Türkiyə İtaliya lənətinə son qoya bilməsə də…

6.06.2024 22:50 217
Dünya futbolu
Türkiyə srağagün Bolonya şəhərində özü üçün ən uğursuz rəqiblərdən biri olan İtaliya ilə qarşılaşdı.

“Football-plus.az” xəbər verir ki, maraqlıdı ki, məhz Bolonyada qardaş ölkənin komandası 1962-ci ilin dekabrında italyanlardan 6 cavabsız qol buraxmışdı.
Vinçentso Montella Avstriyaya qarşı son yoldaşlıq oyunu ilə müqayisədə start heyətində 7 dəyişiklik etmişdi. Onun buna qədər yığmada bir dəqiqə də oynamayan “Alanyaspor”lu Oğuz Aydını, eləcə də “Yunayted”də bütün mövsümü ehtiyatda keçirən Altay Bayındırı ilk dəqiqələrdən meydana buraxması gözlənilməz oldu. Bundan başqa, “Qalatasaray”da bir çox mövqelərdə top qovan Barış Alpərin mərkəz hücumçusu mövqeyində qərarlaşması diqqəti çəkdi. İlk yarıda üstünlük meydan sahiblərinin tərəfində olsa da, Türkiyə inamla müdafiə olundu. Matçın ən üzücü anı 39-cu dəqiqədə Ozan Kabakın zədələnməsi oldu. Retegi ilə mübarizədə dizindən zədə alan müdafiəçi meydanı xərəkdə və alqış sədaları altında tərk etdi. Bir müddət öncə zədə üzündən Çağlar Söyüncünü itirən qardaş ölkənin komandası AÇ-2024 ərəfəsində daha bir önəmli müdafiəçisinin xidmətindən məhrum oldu. İtalyanlar fasilə ərəfəsində hesabı açmağa yaxın oldular. Amma Kristantenin baş zərbəsindən sonra top dirəyə tuş gəldi. İkinci yarının ortalarında qonaqların hücumu yaddaqalan oldu. Hücuma qoşulan Merihin zərbəsindən sonra Vikario inamlı oynadı. Montella oyunun sonlarına yaxın daha bir futbolçuya – “Beşiktaş”ın gənc üzvü Semih Kılıçsoya yığmada debüt fürsəti yaratdı. Beləliklə, AÇ-nin iki iştirakçısının oyununda qapılara qol vurulmadı. “Ay-ulduzlular” İtaliyaya qarşı sindroma son qoya bilməsələr də, səfərdə qeydə alınan bu nəticəni qənaətbəxş saymaq olar. Türkiyə növbəti hazırlıq oyununu iyunun 10-da Varşavada Polşaya qarşı keçirəcək.

İtaliya – Türkiyə 0:0
İtaliya: Vikario, Di Lorentso, Mançini, Bastoni, Dimarko (Kalafyori, 85), Kristante, Jorjinyo (Facoli, 62), Orsolini (Kambyaso, 46), Pelleqrini (Frattezi, 68), Kyeza (Zakkanyi, 46), Retegi (Raspadori, 68).
Türkiyə: Altay Bayındır, Zeki Çelik (Cenk Ozkacar, 66), Ozan Kabak (Merih Dəmiral, 42), Əbdülkərim Bardakcı, Mərt Müldür, Kaan Ayhan (Berat Özdəmir, 67), Hakan Çalhanoğlu, Oğuz Aydın (Abdulkadir Ömür, 46), Yusuf Yazıcı (Orkun Kökçü, 55), Kənan Yıldız, Barış Alpər Yılmaz (Semih Kılıçsoy, 82).

