''Hall Siti'' Türkiyədən 4-cü oyunçu aldı

24.07.2022 19:47 445
Dünya futbolu
Acun Ilıcalının sahibi olduğu çempionşip təmsilçisi ''Hall Siti'' Türkiyə çempionatından oyunçular almaqda davam edir. ''Pələnglər'' dünən Benjamin Tettehin transferini rəsmən açıqlayıblar. 25 yaşlı futbolçu ötən mövsümü ''Yeni Malatyaspor''da keçirmişdi. Qana yığmasının da şərəfini qoruyan forvardla ''2+1'' illik müqavilə imzalanıb. Tetteh Malatya təmsilçisinə 2020-də ''Sparta''dan gəlmişdi. İlk mövsümü icarə əsasında keçirdikdən sonra ''Yeni Malatyaspor'' ötən yay onu 2 milyon avroya transfer etmişdi. Bu futbolçunun ötən mövsüm 26 superliqa oyununda 7 qol, 4 məhsuldar ötürməlik performansı komandanı elitadan düşməkdən xilas etməmişdi. Özü də Tetteh ingilislərə havayı başa gəlib. Çünki hücumçu ''Yeni Malatyaspor''un ona olan borcunu əsas gətirərək bir müddət öncə klubla müqaviləsini birtərəfli qaydada ləğv etmiş və azad agent statusuna keçmişdi. Qeyd edək ki, ''Hall Siti'' Tettehə qədər Türkiyə çempionatından artıq Ozan Tufan, Allahyar Səyyadmaneş və Doğukan Sinik kimi oyunçuları transfer etmişdi. Bu arada ''Hall Siti''nin ''Trabzonspor''dan ayrılan və sərbəst oyunçu statusunda olan Entoni Nvakaeme ilə də anlaşdığı iddia olunur.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul