Veles” qalib gəlməklə 4-cü yerdə qaldı, “İnstituto” isə 7-ci yerə düşdü. Ona görə ki, “Rasinq” ilə “Talyeres de Kordoba” turu maksimum nəticə ilə başa vurmaqla uyğun olaraq 5-6-cı yerlərə yüksəldilər.
Xəbər verdiyimiz kimi, mövsümə zəif başlayan “River Pleyt”də baş məşqçi dəyişikliyi olub: Argentinanın son çempionunu tərk edən Martin Demiçelisin yerinə Marselo Qalyardo təyinat alıb. “Milyonçular”ı 2014-22-ci illərdə çalışdıran 48 yaşlı mütəxəssisin köhnə-yeni komandasındakı ikinci debütü 10-cu turda çempionatın lideri ilə matça təsadüf etmişdi. “Atletiko Urakan” ilə evdə heç-heçəyə (1:1) nail olan “River” yenə qələbə qazana bilmədi. Ardıcıl üçüncü “sülh” çempionun 9-cu yerdə qalmasını qaçılmaz etdi.
Ölkənin digər nəhənginin vəziyyəti çempionunkundan fərqlənmir. “Boka Xuniors” ardıcıl iki heç-heçədən sonra evdə mövsümü zəif keçirən “San Lorenso”ya 3:2 hesabı ilə qalib gəldi. Dieqo Martinesin komandası bu qələbə ilə 15-ci yerdən 8-ə yüksəldi.
11-ci tur
Atletiko Urakan - Belqrano 1:0
Alarkon, 36.
Union - Arxentinos Xuniors 3:0
Rivero, 25. Balboa, 32. Orsini, 66-p.
Atletiko Tukuman - Estudiantes 2:0
Koronel, 57-p. Estiqarribia, 66.
Veles Sarsfild - İnstituto 1:0
B.Romero, 15-p.
Nyuellz Old Boyz - Rasinq 0:1
R.Martines, 30.
Talyeres de Kordoba - İndependyente Rivadaviya 2:1
Bartissiotto, 75. X.Rodriges, 90+5 – Rios, 45+1.
Ximnasiya - River Pleyt 1:1
Kastilyo, 83 – İ.Fernandes, 55.
Boka Xuniors - San Lorenso 3:2
M.Ximenes, 50. Saraççi, 54. Merentyel, 90 – Vomberqar, 20-p. Legisamon, 90+6-p.
Platense - Barrakas Sentral 0:0
Sarmyento - Tiqre 0:0
Lanus - Sentral Kordoba 1:1
A.Rodriges, 35 – Varaldo, 85-p.
İndependyente - Rosario Sentral 1:0
Lomonako, 17.
Qodoy Krus - Deportivo Riestra 4:1
S.Rodriges, 7. Barrea, 10; 45+1. Altamira, 66 – B.Sançes, 84.
Defensa y Xustisiya - Banfild 1:0
M.Sosa, 53.
1. Atletiko Urakan 11 6 5 0 12-4 23
2. Union 11 6 4 1 13-5 22
3. Atletiko Tukuman 11 6 4 1 13-7 22
4. Veles Sarsfild 11 6 3 2 17-8 21
5. Rasinq 11 6 2 3 18-9 20
6. Talyeres de Kordoba 11 5 5 1 17-12 20
7. İnstituto 11 5 3 3 13-8 18
8. Boka Xuniors 11 4 5 2 15-10 17
9. River Pleyt 11 4 4 3 15-10 16
10. Lanus 11 4 4 3 16-17 16
11. Belqrano 11 4 4 3 14-15 16
12. Estudiantes 11 4 3 4 13-11 15
13. Rosario Sentral 11 4 3 4 13-11 15
14. Qodoy Krus (-3) 10 4 3 3 11-9 15
15. İndependyente Rivadaviya 11 4 3 4 8-7 15
16. Deportivo Riestra 11 5 0 6 12-14 15
17. Ximnasiya 11 4 2 5 13-13 14
18. İndependyente 11 3 5 3 8-9 14
19. Sarmyento 11 3 4 4 8-9 13
20. Arxentinos Xuniors 11 4 1 6 8-15 13
21. Platense 11 3 3 5 8-11 12
22. Nyuellz Old Boyz 11 3 2 6 6-12 11
23. Banfild 11 2 4 5 9-15 10
24. Tiqre 11 2 4 5 10-17 10
25. Barrakas Sentral 11 1 5 5 5-12 8
26. Defensa y Xustisiya 11 1 5 5 8-17 8
27. San Lorenso 10 1 4 5 7-11 7
28. Sentral Kordoba 11 1 2 8 10-22 5
Bombardirlər: Akino (Veles Sarsfild), Bartissiotto (Talyeres de Kordoba), Borxa (River Pleyt), M.Ximenes (Boka Xuniors) - 6, Merentyel (Boka Xuniors), Pussetto (Atletiko Urakan), S.Rodriges (İnstituto), Xara (Belqrano) - 5.