“Əl-Nəssr”in və Portuqaliya yığmasının 41 yaşlı hücumçusu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Portuqaliya həmişə mənim bir parçam olaraq qalacaq. 23 ildi ki, bu formanı geymək, onu qorumaq və ölkəni dünyanın müxtəlif stadionlarında təmsil etmək şərəfinə və məsuliyyətinə sahibəm. Bu gün estafeti gələcək nəsillərə ötürməyin vaxtıdı”.
Kriştiano milli formada 2003-cü il avqustun 20-də Qazaxıstanla yoldaşlıq matçında debüt edib. O, yığmada 234 oyun keçirib, 146 qol vurub və 45 məhsuldar ötürmə edib. Komandadakı həm oyun, həm də qol sayına görə dünya rekorduna imza atıb. Ronaldo Portuqaliya ilə 2016-cı ildə Avropa çempionu, 2018/19 və 2024/25 mövsümlərində isə Millətlər Liqasının qalibi olub.
Bilindiyi kimi, baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişədən sonra Ronaldonun komandadakı gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranmışdı. Ulduz futbolçu məşqçinin onunla razılaşdırılmış şərtlərə əməl etmədiyini bildirərək yığmanın düşərgəsindən ayrılmışdı. Jezuş isə Ronaldonun iddialarını təkzib etmişdi.
Səbəbkar sosial şəbəkə hesabında video ilə bu fikirləri də dilə gətirib:
“Bu gün milli komandanın heyətində futbol meydanındakı yolum başa çatır. Başımı dik tutaraq keçdiyim yolla fəxr edərək və Portuqaliya üçün əlimdən gələni etdiyimi bilərək ayrılıram. Amma heç vaxt sizlərdən biri olmaqdan vaz keçməyəcəm. Portuqaliyanın hər qələbəsinə sevinməyə və həyəcanlanmağa davam edəcəm. Həyatımboyu dünyanın ən yaxşı futbolçusu olmağa çalışmışam. Ancaq bu gün başa düşürəm ki, ən böyük qələbəm dünyanın ən yaxşı ölkəsini təmsil etmək şərəfi olub. Bu 23 il üçün hamıya təşəkkür edirəm. Mənə inandığınız və uşaqlıq arzumun gerçəkləşməsinə imkan yaratdığınız üçün sağ olun. Portuqaliyanın formasını daşımaqdan duyduğum qürur həmişə mənimlə qalacaq”.





