''Qalatasaray''ın ulduzu gələcəyi və ''Boka Xuniors''a transferi haqda nələr dedi?
Dünya futbolu
''Qalatasaray''ın ulduzu Lukas Torreyra İstanbul nəhəngində yaşadıqları və gələcəyi haqda yeni açıqlamalar verib. Yayboyu uruqvaylı yarımmüdafiəçinin ''Cim-Bom''dan ayrılacağı haqda çox söz-söhbətlər dolaşsa da, o, sonda komandada qaldı. Təcrübəli futbolçu daha öncə bir neçə dəfə ''Boka Xuniors''da oynamaq arzusunu dilə gətirmişdi. Torreyra müqaviləsinin sonuna qədər ''Qalatasaray''a sadiq qalmaq və daha sonra Buenos Ayres nəhənginə yollanmağı planlaşdırır. 2022-dən bu yana ''sarı-qırmızılar''la 4 çempionluq qazanan, 189 rəsmi oyunda aktivinə 12 qol, 20 məhsuldar ötürmə yazan və 2028-ə qədər müqaviləsi olan Torreyra bunları deyib: ''Düzünü desəm, Türkiyədə bir müddət öncə çətin anlarım oldu. Ancaq ''Qalatasaray'' mənə dəstək verdi və özümü daha rahat hiss etməyimə şərait yaratdı. Komanda ilə birlikdə yüksək performans sərgiləyirik. Orda hər kəsə minnətdaram. ''Qalatasaray''da çox önəmli bir dönəmdən keçirik və geydiyim formaya hörmətlə yanaşmaq məcburiyyətindəyəm. Əsas hədəfim müqaviləmi tamamlamaqdı. ''Boka Xuniors''da oynamaq istəyim isə gələcəklə bağlı olan bir şeydi. ''Boka''nın stadionu ''La Bombanera''da oynamaq mənim üçün əvəzsiz bir təcrübə olacaq. ''Qalatasaray''a və bu klubun fanatlarına minnətdaram. Çünki bu gün yenidən Uruqvay yığmasına çağırılıramsa, bu, onların sayəsində mümkün olub. Onları sevirəm. Okan Buruk bütün bu müddət ərzində mənim üçün çox önəmli bir simaya çevrildi. O da, ''Qalatasaray'' da hər cür hörmətə layiqdi''.





