Bavariya (Münhen, Almaniya): Noyer, Kimmix, De Liqt, Dayer, Mazraui (Kim Min Ce, 76), Gerreyro, Qoretska, Laymer, Sane (Upamekano, 89), Musiala, Keyn.
Arsenal (London, İngiltərə): Raya, Uayt, Saliba, Qabriel, Tomiyasu (Nketia, 86), Jorjinyo (Trossar, 68), Rays, Edeqor, Saka, Haverts, Martinelli (Jezus, 68).
Qol: Kimmix, 63.
Vərəqələr: Laymer, 55. Uayt, 84. Kimmix, 90+2. Jezus, 90+3 - sarı.
Hakim: Danni Makkeli (Niderland).
17 aprel. Münhen. 75000 tamaşaçı.
İlk oyun - 2:2.
oyunun statistikası
15 (4) qapıya (“çərçivə”yə) zərbə 8 (3)
8 künc zərbəsi 3
1 ofsayd 3
10 qayda pozuntusu 13
2 (0) sarı (qırmızı) vərəqə 2 (0)
51 topa sahibolma (faizlə) 49
Çempionlar Liqasında (ÇL) 2016/17 mövsümündən sonra ilk dəfə pley-offa vəsiqə qazanan “Arsenal” buna 1/8 finalda “Portu”nu mübarizədən kənarlaşdırmaqla nail olmuşdu. İngiltərə klubu bu turnirdə 2009/10 mövsümündən sonra ilk dəfə 1/4 finala çıxmışdı. Rəqib daha təcrübəli və titullu “Bavariya” olsa da, Mikel Artetanın komandasının mövsümü qeyri-sabit keçirən və artıq finişə 5 tur qalmış Almaniya çempionu titulunu itirən münhenliləri mübarizədən kənarlaşdırmaq şansı heç də aşağı dəyərləndirilmirdi. Amma bu da var ki, Londondakı ilk matç rəqibə sərf edən 2:2 hesabıyla nəticələnmişdi. “Arsenal” üçün ÇL-dəki statistika da ürəkaçan deyildi. İngiltərə klubu “Bavariya” ilə pley-offa təsadüf edən əvvəlki 4 duelin hamısından məğlub ayrılmışdı. “Topçular” bu rəqiblə bağlı sindroma yenə son qoya bilmədilər.
Münhendə keçirilən həlledici oyunun ilk hissəsi o qədər də maraqlı keçmədi. Komandalar səhv etməkdən çəkindikləri üçün riskli hərəkətlərə meyl etmirdilər. Fasiləyəqədərki mübarizədə qonaqların bir qədər fəal olduğu aydın görünürdü. Londonlular bir neçə dəfə Noyeri oyuna qoşulmağa vadar etdilər. Amma topa daha çox sahib olması onların hesabı açmasına şərait yaratmadı.
Fasilədən sonra ev sahibləri üstünlüyü ələ aldılar. Qoretska hesabı açmaq üçün əla imkan yaxalasa da, zərbəsi qapı dirəyinə dəydi. Üstünlüyünü daha da artıran “Bavariya” istəyinə bir saatlıq mübarizə arxada qalandan sonra çatdı: Gerreyronun ötürməsinə başı ilə reaksiya verən Kimmix komandasını önə keçirdi. Qonaqların bundan sonra fəallaşacağı gözlənilən idi. Mikel Artetanın komandası topa daha çox sahib olsa da, hücumlar akademik xarakterli idi. Müdafiəyə daha çox diqqət yetirən münhenlilər belə həmlələrin qarşısını almaqda çətinlik çəkmirdilər. Arteta əvəzləmələrlə hücumu gücləndirmək istədi. Lakin “Arsenal”a nə Trossar, nə Qabriel Jezus, nə də Nketianın bir faydası dəydi. Qonaqlar ikinci hissədə Noyerin qoruduğu qapıya yalnız iki zərbə endirə bildilər. Hücum xəttinin “dişsizliy”i “Arsenal”ın ÇL-in pley-offunda “Bavariya” ilə bağlı sindromuna yenə son qoya bilməməsini qaçılmaz etdi.
Faktlar
* “Bavariya” ÇL-də son 4 ildə ilk dəfə yarımfinala vəsiqə qazandı. Almaniya klubu 2020-ci ildə turnirin qalibi olmuşdu. Münhenlilər son 10 ildə 5-ci dəfə yarımfinalda oynayacaqlar.
* “Bavariya” ÇL-in pley-offunda “Arsenal”ı 5-ci dəfə mübarizədən kənarlaşdırdı. Münhen klubu bundan əvvəl londonlulara 2004/05, 2012/13, 2013/14 və 2016/17 mövsümlərində də üstün gəlmişdi.
* “Bavariya” ÇL-də “Arsenal”a 8-ci dəfə qalib gəldi. Komandalar arasında baş tutan qalan 6 oyundan yarısında İngiltərə klubu qələbə qazanıb, üçü isə heç-heçə nəticələnib.
* Tuxelin çalışdırdığı komandalar son 5 ildə 3-cü dəfə ÇL-in yarımfinalında oynayacaqlar. 2019/20 mövsümündə PSJ-ni finala çıxaran alman mütəxəssis 2020/21 mövsümündə “Çelsi”ni çempionluğa daşıyıb.
* Tuxel 3 müxtəlif komandanı ÇL-in yarımfinalına çıxaran ilk almaniyalı çalışdırıcıdı. Turnirin yarımfinalına daha çox komanda çıxaran məşqçi Joze Mourinyodu. Portuqaliyalı “Portu”, “Çelsi”, “İnter” və “Real”ı azı bu mərhələyə daşıyıb.
