"Sabah" Misli premyer-liqasının 11-ci turunda "Şamaxı" ilə heç-heçə etdi - 2:2.
"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
- Nəticə sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Azərbaycan xalqını Zəfər Bayramı münasibətilə təbrik edirəm. Hər oyuna qalib gəlmək üçün hazırlaşırıq. Bu gün oyun enişli-yoxuşlu idi. 20-ci dəqiqəyə qədər oyuna nəzarət etdik. Ondan sonra fərqli oldu. Biz oyuna tam nəzarəti ələ ala bilmədik. Rəqibə əks-hücumlar üçün imkan yaratdıq. Əlbəttə, azarkeşlər üçün 2:2 hesabı çox həyəcanlı, gözəl görünə bilər. Üçüncü qolu vurub qalib gələ bilərdik. Ancaq rəqib də qol vura bilərdi. Bu gün "5-lik"də qərarlaşmışıqsa, nəticə bizim üçün qəbuledilməzdi.
- İkinci qolu vurduğunuz zaman hakimə etirazınız o qədər çox oldu ki, qolu bayram edə bilmədiz. Hakimlə nə danışırdız?
- Üç gün bundan qabaq Çempionlar Liqasında oynayırsan, orda bəlli qaydalar var ki, ona riayət edirlər. İstəyərdik ki, daxili oyunlar da həmin qaydaların üzərində durulsun. Xüsusi bir şey olmadı. Nə danışdıqsa, orda həll olundu. Hakimlik barədə nəsə şikayət edə bilmərəm.
- Sıx qrafikdə oynayırsız. İndiki məqamda milli fasilə sizin xeyrinizə işləyə bilər?
- 3-4 günlük verəcəyimiz fasilə bizim üçün yaxşı ola bilər. Biz buralarda olmaq, Çempionlar Liqasında iştirak etmək istəyirdik. Bilirdik ki, asan olmayacaq, noyabr-dekabr daha çətin olacaq. Biz özümüz böyüməli, möhkəmlənməliyik ki, bu tip hallardan daha yaxşı çıxa bilək.
- Hava şəraiti nəticəyə nə dərəcədə təsir etdi?
- Bunun heç bir əhəmiyyəti yoxdu. Külək birinci hissədə bir komandaya qarşı idisə, ikinci hissədə digər komandaya qarşı oldu. Bütün futbolçular belə hallara uyğunlaşmalıdı. Bir müddət əvvəl süni örtüklü meydançada oynadıq, bu gün təbii qazonda. Peşəkar olmaq lazımdı. Belə hallar heç cür təsir etmir.
- Adətən “Qarabağ” Çempionlar Liqası oyunlarından sonra daxili liqadakı növbəti matçında istər atmosfer, istər adaptasiya baxımından çətinlik çəkirdi, xallar itirirdi. Boş tribunalar, aşağı temp, süni örtük. Avropa oyunlarından daxili oyunlara keçidlə bağlı məsələdə hansısa problem yaşayırsız və ya təhlükə hiss edirsiz?
- “Qarabağ” 12 ildi ki, avrokuboklarda çıxış edirdi. Ötən mövsüm ÇL-də oynadılar. Onların təcrübəsi daha çox idi, bilirdilər ki, bu işlərin öhdəsindən gəlmək lazımdı. Biz isə yeniyik. Önəmlisi odu ki, iki fərqli heyətlə çıxış edirik. Bir heyətlə çıxış etsək, futbolçular bir-birini yaxşı başa düşər. Demirəm digərləri aşağı səviyyədədi. Çox rotasiya edəndə anlaşma kifayət qədər yaxşı olmur, ən yaxşı performansı göstərmək asan deyil. Oyunçular bir-birilərini bəzən başa düşmürlər. Ötən mövsüm bizə 3-4 ay lazım gəldi ki, yüksəlişə keçək. 15-20 oyun oynadıqdan sonra futbolçular bir-birini daha yaxşı başa düşürdülər. “Vikinq”lə matçdan sonra burda eyni ritmi yaxalamaq asan deyil. Xüsusi resepti də yoxdu. Aptek deyil ki, dərman qəbul edəsən və ağrı keçsin. Kifayət qədər vaxt yoxdu. Vaxt olanda da səyahətə gedirik və ya bərpa ilə məşğul oluruq. İki həftəlik fasiləmiz olacaq. Çalışacağıq ki, oyunçular arasında bağı inkişaf etdirək.
"Nəticə bizim üçün qəbuledilməzdi" - Valdas Dambrauskas
Ölkə futbolu / Manşet





