Hazırda Avropanın əksər ölkələrində şagird və tələbələrin başı imtahanlara qarışıb.
"Football-plus.az" xəbər verir ki, yeniyetmə və gənc futbolçular da ciddi sınaq qarşısındadılar. Onlar Avropa çempionatında müxtəlif milli komandalarda qazanacağı şansdan mümkün qədər istifadə etməyə çalışacaqlar. Almaniyanın yaşıl meydanlarında parlamaq ehtimalı olan oyunçuların siyahısına nəzər salaq.
Florian Virts
Klubu: Bayer-04
Ölkəsi: Almaniya
Ampluası: yarımmüdafiəçi
Yaşı: 21
Transfer bazarındakı dəyəri: 130 milyon avro
Gənc almaniyalı son mövsümdə “Bayer-04”ün tarixində ilk dəfə çempion olmasında əhəmiyyətli rol oynadı. Zarafat deyil, 21 yaşlı yarımmüdafiəçi bundesliqada meydana çıxdığı 32 oyunda 11 qol və bir o qədər məhsuldar ötürmənin müəllifi oldu. Amma Florianın komandaya verdiyi fayda yalnız bu göstəricilərlə məhdudlaşmır. Zərif oyunu ilə yadda qalan pleymeyker xətlər arasında ustalıqla gizlənə bilir. Gənc olmasına baxmayaraq, oyuna təcrübəli futbolçu kimi dirijorluq edir. Almaniya futbol ictimaiyyəti ona qitə çempionatında böyük ümidlər bəsləyir.
Yeri gəlmişkən, Virts gələn ilin yayında klubunu dəyişəcək. “Real” yarımmüdafiəçinin transferi ilə bağlı “Bayer-04”lə razılığa gəlib. “Marca” qəzetinin yaydığı xəbərə görə, futbolçu Madrid klubu ilə 2025-ci ildə müqavilə imzalayacaq. Klubların bir neçə ay əvvəl danışıqlara başladığı məlum olub. Amma “Marca” transfer məbləği haqda məlumat verməyib. Florianın klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Onun 2023/24 mövsümündə bütün turnirlərdə 49 oyunda iştirak etdiyini, 18 qol vurub oyundaşlarına 20 məhsuldar ötürmə vediyini də bildirək.
Lamin Yamal
Klubu: Barselona
Ölkəsi: İspaniya
Ampluası: hücumçu
Yaşı: 16
Transfer bazarındakı dəyəri: 90 milyon avro
Yaxın keçmişdə “Barselona”nın hansısa yeniyetmə oyunçusunun belə siyahıya düşmək şansı minimuma bərabər idi. Ona görə ki, Kataloniya klubu, bu kateqoriyaya aid futbolçusuna praktiki cəhətdən əsas komandada özünü göstərmək imkanı yaratmırdı. Və ya hər şey başqa cür alınırdı? Xerard Pike, Fransesk Fabreqas, Xordi Alba və bir çox başqa oyunçular digər komandalarda təcrübə qazandıqdan sonra “Barselona”ya qayıtmışdılar. Son mövsümdə klubdakı ümidverici çıxışı Yamalın əsas milli komandaya cəlb olunmasına şərait yaratdı. 16 yaşlı hücumçu qitə çempionatına hazırlıq üçün iyunun 8-də keçirilən Şimali İrlandiya ilə matçda (5:1) iki məhsuldar ötürmə etməklə Luis de la Fuentenin etimadını doğrultdu. “Barselona” maliyyə problemlərini tam şəkildə həll etmək üçün hələ də böyük vəsaitə ehtiyac duyur. Deməli, Lamin satıla bilər. Rəhbərlik istəməsə belə...
Ceremi Frimponq
Klubu: Bayer-04
Ölkəsi: Niderland
Ampluası: müdafiəçi
Yaşı: 23
Transfer bazarındakı dəyəri: 50 milyon avro
O, yeniyetmə yaşlarında Niderland yığmasının əsas oyunçusu sayılmayıb. Amma “Bayer-04”də son mövsümdə sərgilədiyi parlaq çıxışı sayəsində əsas komanda ilə Avropa çempionatında oynayacaq. Ronald Kuman Ceremidən yalnız müdafiədə deyil, həm də hücum əməliyyatlarında yararlana bilər. Axı o, möhtəşəm son ötürmə bacarığına malikdi. Doğrudu, Frimponqu güclü müdafiəçi hesab etmək olmaz. Çünki hərdən arxa xətdə kobud səhvlərə yol verir. Amma bu plandakı qüsurlarını hücuma verdiyi əhəmiyyətli dəstəyi ilə ört-basdır edə bilir. İndi səviyyəsini ona heç də yad ölkə sayılmayan Almaniyadakı nəhəng turnirdə də sübut etməlidi.