* Noyer ÇL-də 58-ci dəfə qapısını toxunulmaz saxladı. O, “Real” və “Portu”nun sabiq qapıçısı Kasilyası (57 oyun) arxada qoyaraq turnirin vahid rekordçusu oldu.
Oyundan sonra
Tomas Tuxel, “Bavariya”nın baş məşqçisi:
“Bu qələbə mənim üçün böyük əhəmiyyət kəsb edir. İlk hissə şahmat partiyasına bənzədi. İlk səhvi kim edəcək, ilk gedişi kim edəcək? Heç kim riskə getmək istəmirdi. Fasilədə futbolçularımızdan fərdi qabiliyyətlərini daha qabarıq şəkildə biruzə vermələrini və cəsarətli oynamağı istədik. İkinci hissə bizim üçün çox yaxşı keçdi. Cəsarət nümayiş etdirdik və buna görə qələbəyə layiq idik. Evdə oynamaq həmişə yaxşı variantdı. Ona görə ki, hər bir epizodda tribunalardan böyük dəstək alırsan və bu, sənə əlavə güc verir. Bu gün ehtiyat oyunçular skamyasında üç boş yerimiz vardı. Yaxşı ki, zədə alan oyunçumuz olmadı. Bu matçda Devis, Koman və Qnabridən yararlana bilmədik. Bu səbəbdən bizim üçün maksimal sürətlə oynamaq çox çətin idi. Vəziyyətdən çıxmaq tələb olunurdu və bunu komanda halında bacardıq. Komandamın oyunu ilə fəxr edirəm. Laymerin mükəmməl oyununu xüsusilə qeyd etməliyəm. O, oyunboyu Edeqora istədiyi kimi oynamaq imkanı vermədi. Sol cinahda Mazrauinin sərgilədiyi əla oyununu da vurğulamalıyam. Amma bu oyunda məhz komanda halında istəyimizə çata biləcəyimiz aydın idi. Futbolçularımı bu qələbə münasibətilə təbrik edirəm. Hamımız xoşbəxtik”.
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“İndi paltardəyişmə otağında böyük məyusluq hökm sürür. Belə vəziyyətdə komandamıza təskinlik vermək üçün lazım olan sözlər tapa bilmirəm. Amma bunu etmək istərdim. Biz bu turnirdə böyük təcrübəyə malik olan komandaya qalib gəlməyə çalışdıq. İki matç ərzində komandalar arasında səviyyə fərqi cüzi oldu. Öz meydanımızda daha yaxşı oynamışdıq. Amma rəqibə iki qol vurmaq imkanı da vermişdik. Bu isə “Bavariya” üçün böyük üstünlük demək idi. Bu gün səhv etməyə haqqımız çatmırdı. Cərimə meydançamızın qarşısında böyük səhv etdik və topu qapımızda gördük. Vəziyyətdən çıxmaq üçün bir sıra cəhdlərə əl atdıq. Amma hesabı bərabərləşdirmək bizim üçün çox çətin iş oldu. İndi futbolçularımızın yanında olmalı, onları dəstəkləməliyik. Çünki bura qədər onların zəhməti sayəsində gəlmişik. Bunları da deməliyəm. 7 il idi bu turnirdə oynamırdıq. 14 il idi Çempionlar Liqasının 1/4 finalına çıxmırdıq. Biz nəticələrimizi yaxşılaşdırmaq üçün əlimizdən gələn hər şeyi etmək istəyirik. Çempionlar Liqasında oynamağı öyrənməliyik. Ancaq bu, uzun illər çəkəcək”.
Harri Keyn, “Bavariya”nın hücumçusu:
“İnanılmaz qələbədi. Komandamız mövsümü çətinliklə keçirir. Yeri gələndə həddən artıq inadkarlıq göstərməli oluruq. Bu gün məhz belə mübarizə aparmalı olduq. Cavab görüşünün də çətin keçəcəyini bilirdik, amma evdə vəziyyəti lehimizə çevirə biləcəyimizə inanırdıq. Kimmix əla qol vurdu. Bununla komandamıza üstünlük qazandırdı. Hesabı açandan sonra yalnız müdafiə olunduq. Yarımfinala vəsiqə bizim üçün böyük uğurdu. İndi bu uğurdan həzz ala bilərik. “Bavariya” son 11 mövsümdə ölkə çempionu olub. Bu il uğuru davam etdirə bilmədik. Deməli, əsas diqqətimizi Çempionlar liqasında qalib gəlməyə yönəltməliyik”.
Deklan Rays, “Arsenal”ın yarımmüdafiəçisi:
“Məyusluğumuzu sözlə ifadə etməkdə çətinlik çəkirik. Evdəki ilk oyunda lazımi nəticəni qazana bilməmişdik. Cavab görüşünün ilk hissəsində heç də pis görünmədik. Amma oyunumuzun kəsəri çatmırdı. Komandamız üçün tipik olmayan qol buraxdıq. Məhz belə qoldan sonra turniri tərk etmək ikiqat üzücüdü. Özüm də çox məyusam. Meydana böyük qələbə istəyi ilə çıxmışdım. “Arsenal”ın böyük sindroma son qoymasını istəyirdik. Amma buna nail ola bilmədik”.
Bombardirlər: Mbappe (PSJ) - 8, Keyn (Bavariya) - 7, Qrizmann (Atletiko), Holann (MS) – 6.





