''Qalatasaray''da öz oyunu ilə alqış toplayan Əbdülkərim Bardakcı ilə bağlı yeni qərar qəbul olunub.
Belə ki, 29 yaşlı futbolçu Fernando Muslera, Mauro İkardi və Kərəm Aktürkoğlunun ardından komandanın 4-cü kapitanı seçilib. Xüsusilə gənc futbolçulara dəstək və məsləhətlər verən, məşqçilər korpusunun işini asanlaşdıran Əbdülkərim əvvəlki klubu ''Konyaspor''da da kapitanlardan biri idi. Bilindiyi kimi ''Qalatasaray''ın ötən həftə müqaviləni yenilədiyi 5 futbolçu arasında Bardakcı da var idi. Bu futbolçu 2022-ci ildə ''Cim-Bom'' ilə ''3+1'' illik müqavilə imzalamışdı. Ötən həftə həmin o şərti müqavilə qüvvəyə mindi. Bu da o deməkdi ki, Əbdülkərim 2026-nın yayına qədər İstanbul nəhəngində qalacaq. Türkiyə yığmasına da daimi dəvət alan təcrübəli oyunçu müdafiəçi olmasına rəğmən məhsuldarlığı ilə diqqət çəkir. Bu mövsüm bütün turnirlərdə onun aktivində artıq 7 qol var. Bardakcı daha bir dəfə fərqlənəcəyi təqdirdə şəxsi rekordunu yeniləyəcək.
ƏLİ