“Şuşada möhkəmlənmə işləri aparılandan sonra Ağdamdan hücuma keçəcəkdik” – müharibə ilə ağız-ağıza

8.11.2026 22:59 0
Manşet
Bu gün ölkəmizdə Zəfər Günü qeyd olunur. Artıq 6 ildi Qarabağ azaddı. Vətən müharibəsinin iştirakçısı, "Araz-Naxçıvan"ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov "Football-plus.az"a açıqlama verib. Həmkarımız müharibəyə yollandığı dövrü xatırlayıb, təəssürarını bizlə bölüşüb:
"İllər keçsə də, həmin günlərin hər saniyəsi yaddaşımızda qalacaq. Biz xalq olaraq, ən böyük qələbəmizi qazanmışıq. Bir, bütöv olduq, gücümüzü-qüdrətimizi, nəyə qadir olduğumuzu göstərdik. Yekunda istədiyimizə nail olduq. Bu qələbə istər ön, istərsə də arxa cəbhədə əziyyət çəkənlərin, həm də onlar üçün dua edənlərin, hər birinə dayaq olanların sayəsində qazanıldı. Bu yolda hər addım bizi zəfərə apardı. Düzü, döyüş tərəfindən çox danışmaq istəmirəm. O vaxt cəmləşmə məntəqəsində bir həftə qalandan sonra xidmət edəcəyimiz hərbi hissələrə yönəldildik. Ön cəbhədə şəhidlər olduqca həmin məntəqədə dünyasını dəyişənin vəzifəsinə uyğun olan şəxslər cəbhələrə yollanırdı. Ağdamda qeydiyyata alınanda bizdən nömrə istədilər. Öz nömrəmi bildirmək istəyəndə dedilər ki, ən yaxın qohumlardan 2-3 şəxsin əlaqə vasitəsi lazımdı. Səbəb bəlli idi. Nəsə olsa, ən yaxın insanlara xəbər veriləcək. Həmin an artıq hara gəldiyimizin, bizi nələrin gözlədiyinin müjdəçisi idi. Noyabrın əvvəllərində Şuşada əməliyyatların başlandığı haqda bilgi aldıq. Şuşa azadlığa qovuşandan sonra biz də hazırlığa başladıq. Çünki Ağdamda qərarlaşanların vəzifəsi müdafiəni təmin etmək idi. Həmin ərəfədə ordumuz şimal və cənub istiqamətində uğurla irəliləyirdi. Biz isə futbol dili ilə desək, qol buraxmamağa çalışırdıq. Əlbəttə, bu da çətin vəzifə idi. Çünki səngərlər illər əvvəl qazılmışdı və düşmən həmin əraziləri çox yaxşı tanıyırdı. Şuşada möhkəmlənmə işləri aparılandan sonra Ağdamdan hücuma keçəcəkdik. Bu yöndə hazırlıq başlamışdı. Ancaq həmin ərəfədə kapitulyasiya aktının imzalandığı, müharibənin dayandırıldığı haqda xəbər aldıq. Cənab Prezident Şuşanın işğaldan azad edildiyini elan etdi. Həmin vaxt qızım da mənə SMS yazmış, gözaydınlığı vermişdi. Hər kəs çox xoşbəxt, sevincli idi. Təbii ki, bu zəfərin memarları şəhidlərimizdi, qazilərimizdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Vətən müharibəsi göstərdi ki, birlik olanda qarşıya qoyulan istənilən məqsədə çata bilirik. Həm 44 günlük müharibə, həm də antiterror əməliyyatları zamanı göstərilən şücaətə görə xalqımızla yalnız fəxr edə bilərik".
KƏNAN BAHADIR