Faktlar
* Türkiyə tarixinin 625-ci oyununu keçirdi və 148-ci dəfə bərabərə qaldı (242 qələbə, 235 məğlubiyyət, top fərqi – 852:895).
* Türkiyə İtaliyaya qarşı keçirdiyi 13-cü oyunda da qalib gələ bilmədi (4 heç-heçə, 9 məğlubiyyət)! İtaliya Türkiyənin tarixi ərzində ən azı iki dəfə qarşılaşıb məğlub edə bilmədiyi 5 komandadan biridi. Bu siyahıya İtaliyadan başqa Qana (2 oyun, 2 bərabərlik), Serbiya (2 oyun, 2 bərabərlik), Braziliya (6 oyun, 2 heç-heçə, 4 məğlubiyyət) və İngiltərə (11 oyun, 2 heç-heçə, 9 məğlubiyyət) daxildi.
* Türkiyənin qələbəsiz seriyası 4 oyuna yüksəldi (2 heç-heçə, 2 məğlubiyyət). Son qələbə ötən ilin noyabrında səfərdə Almaniya ilə yoldaşlıq oyununda əldə olunub (3:2).
* 33 oyundan sonra ilk dəfə Türkiyənin iştirakı ilə keçirilən matçda qapılara qol vurulmadı. “Ay-ulduzlular”ın sonuncu qolsuz bərabərliyi 2021-in mayın 31-də Qvineya ilə yoldaşlıq matçında qeydə alınmışdı.

Reaksiyalar
Luçano Spalletti, İtaliya yığmasının baş məşqçisi:
“Hələ ki hazırlıq dönəmindəyik. Bəzi səhvlərə yol verdik. Bundan daha yaxşı oynamağa qadirik. İki gün sonra kimlərin heyətdə olmayacağına qərar verəcəm. Türkiyənin oyununu hər birimiz gördük. Bərabərsəviyyəli bir qarşılaşma olduğunu düşünürəm. Əslində matç gözlədiyim məcrada keçdi. Fiziki mübarizənin ön planda olduğu bir qarşılaşma gözləyirdim. Meydanın rəqibə aid hisasəsində istədiklərimizi tam həyata keçirə bilmədik. Cinahlarda da fəal deyildik. Həm də topu itirəndən sonra bəzi anlarda geri qayıtmaqda gecikirdik. Topu itirəndən sonra onu maksimum dərəcədə tez geri qaytarmağa çalışmalıyıq. Yersiz top itkiləri bizə mane oldu. Meydanın mərkəzində Türkiyə bizi üstələdi. Montella çox hiyləgər məşqçidi. Onun komandalarına qarşı oyunlarda həmişə diqqətli olmaq lazımdı. Ozan Kabakın zədələnməsi bizi də üzdü. Hansı klubda oynamasından asılı olmayaraq, bu şəkildə bir futbolçunun zədələnərək meydanı tərk etməsi çox üzücüdü”.


Vinçentso Montella, Türkiyə yığmasının baş məşqçisi:
“Bu oyundan qalan ən üzücü xatirə Ozan Kabakın zədələnməsi oldu. Onun durumu ilə bağlı hisslərim heç də pozitiv deyil. Nəhəng turnir ərəfəsində belə zədələr ikiqat üzücü olur. Nəticədən narazı qaldığımı deyə bilmərəm. Hesab 1:1 də ola bilərdi. Güclü rəqiblə oynadıq və inkişaf etdirməli olduğumuz cəhətləri gördük. Hazırda bu komandada yer alan futbolçular buna layiq olduqları üçün burdadılar. Bu gün daha iki futbolçu yığmada debüt etdi. Həm bugünün, həm də gələcəyin komandasını qururuq. Top bizdə olanda ondan daha səmərəli istifadə etməyə çalışmalıyıq. Hücum oyunçularının müdafiəçilərin arxasına açılması üzərində də işləməliyik. Təcrübə toplamaq və komanda ruhunu inkişaf etdirmək fürsətimiz oldu. Sona yaxın hər iki komanda yoruldu. Abdulkadir Ömür və Orkun Kökçü oyuna yaxşı daxil oldu. Yekun heyətlə bağlı qərarımı dəyişə bilərəm. Oyunçuların fiziki durumuna da önəm verirəm. AÇ-də ən gənc heyət bizdə olacaq. Arzularımız böyük olsa da, pillə-pillə irəliləməliyik. İlk hədəfimiz qrupdan çıxmaqdı”.