İngiltərə mediası Pep Qvardiolanın “Siti”ni tərk edə biləcəyini yazır. Bəs bu iddia gerçəyə bənzəyirmi?
“Daily Mail” xəbər yaydı.
“Daily Mail”dən olan həmkarımız Cek Qoqan iddia edir ki, Qvardiola müqavilə müddəti bitəndən (12 aydan) sonra “Siti”ni tərk edə bilər. Klub rəhbərliyi ona yeni müqavilə təklif etmək istəsə də, təzyiq göstərmək niyyətində deyil. Bu qaynaq onu da əlavə edir ki, son aylarda Qvardiolanın getmək perspektivi həqiqətən də klubda müzakirə olunub. “Siti” belədə ona varis axtarışı ilə məşğul olacaq. Variantlar arasında “City Football Group”a məxsus olan “Jirona”nın çalışdırıcısı Miçel Sançes də var.
Cek Qoqan tez-tez “Mançester Siti” ilə bağlı insaydlar yayır. Məsələn, “Arsenal”la vacib oyun ərəfəsində xəbər yazmışdı ki, Kayl Uoker ilə Con Stounz meydana çıxmayacaq (birinci iştirak ərizəsinə salınmadı, ikinci ehtiyatda qaldı). Yanvarda yazmışdı ki, “Siti” yalnız astronomik təklif alacağı təqdirdə Kevin de Bruyneni Səudiyyə Ərəbistanı klubuna satacaq. Onun xəbərlərindən biri də Erlinq Holannın müqaviləsinin 2028-ci ilə qədər uzadılacağıyla bağlıdı (hələ ki gerçəkləşməyib).
Qvardiola nəyə işarə etmişdi?
“Siti” mayın 19-da “Vest Hem”i məğlub edib çempion olandan sonra Qvardiola bu mövzuya toxunub:
“Vəziyyət elədi ki, mən getməyə daha yaxınam, nəinki qalmağa. Klubla danışmışıq: hisslərim elədi ki, burda qalmaq istəyirəm. Gələn mövsüm qalacam və onun gedişində danışacağıq. 8, yoxsa 9 illiyə - baxarıq”.
Bundan bir həftə əvvəl isə “footballinsider247.com” saytında yer alan xəbərdə deyilirdi ki, Pep müqavilə müddəti bitəndən sonra gedəcək. Yanvarın sonunda Qvardiolaya artıq mümkün gedişi haqda sual verilmişdi. Onda belə cavab vermişdi:
“İstənilən məşqçinin arzulaya biləcəyi hər şeyim var. Rəhbərlik həmişə məni dəstəkləyir. Özümü yaxşı hiss edirəm. Əlbəttə, günlərin birində bunlar bitəcək. Ancaq məhz indi bu haqda düşünmürəm”.
Bu sual-cavab jurnalistlərdən Xordi Xotanın mümkün “Barselona” variantı ilə bağlı xəbəri fonunda baş tutmuşdu:
“Laportanın bir nömrəli namizədi Qvardioladı. O, zəng edəcək və boynuna minnət qoyacaq ki, dönsün”. Ötən yay “The Guardian”ın yaydığı insayd da indi müzakirə olunana çox bənzəyirdi: “Qvardiola 2025-ci ilin yayında İtaliya çempionatında və ya yığmada çalışmaq naminə “Siti”ni tərk edəcək”.
Pepin 2023-ün mayına aid belə çıxışı da var:
“Hazırda getməklə bağlı düşünmürəm. Nəticədən asılı olmayaraq, növbəti mövsüm “Siti”də işimi davam etdirmək istəyirəm. Müqaviləm var və kluba hörmət edirəm”.
Sadəcə, onda müqavilə müddətinin sonuna iki il qalırdısa, indi bir il qalır.





