Karateçilərimiz Batumidə 7 medal qazandı

8.11.2026 20:59 0
İdman
Karateçilərimiz Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Open 2026 - Grand Prix” beynəlxalq turnirini yeddi medalla başa vurublar.

"Football-plus.az" Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, noyabrın 7-8-də fullkontakt şinkyokuşin karate üslubu üzrə təşkil olunan yarışda 12 ölkənin idmançıları mübarizə aparıblar.

Azərbaycan Karate Federasiyasının kontakt üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında çıxış edən milli komandamız bir qızıl, iki gümüş və dörd bürünc medal qazanaraq komanda hesabında üçüncü yeri tutub.

Böyüklərin yarışında 80 kq çəki dərəcəsində mübarizə aparan Səlahət Həsənov qızıl medala sahib olub. Əliqismət Həsənov və Emin İsmayıllı isə 70 kq çəki dərəcəsində bürünc medal qazanıblar.

Qadınlar arasında 60 kq çəki dərəcəsində çıxış edən Solmaz Zeynallı gümüş mükafata yiyələnib.

14 yaşadək idmançıların mübarizəsində Kənan Həkimzadə (45 kq) ikinci, Məhəmməd Əliyev (50 kq) üçüncü yeri tutub. 18 yaşadək karateçilər arasında isə Zəhra Kərimova (+55 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, turnirin gümüş mükafatçısı Solmaz Zeynallı Vətən müharibəsi şəhidi Tural Zeynalovun bacısıdır. O, beynəlxalq yarışlarda Azərbaycanı təmsil etməyə davam edir.

Azərbaycan karateçiləri Batumidə qazandıqları medalları 8 Noyabr - Zəfər Gününə həsr ediblər. İdmançılar bu uğurları ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsinə ehtiramlarını, qazilərə və hərbçilərə minnətdarlıqlarını ifadə ediblər.