2-ci liqa təmsilçisi “Şahdağ Qusar”ın heyətində mübarizə aparan millinin veteran oyunçusu Rahid Əmirquliyevin yaxın günlərdə karyerasıyla bağlı məlumat verəcəyini xəbər vermişdik.
Bilindiyi kimi, veteran futbolçu yetirməsi olduğu “Şahdağ Qusar”ın 1-ci liqaya çıxması üçün komandaya kömək etməyə çalışsa da, alınmadı. Belə ki, “Şahdağ Qusar” növbəti mövsüm yenə 2-ci liqada çıxış edəcək. Təcrübəli futbol adamından gələcək karyerasıyla bağlı hansı qərar qəbul etdiyini soruşduq:
“Çox güman, “Şahdağ Qusar” növbəti mövsüm yenə 2-ci liqada mübarizə aparacaq. Doğrusu, fikirləşirdim ki, 1-ci liqaya çıxa bilsək, karyeramı tam bitirəcəm. Ancaq qarşıdakı mövsüm yenə 2-ci liqada olacağımız üçün bir mövsüm də burda çıxış edib, komandama kömək edə biləcəyimi düşünürəm. 2-ci liqada oynamaq üçün hələ gücüm olduğuna inanıram. Ona görə də böyük ehtimalla qarşıdakı mövsümdə də 2-ci liqada çıxış edəcəm”.
Əmirquliyevin millimizin Albaniya və Qazaxıstana qarşı sərgilədiyi oyun haqda fikirlərini də öyrəndik:
“Albaniya ilə matçı izlədim. Doğrusu, çox zəif təsir bağışladılar. İkinci yarıda bir az özlərinə gəlib, yaxşı oynadılar. Ancaq əfsuslar olsun ki, məğlub olduq. Qazaxıstanla matça gəlincə, üzürlü səbəbdən həmin oyuna baxa bilməmişəm (“Səbail”in U-19 komandasında məşqçi kimi çalışan Rahid Əmirquliyev, bədbəxt hadisə nəticəsində dünyasını dəyişmiş Amid Alxasovun ailəsinə baş çəkib – red.). Ancaq millimizin qələbə qazanması sevindirici haldı”.
Əmirquliyev Emin Mahmudovun millidə ən çox qol vuran Qurban Qurbanovun rekordunu təkrarlamasına da münasibət bildirdi:
“Doğrudu, uzun müddət idi Qurban müəllimin rekordunu heç kim təkrarlaya bilmirdi. Emin son vaxtlar həm yaxşı oyun sərgiləyir, həm də qollar vurmağı bacarır. Elə Qazaxıstanla matçda da penaltidən fərqlənərək, Qurbanova çatdı. Onu bu münasibətlə təbrik edirəm. Düşünürəm ki, bundan sonrakı qarşılaşmalarda da Emin rekordu yeniləyəcək. Ancaq inanmıram ki, yaxın müddət ərzində kimsə Mahmudovun rekordunu təkrarlasın. Əslində 14 qol belədə heç nə kimi görünür. Buna baxmayaraq, illərdi Qurban Qurbanovun rekordu qalmışdı. Bu üzdən də kiminsə yaxın müddət ərzində Emini keçəcəyinə inanmıram. Lakin Eminin qol vuraraq vahid rekordçu olacağına inanıram”.
Rahid dünən milliyə baş məşqçi təyin olunan Fernando Santuş barədə düşüncələrini də bölüşdü:
“Doğrudu, Portuqaliya millisində çalışıb və Avropa çempionatının qalibi olub. Təcrübəli çalışdırıcı olsa da, inanmıram ki, bizim millidə nəsə eləsin və qeyri-adi nəticə versin. Əlbəttə, mən də istəyirəm ki, millidə yaxşı nəticələr olsun. Fəqət inanmağım gəlmir ki, Santuş gəlib partlayış edəcək. Hesab edirəm ki, onun əvəzinə yerli məşqçilərdən birini yığmaya təyin etməliydilər. Həmçinin ona işləmək üçün müəyyən vaxt versəydilər, daha faydalı olardı. İndi isə yığmanın yeni baş məqşçisi bəllidi. Bizə də sadəcə, uğurlar arzulamaq düşər. Ümid edək ki, millimiz yaxşı nəticələrlə bizi sevindirəcək”.
KAMAL SƏFƏR