“Maraqlıdı ki, 10 manatlıq biletlərə tələbat 5 manatlıqlardan böyükdü” - “Fehervar”ı nə gözləyir?

16.07.2024 12:45 330
Ölkə futbolu / Manşet
“Sumqayıt” Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Fehervar”ı Mehdi Hüseynzadə adına şəhər stadionunda qəbul edəcək. Artıq klubun sosial şəbəkə hesablarında müvafiq afişa paylaşılıb.

Bilindiyi kimi, sözügedən idman qurğusunda UEFA-nın tövsiyələrinə uyğun dəyişikliklər edilir. Mövzuyla bağlı “kimyaçılar”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevlə danışdıq. Onun “Football-plus.az”a söylədikləri:

“İşlər hələ tam başa çatmayıb. Təxminən iki-üç günə yekunlaşacaq. Lakin bu, stadionun hazır olmadığı mənasına gəlmir. Sadəcə, kiçik dəyişikliklər edir və hansısa proses tamamlanan kimi UEFA-nı məlumatlandırırıq. İyulun 20-si və ya 21-i ya UEFA-dan, ya da AFFA-dan UEFA-nı təmsil edən nümayəndə gəlib vəziyyətlə tanış olacaq”.

“Sumqayıt”ın “Fehervar”la matç üçün biletləri satışa çıxardığını yazmışdıq. Zaur bəy bu yöndə son durumu da bizimlə paylaşdı. O, ən ucuz biletin 5 manat olmasının səbəblərinə aydınlıq gətirdi:

“Sumqayıt” tarixi “Polad” komandasına dayanan köklü klubdu. Odu ki, köklü azarkeşləri var. Qiymətlə bağlı qərarı tərəfdarlara güvənərək vermişik. İndiyə qədər təxminən 1500 bilet satılıb. Maraqlıdı ki, 10 manatlıq biletlərə tələbat 5 manatlıqlardan böyükdü, onlar daha çox satılıb. Biz 2 manata satanda da əvvəl 5 manatlıq biletlər tükənirdi”.

Xatırladaq ki, biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, iyulun 20-dən etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkün olacaq. Qiymət sektorlardan asılı olaraq, 5, 10 və 25 manatdı. “Sumqayıt” – “Fehervar” matçı iyulun 25-i, saat 20.00-da başlayacaq.

KƏNAN BAHADIR