“Zenit” və Qluşenkov mövsümün əvvəlində qarşısıalınmazdı - TURUN ŞƏRHİ

11.08.2024 14:16 340
Dünya futbolu
Premyer-liqada hesabat turu maraqlı oyunlara və faktlara səhnə oldu.

Favoritlərin inamlı qələbələr qazanması diqqəti çəkdi. Əsas sürpriz Kazanda qeydə alındı. Debütant “Ximki” “Rubin”lə səfər oyununda iki dəfə hesabda geri düşməsinə baxmayaraq, əzmkar qələbə qazandı.
“Krasnodar” heç-heçə xəstəliyindən qurtula bilmir. Murad Musayevin komandası bu dəfə səfərdə “Fakel”lə qolsuz bərabərliyə razı oldu. Bu, “öküzlər”in elitada 14-cü mövsümüdü. Komanda ilk dəfə mövsümün ilk 3 turunda qələbəyə həsrət qaldı. 3 tura 1 qol vurmaqla “Krasnodar” 2015/16-da müəyyənləşdirdiyi antirekordu təkrarladı. Debütant Mahaçqala “Dinamo”sunu səfərdə yenən “Nujni Novqorod” premyer-liqada 12 oyunluq qələbəsiz seriyaya son qoydu.

Bu tur mərkəz müdafiəçiləri də məhsuldar oyun göstərdi. Bu mövsüm qızıl medallar uğrunda mübarizədə “Zenit”ə rəqib olacağı gözlənilən ÇSKA “Orenburq”u 5 qola darmadağın etdi. Mərkəz müdafiəçisi Diveyev premyer-liqada ilk dəfə dubl edərək bu mövsüm vurduğu qolların sayını 3-ə çatdırdı. Maraqlıdı ki, bombardirlər cədvəlində ondan çox qol vuran cəmi bir futbolçu var. “Lokomotiv”in səfərdə “Axmat”ı darmadağın etdiyi oyunda isə Nyamsi ön plana çıxdı. 27 yaşlı fransalı futbolçu XXI əsrdə “Loko”nun heyətində premyer-liqada dubl edən 3-cü mərkəz müdafiəçisi oldu. Daha öncə bunu Manuel da Koşta (2011) və Vedran Çorluka (2014) bacarmışdı. Amma Qroznıdakı matç daha çox Aleksey Batrakovun benefisinə çevrildi. O 19 yaş 56 günlüyündə oyunu 1 qol, 3 məhsuldar ötürmə ilə başa vuraraq XXI əsrdə premyer-liqada bir oyunda 4 qolun vurulmasında yaxından iştirak edən ən gənc futbolçu oldu! Bu mövsüm “Loko”nun heyətində artıq 20 yaşa çatmayan 3 futbolçu (Batrakov, Rakov, Pinyaev) qol vurmağı bacarıb.

Moskva “Dinamo”su ilə “Zenit” hələ ki yoluna itkisiz davam edir. Debütant “Akron” üzərində inamlı qələbə qazanan “Dinamo” tarixində 5-ci dəfə ilk 3 turu xal itirmədən tamamladı. Daha öncə bu hal 1995, 1999, 2003 və 2021/22-də baş vermişdi. “Zenit” və yeni transfer Qluşenkov isə mövsümün əvvəlini, sadəcə, inanılmaz keçirir. Sergey Semakın kollektivi hər tur ən azı 4 qol vurmaq ənənəsini iddialı “Rostov”la görüşdə də davam etdirdi. Özü də bu dəfə komanda 4 qolu ilk 35 dəqiqəyə sığışdıraraq sonda 5:0-ləq qələbə qazandı. “Zenit” müstəqil Rusiya çempionatı tarixində ilk 3 turun hamısında ən azı 4 top fərqi ilə qalib gələn ilk komandadı! Daha öncə yalnız bir komanda ilk 3 turda 13-dən daha çox qol vurmuşdu. Bunu 2014/15-də “Zenit” özü bacarmışdı (14). Het-trik edərək bombardirlər yarışındakı liderliyini möhkəmləndirən Qluşenkov isə XXI əsrdə piterlilərin heyətində ilk 3 premyer-liqa matçının hər birində fərqlənməyi bacaran ilk futbolçu oldu. Superkuboku da nəzərə alsaq, ilk 4 rəsmi oyunda onun hesabında artıq 8 (!) qol var.

3-cü tur
Zenit – Rostov 5:0

Pedro, 19. Qluşenkov, 25; 35; 68. Kassyerra, 32.
Zenit: Latışonok, Karavayev, Yerakoviç, Nino, Santos, Barrios, Vendel (Mantuan, 83), Qluşenkov (Artur, 75), Klaudinyo (Qorşkov, 46), Pedro (İzidor, 62), Kassyerra (Mostovoy, 62).