Amadu Onana
Klubu: Everton
Ölkəsi: Belçika
Ampluası: yarımmüdafiəçi
Yaşı: 22
Transfer bazarındakı dəyəri: 50 milyon avro
Dayaq yarımmüdafiəçisi yayda İngiltərə klubunu tərk edəcək. Ona görə ki, “Everton” İngiltərə Premyer-Liqasının maliyyə qaydalarına uyğun fəaliyyət göstərə bilmir. Bu səbəbdən son mövsümdə komandanın hesabından 8 xal çıxılıb. Deməli, Liverpul klubu bir sıra dəyərli oyunçusunu satmalı olacaq. Transfer bazarına çıxarılacaq futbolçuların siyahısında Onana da olacaq. Qeyd edək ki, Seneqalda doğulan Amadu ötən mövsüm heç də komandasının ən yaxşılarından sayılmayıb. Amma ilk ötürmə planında həssaslığı ilə yaxşı mənada seçilib. 195 santimetr boya malik futbolçunun adı daha çox “Bavariya” ilə birgə hallanır. Əlbəttə, Münhendə “artıra” bilər.
Rafael Leao
Klubu: Milan
Ölkəsi: Portuqaliya
Ampluası: hücumçu
Yaşı: 24
Transfer bazarındakı dəyəri: 90 milyon avro
Son xəbərlərdə Səudiyyə Ərəbistanı klublarının “Milan”la danışıqlar apardığı bildirilir. Əlbəttə, Leao kimi istedadın gənc yaşında daha çox pul qazanmaq üçün Avropadan Asiyaya yollanmaq perspektivi məyusedici ehtimaldı. Rafael klubunun İtaliya çempionu olmasında böyük rol oynasa da, hələ ki Çempionlar Liqasının finalında görünməyib. Ötən mövsüm “Milan”da oyun planında problemlər yaşayıb. Amma Rafael Portuqaliya kimi harmonik komandada özünü yenidən ən yaxşı tərəfdən göstərə bilər. Doğrudu, yığmada əsas heyətə düşmək baxımından rəqibləri var. İstənilən halda Leao yaxın keçmişdəki rəngarəng oyununu sərgiləməyə çalışmalıdı.
Xavi Simons
Klubu: Leyptsiq
Ölkəsi: Niderland
Ampluası: yarımmüdafiəçi
Yaşı: 21
Transfer bazarındakı dəyəri: 80 milyon avro
2022/23 mövsümündə PSV-də özünü ən yaxşı tərəfdən göstərən hücumameyilli yarımmüdafiəçi ötən yay PSJ ilə uzunmüddətli müqavilə bağlayıb. Amma Luis Enrike onu komandasında görmək istəməmişdi. “Leyptsiq”də icarə əsasında çıxış edən Xavi bundesliqada meydana çıxdığı 32 oyunda 8 qol vurub və 11 məhsuldar ötürmə edib. Bu göstəricilərlə qiymətini bir qədər də artırıb. Lakin Almaniya klubu onu birdəfəlik transfer etmək iqtidarında deyil. Çünki PSJ niderlandlıya görə yaxşıca qazanmaq istəyir. Çox güman ki, Simonsun növbəti mövsümə harda başlayacağı ilə bağlı suala AÇ-2024-ün final mərhələsində cavab tapılacaq. Əlbəttə, 21 yaşlı futbolçu milli formada onum üçün yaradılan imkandan maksimum yararlanmağa çalışacaq. Kumanın ümidlərini doğrultsa, PSJ onun satışından yaxşıca qazana bilər.
