Murad və Mahir hələ də düşərgəyə qoşulmayıb! – yığmanın planı açıqlandı

9.11.2026 20:28 0
Ölkə futbolu / Manşet
Bilindiyi kimi, yığmamız noyabrın 13-də Millətlər Liqasının D liqasında Lixtenşteynlə, 16-da isə yoldaşlıq oyununda Andorra ilə qarşılaşacaq. Hər iki oyun rəqiblərin meydanında keçiriləcək.

Yığmanın səfər planını, legioner həyatı yaşayan futbolçuların düşərgəyə qoşulub-qoşulmadığını öyrənmək üçün AFFA-nın mətbuat xidmətinin rəhbəri Aida Əliyevə ilə əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı:

"Milli noyabrın 7-də toplanışa start verib. Hazırda legioner həyatı yaşayan iki futbolçu düşərgədə deyil. Bunlar Murad Məmmədovla Mahir Emrelidi. Yığma sabah 17.00-da İsveçrəyə yollanacaq. Məmmədov bu gün axşam, Emreli isə sabah İsveçrədə komandaya qoşulacaq. Oyunöncəsi mətbuat konfransı və açıq məşq Lixtenşteynlə matçdan bir gün əvvəl olacaq. Dəqiq vaxt haqda məlumat tərəfimizdən elan ediləcək".

Xatırladaq ki, Lixtenşteyn - Azərbaycan oyunu Vadutsdakı "Reyinpark" stadionunda, Bakı vaxtı ilə saat 23.45-də, Andorra - Azərbaycan matçı isə Enkampdakı “Estadi de la FAF” stadionunda, Bakı vaxtı ilə saat 22.00-da start götürəcək.

KƏNAN BAHADIR