“Şahdağ Qusar” ölkə çempionatlarında yubiley qələbəsini qazanıb.
"Football-plus.az" xəbər verir ki, 2-ci liqanın 13-cü turunda “Göygöl”ü 4 cavabsız qolla məğlub edən Qusar təmsilçisi 200-cü qalibiyyətini əldə edib.
Bu, “Şahdağ Qusar”ın 2-ci liqada 8-ci uğurudu. Ölkə çempionatlarında 1992-ci ildən çıxış edən komanda cari mövsümə qədər fasilələrlə mübarizə apardığı premyer-liqada (əvvəl güclülər dəstəsi) 59, 1-ci liqada (əvvəl 1-ci dəstə və 1-ci divizion) 133 dəfə qalib gəlib. “Şahdağ”, “Neftqaz” və “Şahdağ Samur” adlarını da daşımış komanda 200-cü qələbəni ümumilikdə 558-ci görüşündə əldə edib.
“Şahdağ Qusar” ölkə futbolu tarixinə çempionatda ən azı 200 qələbə qazanan 11-ci komanda kimi düşüb. Qusarlıların ilk qalibiyyəti 1992-ci il mayın 8-də güclülər dəstəsinin “Çıraqqala” ilə ev matçına təsadüf edib – 1:0.