“Baku Sportinq” 2-ci liqada çempionluğu rəsmiləşdirəndən sonra hazırda 2-ci pillə uğrunda gərgin mübarizə gedir.
Həmin yerə “Füzuli” ilə “Cəbrayıl”ın iddiası daha böyük olsa da, onların sonuncu turda bir-biri ilə qarşılaşması “Şahdağ Qusar”ın şansını artırır. Bəs millimizin veteran futbolçusu Rahid Əmirquliyevin də formasını geydiyi “Şahdağ Qusar” növbəti mövsümdən etibarən yenidən 2-ci liqada çıxış edərsə, komandanın kapitanı hansı qərarı verəcək? Əmirquliyev ona ünvanladığımız sualı belə cavabladı:
“Artıq çempionat sona yaxınlaşır, cəmi bir tur qalıb. Şansımız var ki, çümpionatı 2-ci pillədə bitirək, 1-ci liqanın doqquzuncusu ilə play-off oynayaq. Doğrudu, həmin şans bizdən asılı deyil. Növbəti turda “Cəbrayıl” – “Füzuli” oyunu heç-heçə bitsə və biz qalib gəlsək, 2-ci yeri tuta bilirik. Ən pis halda isə mövsümü 3-cü pillədə tamamlayacağıq. Doğrudu, hədəfimiz çempionluq idi. Amma təəssüf ki, çempion ola bilmədik. “Baku Sportinq” isə çempionluğunu rəsmiləşdirdi. Bu komandanı təbrik edirəm. Karyeramla bağlı hələ ki heç nə deyə bilmərəm. Gözləyirəm ki, çempionat başa çatsın. Ondan sonra hansı vəziyyət yaranacağı daha önəmlidi. Yəni 1-ci liqaya vəsiqəni təmin edə biləcəyikmi, yoxsa növbəti mövsüm yenidən 2-ci liqada mübarizə aparacağıq... Bu üzdən indidən nəsə demək tezdi. Çempionat bitsin, ondan sonra qərarımı verəcəm”.
KAMAL SƏFƏR