İngiltərə çempionatının startına qısa müddət qalmış ''Mançester Siti'' şok zədə xəbəri ilə sarsılıb.
Belə ki, komandanın yeni gənc ulduzlarından olan Oskar Bobb ağır zədə alıb. ''Siti''nin öz yetirməsi olan və artıq Norveç yığmasında da debüt edən 21 yaşlı vingerin bu mövsüm daha çox şans qazanacağı gözlənilirdi. Xüsusilə mövsümün əvvəlində - əsas ulduzlar hələ formada olmadığı dönəmdə bu futbolçunun start heyətində meydana çıxacağı güman edilirdi. Elə ''Mançester Yunayted''ə qarşı ötən həftə baş tutan superkubok oyununda da Bobb əsas heyətdə meydana çıxmış və son anlarda Bernardo Silvanın qolunda aktivinə məhsuldar ötürmə yazmışdı. Amma son məşqlərin birində onun ayağı sınıb!
Özü də İngiltərə mətbuatının yazdığına görə Bobb bu şanssızlığı topsuz epizodda yaşayıb. İstedadlı vinger artıq ətraflı tibbi müayinədən keçmək və mütəxəssislərlə məsləhətləşmək üçün Barselonaya yollanıb. Ötən mövsüm bütün turnirlərdə 26 oyunda forma geyən Bobbun ''Siti'' ilə 2029-cu ilə qədər müqaviləsi var.
ƏLİ