Heç bir dərdə yaramayan “dərman” - Nəriman...

9.11.2026 22:52 27
Ölkə futbolu / Manşet
Onu indi heç yerdə arzulamırlar. Qəribə və acınacaqlı durumdu. Çempionlar Liqasının ötən mövsümündə liqa mərhələsində çıxış edən hücumçu indi heç kimə lazım deyil. Bu ilin fevralında Azərbaycanı tərk edərək ABŞ-nin “Kolambus Kryu” klubuna keçən, ordan isə Türkiyəyə icarəyə göndərilən 22 yaşlı Nəriman Axundzadə hələ ki heç bir komandada özünü doğrultmayıb. Ötən beynəlxalq fasilədə U-21 yığmasına dəvət alan Nəriman bu dəfə yaş həddini keçdiyinə görə çağrılmayıb. Heç əsas yığmaya da cəlb olunmayıb.

“Kolumbus Kryu”da MLS-də cəmi 7, “Ərzurumspor”da isə daha az - superliqada 3 oyunda forma şansı tapdı. Fərqlənə də bilmədi…

Türkiyədəki mənzərə daha düşündürücüdü. Axundzadə superliqada cəmi 3 oyuna çıxıb, start heyətində yer almayıb və 55 dəqiqə meydanda olub. Sonuncu dəfə avqustun 28-də “Gənclərbirliyi” ilə görüşdə şans qazanıb. Noyabrın 8-də - “Çaykur Rizəspor”la matçda da ehtiyat oyunçular skamyasında qalıb. Yəni Nərimanın Türkiyədəki son 9 oyunda meydana çıxa bilməməsi durumun vahiməsini göstərir.

Nəriman “Qarabağ”da tam uğursuz futbolçu təsiri bağışlamırdı. Əksinə, Ağdam klubunda 127 oyuna çıxmış, 35 qol vurmuş və 17 məhsuldar ötürmə vermişdi. 2025/26 mövsümündə də Çempionlar Liqasının əsas mərhələsində 6 matçda iştirak edərək bir məhsuldar ötürmə ilə yadda qalmışdı. Təsnifat mərhələsində isə 6 dəfə start heyətində yer alaraq 2 qol və 2 assist müəllifi olmuşdu. Həmin göstəricilər onun Avropada özünü sınamaq üçün kifayət qədər potensiala malik olduğunu göstərirdi. ABŞ təmsilçisinə transferdən sonra gözlənilən inkişaf baş vermədi. “Kolumbus Kryu” onun üçün uzunmüddətli müqavilə nəzərdə tutsa da, cəmi yarım mövsüm sonra icarəyə göndərilməsinə qərar verdi. Türkiyədə isə vəziyyət daha da mürəkkəbləşdi.

Maraqlıdı ki, futbolçu özü vəziyyətə o qədər də bədbin yanaşmır. Bir neçə gün əvvəl verdiyi açıqlamada “Ərzurumspor”da qalmaq istədiyini, zamanla daha çox şans qazanacağına inandığını bildirib, məşqçilərin onunla müntəzəm maraqlandığını da vurğulayıb.

Artıq mövsümün bir neçə ayı geridə qalıb, Nəriman isə Türkiyə superliqasında cəmi 55 dəqiqə oynayıb. Belə davam edəcəyi təqdirdə onun inkişafı əsla mümkün olmayacaq.

Axundzadənin karyerasında ciddi və kəskin dönüşə ehtiyac var. 22 yaş nədi ki?! Ancaq perspektivli sayılmaqla perspektivi reallaşdırmaq arasında böyük fərq var.

Bir sözlə, Nəriman hələlik nə Amerikada, nə Türkiyədə, nə də ümumilikdə futbolda özünə yer tapa bilib. “Qarabağ”dan böyük ümidlərlə ayrılan hücumçu indi həmin ümidləri doğrultmaq üçün yenidən qollarını çırmalamalıdı. Yoxsa son çox yaxın görünür…

İSRAYIL XEYRULLAYEV