Akron – Dinamo Mos. 0:2
Tyukavin, 9. Qladışev, 57.
Dinamo: Lunyov, Dasa, Maystoroviç, Lepski (Kutitski, 84), Skopintsev, Çaves (Laksalt, 62), Fomin, Bitello, Qladışev (Karraskal, 75), Nqamaleu, Tyukavin.

ÇSKA – Orenburq 5:1
Musayev, 23. Diveyev, 30; 59. Oblyakov, 39. Kellven, 71 – Rıbçinski, 31.
ÇSKA: Akinfeyev, Kellven, Diveyev, Roşa, Moyzes (Lukin, 79), Kruqovoy (Qayiç, 79), Zdelar, Oblyakov (Qlebov, 87), Jemaletdinov (Bistroviç, 67), Fayzullayev (Koyta, 67), Musayev.

Axmat – Lokomotiv 0:5
Vorobyov, 7-p. Nyamsi, 17; 36. Rakov, 79. Batrakov, 90+1.
Lokomotiv: Lantratov, Nenaxov (Tiknizyan, 46), Nyamsi, Fasson (Morozov, 84), Silyanov, Barinov, Karpukas (Mitay, 80), Samoşnikov, Pinyaev (Rakov, 59), Batrakov, Vorobyov (Süleymanov, 59),

Spartak – Krılya Sovetov 3:0
Uaalde, 29, 56. Prutsev, 40.

Fakel – Krasnodar 0:0
Krasnodar: Aqkatsev, Petrov, Kosta, Tormena, Olasa, Çernikov (Pina, 58), Kastanyo (Krivtsov, 68), Kozlov (Batçi, 58), Spertsyan (Olusequn, 84), Sa, Kordoba (Kobnan, 68).

Rubin – Ximki 2:3
Daku, 45+1-p. Yukiç, 65 – Xosonov, 50. Farinya, 67. Vera, 85-p.

Dinamo Mah. – Nijni Novqorod 0:1
Kalinski, 82-p.

1. Zenit 3 3 0 0 13-0 9
2. Dinamo Mos. 3 3 0 0 8-2 9
3. ÇSKA 3 2 1 0 8-1 7
4. Lokomotiv 3 2 0 1 9-5 6
5. Spartak 3 2 0 1 6-3 6
6. Orenburq 3 1 1 1 3-5 4
7. Rostov 3 1 1 1 3-6 4
8. Rubin 3 1 0 2 6-9 3
9. 10. Akron 3 1 0 2 4-5 3
11. Nijni Novqorod 3 1 0 2 3-7 3
12. Krasnodar 3 0 3 0 1-1 3
13. Dinamo Mah. 3 0 2 1 1-2 2
14. Axmat 3 0 2 1 1-6 2
15. Fakel 3 0 1 2 1-5 1
16. Krılya Sovetov 3 0 0 3 1-10 0

Bombardir: Qluşenkov (Zenit) – 6.
Növbəti turun oyunları avqustun 9-11-i aralığında keçiriləcək: Nijni Novqorod – Ximki, Rostov – Rubin, Lokomotiv – Dinamo Mah., Orenburq – Akron, Zenit – Dinamo Mos., Krasnodar – ÇSKA, Krılya Sovetov – Fakel, Spartak – Axmat.

***
Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:
“Həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışladıq. Əlimizə düşən fürsətlərdən gözəl yararlandıq. “Rostov” hesabda geri düşəndən sonra hücuma çıxmağa çalışırdı. Ümumiyyətlə, futbolda hesabı açan komandanın həmişə özünəinamı artır. Mövsümə yaxşı başlasaq da, üzərində işləməli olduğumuz məqamlar var. Hər oyunun öz ssenarisi olur. Qluşenkovun belə məhsuldarlığı bizim üçün xoş sürprizdi. Amma o, həm də əsl komanda oyunçusudu. Komandanın maraqları onun üçün ön plandadı. Bizim üçün hansı futbolçunun qol vuracağının prinsipial əhəmiyyəti yoxdu”.

Marko Nikoliç, ÇSKA-nın baş məşqçisi:
“Bu mövsüm ilk dəfə fanatlarımız önündə oynadıq. İlk ev matçında 3 xal qazanmaq çox vacib idi. Ümumilikdə mövsümə pis başlamamışıq. 3 tura 7 xal yaxşı göstəricidi. Həm də cəmi 1 qol buraxmışıq. Bu inamlı qələbə bizi sevindirdi. Amma əsas mübarizə hələ irəlidədi. Növbəti tur bizi çətin Krasnodar səfəri gözləyir. Orda da xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rusiya çempionatının səviyyəsi ilbəil artır. Xüsusilə yerli oyunçular yavaş-yavaş artırır. Amma legionerlərin səviyyəsi əvvəlki illərlə müqayisədə bir qədər aşağı düşüb. ÇSKA-nın bu mövsüm üçün hədəfi nədi? ÇSKA qarşısına həmişə ən yüksək hədəflər qoyur”.