Türkiyəli şoumen Acun Ilıcalının sahibi olduğu çempionşip təmsilçisi ''Hall Siti''dən yeni transfer xəbəri var.
Əsas liderlərindən biri olan Ceyden Filogeni 15 milyon avroya ''Aston Villa''ya satan ''pələnglər'' heyəti yeni futbolçu ilə gücləndiriblər. Tim Valterin baş məşqçisi olduğu komanda ''Lids''lə müqaviləni yeniləməyərək azad agent statusunda olan Kodi Drameri heyətinə qatıb. ''Fulhem''in yetirməsi olan 22 yaşlı sağ müdafiəçi ilə ''3+1'' illik müqavilə imzalanıb. Drame 2020-ci ildən ''Lids''ə məxsus olsa da, bu klubda cəmi 10 rəsmi oyun keçirə bilib. O, bu illər ərzində ''Kardiff Siti'', ''Luton'' və son olaraq ''Birmingem''də icarə əsasında çıxış edib.
Dəyəri təxminən 3 milyon avro olan və İngiltərənin gənclər yığmasında da oynamış futbolçu ötən mövsüm ''Birmingem''də 32 oyuna çıxaraq 4 məhsuldar ötürmə ilə fərqlənib. Bu, ''Hall Siti''nin bu yay həyata keçirdiyi ikinci transferdi. Komanda daha öncə 5,3 milyon avroya ''Luton''dan sol müdafiəçi Rayan Caylsı heyətinə qatmışdı.
ƏLİ