“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində evdə “Ludoqorets”ə uduzdu. Baxmayaraq ki, oyundan əvvəl tanınmış mərc şirkətləri də favorit kimi Bolqarıstan təmsilçisini yox, “Qarabağ”ı göstərirdi.
“Ludoqorets” cavab görüşü ərəfəsində üstünlük əldə etdi. Oyundan öncə ağdamlıların qalib gələcəyini düşünənlərdən biri də təcrübəli mütəxəssis Aslan Kərimov idi. O, “Football-plus.az”a verdiyi açıqlamada “Qarabağ”ın “Ludoqorets”dən hərtərəfli üstün olduğunu bildirmişdi. Oyunla bağlı fikirlərini öyrənmək üçün yenidən Aslan bəylə əlaqə saxladıq:
“Doğrusu, qələbə qazanacağımıza inanırdım. Çünki oyundan öncə komandaların potensialını dəyərləndirərkən ən azı matçın axarını doğru təsbit etmişdik. Həqiqətən də “Qarabağ” görüşdə dominantlıq etdi, cinahlarda da rəqibi üstələməyi bacarmışdı. Burda çatışmayan cəhət “köhlən atlar”ın həmin üstünlüyü qola çevirə bilməməsiydi. Bu qədər epizodu qola çevirə bilməyəndə, aydın məsələdi ki, rəqib səni cəzalandıracaq. Elə oyun ərzində də “Ludoqorets”in cəmi üç real qol imkanı oldu. Onun da biri qapıçının səhvi üzündən baş verdi. Hansı ki, bəxtimiz gətirdi, rəqib topu boş qapıya vura bilmədi. Daha sonra “Qarabağ”ın sağ cinahında yaranan boşluqdan istifadə edərək 2 qol vurdular. Yəni 90 dəqiqə ərzində “Ludoqorets” 3 qol epizodundan ikisini qola çevirdi. Amma təmsilçimiz 5-6 qol imkanından yalnız birini dəyərləndirə bildi. Oyunun “Qarabağ”ın üstünülüyü şəraitində keçəcəyini bilirdik. Ancaq həmin üstünlükdən yararlanıb, nə qədər qol vura biləcəyini bilmirdik. “Qarabağ”ın təcrübəsini nəzərə alsaq, əslində bu qədər qol imkanını reallaşdırmaq məcburiyyətindəydilər. Məsələn, “Braqa” ilə oyunda azsaylı qol imkanlarını dəyərləndirib, qola çevirə bildilər. Amma bu oyunda bunu bacarmadılar. Hesab edirəm ki, Bolqarıstandakı görüş burdakına nisbətən daha asan keçəcək. Yenə də sözümün üstündə dururam ki, “Qarabağ” bu mərhələni adlayacaq. Eyni zamanda 2 və daha artıq qol vurmağa qadirdi. Ən azı yenə qol vəziyyətləti yaradacaqlarına yüzdəyüz, adım kimi əminəm”.
KAMAL SƏFƏR