"Football-plus.az" Xəbər verir ki, bilindiyi kimi, “Real”da ilk mövsümünü keçirən və uzun müddət zədələrdən əziyyət çəkən gənc türkiyəli istedad martın 10-da “Selta” ilə oyunda sonradan meydana çıxaraq Madrid nəhəngində ilk qolunu vurmuşdu. Bu dəfə “Kral klubu” martın 16-da La Liqanın 29-cu turunda səfərdə “Osasuna”nı 4:2 hesabıyla məğlub etdi. Düzdü, 85-ci dəqiqədə Vinisiusun əvəzinə meydana çıxan türkiyəli futbolçu qol vura bilmədi. Amma ağızları açıq buraxan bir zərbə ilə yadda qaldı. Əsas vaxta artırılan 4-cü dəqiqədə topu meydanın özünə aid hissəsində qəbul edən Arda bir qədər irəliləyəndən sonra qapıçının irəlidə olduğunu gördü və mərkəz xəttindən qapıya zərbə endirdi. Bəlkə də top tora daxil olsaydı, bu, ilin ən gözəl qoluna namizəd seçilə bilərdi. Amma tarixi qolun baş tutmasına tir mane oldu. Qapıçının çata bilmədiyi top tirə dəyərək meydana döndü. Bu zərbəyə hətta ehtiyat oyunçular skamyasından ayağa qalxaraq başını tutan “Real”ın lideri Vinisius də heyranlığını gizlədə bilmədi. Təbii ki, oyundan sonra Karlo Ançelottiyə Ardanın zərbəsi barədə də sual ünvanlandı. İtaliyalı mütəxəssis 19 yaşlı futbolçuya tərif yağdırdı:
“Arda necə böyük istedad olduğunu növbəti dəfə göstərdi. Çünki o məsafədən elə zərbə vurmaq yalnız böyük oyunçuların ağlına gələ bilər. Mən indiyə qədər 19 yaşında özünə bu dərəcədə güvənən başqa futbolçu görməmişəm. Ardanın o zərbəsinin qapıya daxil olub-olmamasının bir önəmi yoxdu. Bizim aləmimizdə o zərbə qolla nəticələndi”.
İspaniyanın aparıcı nəşrləri də Ardanı diqqət mərkəzində saxlamaqda davam edirlər. “Marka”nın internet saytında Ardanın bu zərbəsinin videosu “dahi” başlığı ilə yerləşdirilib. Xəbərdə “Ançelotti artıq başa düşməlidi ki, bizə Ardanı 5 dəqiqədən daha çox izlətdirməyin zamanı çatıb” ifadəsi də yer alıb. “Mundo Deportivo” nəşrində də bu epizod oxuculara “Ardanın ilin qolunun müəllifi olmasına tir mane oldu” ifadəsi ilə təqdim olunub.