Joao Neveş
Klubu: Benfika
Ölkəsi: Portuqaliya
Ampluası: yarımmüdafiəçi
Yaşı: 19
Transfer bazarındakı dəyəri: 55 milyon avro
Necə deyərlər, dünənki məktəblini qitə çempionatında ciddi imtahan gözləyir. “Benfika”nın yetirməsi belə böyük turnirdə qiymətini artırmağa çalışacaq. Yeniyetmə istedadın maraqlarını ən məşhur həmyerlisi Jorje Mendeş müdafiə edir. Bu isə o deməkdi ki, Joaonun başqa kluba yalnız 55 milyon avroya keçəcəyi inandırıcı görünmür. Neveş “Benfika”dakı çıxışı ilə tanınıb. Lissabon klubu cəlbedici təklif alacağı halda onu istənilən yerə sata bilər. Amma futbolçu yaxın keçmişdə Entso Fernandesin yolu ilə getmək istəməz: “Benfika”nın 2023-cü ilin yanvarında 121 milyon avroya “Çelsi”yə satması argentinalı futbolçunun karyerasında heç də yüksəlişlə müşayiət olunmayıb. Bunu yaxşı bilən Neveş belə səhvin təkrarlanmasını istəməz. Axı o, Avropada yaşı 21-ə qədər olan futbolçular üçün təsis edilən “Golden Boy” mükafatı uğrunda mübarizədə favoritlərdən sayılır.
Nikolas Uilyams
Klubu: Atletik
Ölkəsi: İspaniya
Ampluası: hücumçu
Yaşı: 21
Transfer bazarındakı dəyəri: 60 milyon avro
O, artıq özünü yaxşıca reklam etdirə bilib. “Atletik” son mövsümdə ölkə kubokunu qazanıb. Nikolas qışda İngiltərənin bir sıra klublarının maraq dairəsində idi. Qitə çempionatında İspaniya yığmasında qazanacağı şansdan maksimum yararlanacağı halda ölkə nəhənglərindən birində peyda ola bilər: “Barselona”nın gənc hücumçuya “elçi düşdüyü” məlumdu. Çoxları Uilyamsın artıq böyük klubda oynamağa layiq olduğunu düşünür. Amma o, gərək bunu Almaniyada keçiriləcək turnirdə sübut etsin. Potensial alıcılar bu istedadlı oyunçunu milli formada da izləməyi düşünürlər.
Camal Musiala
Klubu: Bavariya
Ölkəsi: Almaniya
Ampluası: yarımmüdafiəçi
Yaşı: 21
Transfer bazarındakı dəyəri: 120 milyon avro
O, 21 yaşında dünyanın ən bahalı 10 futbolçusunun siyahısına düşüb! Musiala bir müddət əvvəl Almaniya və İngiltərə yığmaları arasında seçim etməli olub və bundestimə üstünlük verib. Yəqin ki, qitə çempionatının məkanına görə Almaniyanı seçib. Onu klubunda da ciddi sınaqlar gözləyir. Bilindiyi kimi, “Bavariya”da məşqçi korpusu növbəti dəfə dəyişib. Camal 2020-ci ildən əsas komandasında oynadığı münhenlilərin yeni çalışdırıcısı Vensan Kompaninin “gözünə girməyi” bacarmalıdı. Kim bilir, belçikalı mütəxəssis bəlkə də komanda oyununu məhz onun üzərində qurmağa qərar verəcək. Ya da Musiala Münheni tezliklə tərk etməli olacaq. O, çətin ki, iş yerini bu yay dəyişmək istəsin. Hər halda bu gənc oğlan qitə çempionatında futbol kamilliyi testindən keçməli olacaq.
Luis Openda
Klubu: Leyptsiq
Ölkəsi: Belçika
Ampluası: hücumçu
Yaşı: 24
Transfer bazarındakı dəyəri: 60 milyon avro
Belçikalı futbolçu çoxdan diqqət mərkəzinə düşüb. Amma qitənin nəhəng klubları “Leyptsiq”dəki əla çıxışına qədər ona o qədər də inanmayıb. Milli komandada artıq veteran sayılan Romelu Lukakunu layiqincə əvəzləyəcəyi halda Luisə maraq kəskin şəkildə arta bilər. Onun son göstəriciləri istənilən halda diqqətəlayiqdi: bundesliqadakı debüt mövsümündə meydana çıxdığı 34 oyunda 24 qol vurub və 7 məhsuldar ötürmə edib. Belə oyunçuya premyer-liqanın əksər komandaları ehtiyac duyar.