Belə ki, komanda 1-ci turda "Sabah"ın, 3-cü turda "Qarabağ"ın, 4-cü turda isə "Zirə"nin avrokuboklarda uğurlu çıxışı üçün əlini daşın altına qoydu. Daha doğrusu, "bayquşlar" və "qartallar" ilə keçiriləcək matçların yeri dəyişdisə, "köhlən atlar"la oyun təxirə salındı.
Düzdü, avrokuboklardakı təmsilçilərimizin həlledici sınaqlara gedən yolunun "Şamaxı"dan keçməsi taleyin ironiyasıdı. Lakin reallıqdan da qaçmaq olmur. Ona görə ki, "şirlər" yenidən qurulub. Belədə komandaya sərf edən məqam oyunların keçirilməsi, üstəlik evdə baş tutmasıydı. Bölgə təmsilçisi fürsətlərdən məhrum oldu. Bəli, onlar yoxlama oyununda meydana çıxdı, amma bunun premyer-liqa matçı qədər effektli olmadığını bilirik.
Bəs sadalananlar nəticələrə, yeni transferlərin uyğunlaşmasına və performansına necə təsir edəcək?
"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Football-plus.az"ın suallarını cavabladı:
"Əslində doğru mövzuya toxunursuz. Cavablar məhz suallarda gizlənir. Amma daha vacib məqam var. Yeri dəyişdirilən və təxirə salınan oyunlar beynəlxalq səviyyəlidi. Komandalarımız avrokuboklarda ölkəmizi təmsil edir və reytinq xallarımızın çoxalması üçün çalışır. Bu, digər məsələlərdən daha üstündü. Belədə onlara yardım etmək lazımdı. "Qarabağ" və "Zirə"yə pley-off oyunlarında uğurlar arzulayıram. Bizə gəlincə, qarşıda uzun mövsüm var. Çalışacağıq ki, azarkeşlərimizi məyus etməyək".
KƏNAN BAHADIR





