Ötən həftələrdə "Veysəloğlu" şirkətlər qrupuna aid "OBA" marketlər şəbəkəsinin də adı "Zaqatala" ilə hallanırdı. Lakin şirkətdən qəzetimizə illik 72 min manat sponsorluq pulunun 100 min manatlıq korporativ sosial məsuliyyət büdcəsinə malik market üçün çox olduğunu, əvəzində məhlə futbolu ilə bağlı bütün ölkəni əhatə edən geniş layihə həyata keçirmək istədiklərini bildirmişdilər. Belə başa düşmək olar ki, "OBA" mümkün sponsorluqla bağlı təklifldən imtina etdi və bu məsələdən çəkildi? Görəsən, məhlə futbolu layihəsi davam edəcəkmi? Belədə FİF ilə əlaqələr qorunurmu? Bu məsələlərə aydınlıq gətirmək üçün "OBA" marketlər şəbəkəsinin marketinq direktoru Hikmət Əliyevə müraciət etdik:
"Biz "Zaqatala"nın dəvət etdiyi gecədə iştirak etmişik. Ordan təklifi alıb İdarə Heyətinə vermişik. Amma elə bir qərar, danışıq olmayıb. Sadəcə, təklif almışıq. Elə olsa, gərək ölkədəki bütün klublara sponsor olaq. Çünki "OBA" hər yerdə var. Məsələn, "Zaqatala"ya sponsor olsaq, "Turan Tovuz" bizdən inciyəcək. Bütün işimizi-gücümüzü atıb, futbol klublarına sponsor ola bilmərik. Heç o qədər büdcəmiz də yoxdu. Bildiyiniz kimi, ən ucuz market bizik. Qazancımız "Bravo" və ya "Araz" qədər deyil. Məhlə futboluna gəlincə, bu gizli bir layihədi. Hazırda kim təşkil edəcək, nə qədər pul ayrılacaq, necə edəcəyik - bu haqda düşünürük. Zamanı gələndə bu haqda geniş açıqlama verəcəyik".
GÜNAY SÜLEYMANOVA






