“Bavariya” və “Yunayted”in yeni transferləri zədələndi

31.07.2024 19:54 332
Dünya futbolu
“Mançester Yunayted” və “Bavariya” fanatları yeni mövsüm ərəfəsində acı xəbər alıb.

“Football-plus.az” xəbər verir ki, hər iki nəhəng klubda yeni transferlər zədələnib. ABŞ-da turnedə olan “Yunayted” son yoxlama oyununda prinsipial rəqibi “Arsenal”a 1:2 hesabıyla uduzub. Həmin qarşılaşmada start heyətində meydana çıxan yeni transfer Leni Yoro zədələndiyi üçün 35-ci dəqiqədə əvəzlənib. Tibbi müayinənin nəticələri hələ rəsmi şəkildə ictimaiyyətə açıqlanmayıb. Amma şayiələrə inansaq, zədə ciddidi. “Tayms” nəşrinin yazdığına görə, baş məşqçi Erik ten Haq gənc oyunçunun durumuna görə çox narahatdı. Ən pis proqnozlara görə 18 yaşlı futbolçu mövsümün əvvəlini buraxmalı olacaq. İstedadlı fransalı mərkəz müdafiəçisi iyulun 19-da 62 milyon avro qarşılığında “Lill”dən “Yunayted”ə transfer olunmuşdu. Bu futbolçu PSJ ilə “Real”ın da hədəfində idi. Amma bu klublar təcrübəsiz oyunçuya görə bu boyda məbləğ ödəmək istəmədilər.

“Bavariya” bazar günü Almaniyanın 4-cü divizion təmsilçisi “Düren” ilə qarşılaşdı. Oyun hər baxımdan Münhen nəhəngi üçün uğursuz alındı. Vensan Komaninin komandası zəif rəqiblə görüşdə 1:1-lik bərabərliklə kifayətləndi. Düzdü, “rekordmayster” əsas heyətlə oynamadı. Ən əsası “Bavariya” yeni transfer Hiroki İtonu uzun müddətə itirdi. Yaponiyalı müdafiəçi artıq 18-ci dəqiqədə zədələnərək meydanı tərk etməli oldu. Tibbi müayinədən sonra isə onun ayağında sınıq aşkarlandı. Bu faktı münhenlilərin idman direktoru Maks Eberl də təsiqlədi:
“Təəssüf ki, İtonun ayağı sınıb. Uzun müddət bizimlə birlikdə olmayacaq”.


Qeyd edək ki, Yaponiya yığmasının da üzvü olan 25 yaşlı mərkəz müdafiəçisi ötən ay “Ştutqart”dan transfer edilmiş və onunla 2028-ə qədər müqavilə imzalanmışdı. Bu keçid “Bavariya”ya 23,5 milyon avroya başa gəlmişdi. “Cubilo İvata”nın yetirməsi olan və karyerasına bu klubda start verən İto 2021-dən “Ştutqart”ın şərəfini qoruyurdu. Solaxay futbolçu ötən mövsümdə şvabiyalıların heyətində 29 rəsmi oyunda iştirak edib.