Çərşənbə günü bundesliqada təxirə salınan bir oyun keçirildi.
"Football-plus.az" xəbər verir ki, “Bavariya” “Union”u əslində dekabrın 2-də qəbul etməliydi. Amma həmin gün Münhendə güclü qar yağdığından paytaxt təmsilçisi bu şəhərə gəlib çıxa bilməmişdi. Ötən həftəsonu sensasiyalı şəkildə öz meydanında “Verder”ə uduzan Münhen nəhəngi bu dəfə nəyin bahasına olur-olsun, qalib gəlməliydi. Bəlkə də bu məqam oyunçuların üzərində hədsiz təzyiq yaratmışdı. Çünki “rekordmayster” yenə ənənəvi və ondan görməyə alışdığımız futbolu sərgiləyə bilmədi. Düzdü, gözlənildiyi kimi, üstünlük Tomas Tuxelin komandasının tərəfində idi. Amma komanda rəqib müdafiəsini yarmaqda çətinlik çəkirdi. Fanatları ayağa qaldıran qol ikinci hissənin ilk dəqiqəsində vuruldu. Keynin zərbəsindən sonra top dirəyə tuş gəldi. Amma hücuma qoşulan Gerreyro dönən topu dəqiq tamamladı. Bir qədər sonra Keyn özü də fərqləndi. Amma VAR-ın incələməsindən sonra ofsayd qeydə alındı. Matçın ən yaddaqalan anlarından biri 74-cü dəqiqəyə təsadüf etdi. Top auta çıxandan sonra Sane onu tez götürüb oyuna daxil etmək istəyirdi. Amma “Union”un baş məşqçisi Nenad Byelitsa buna mane olunca onunla Sane arasında münaqişə yaşandı. Sanenin üzünə zərbə endirən xorvatiyalı çalışdırıcı qırmızı vərəqə alaraq tribunaya göndərildi. Bu məşqçiyə 3 oyunluq cəza verildiyini də bildirək. Bu qarşılaşmada “Bavariya”nın yeni transferi Erik Dayer də debüt etdi. Maraqlıdı ki, onun meydana çıxması ilə bilrikdə klub tarixində ilk dəfə eyni anda iki ingiltərəli futbolçu heyətdə yer aldı! “Union” hələ ki 2024-cü ildə bundesliqada qol vurmayan yeganə klubdu. Beləliklə, “Bavariya”, nəhayət, oyun sayı baxımından “Bayer-04”lə eyniləşdi. Amma münhenlilər liderdən 4 xal geridədilər.
13-cü turdan təxirə salınan oyun
Bavariya – Union 1:0
Gerreyro, 46.
Bavariya: Noyer, Laymer (Pavloviç, 86), Upamekano (Dayer, 46), De Liqt, Gerreyro, Kimmix, Qoretska, Koman (Tel, 76), Musiala (Müller, 76), Sane, Keyn.
1. Bayer-04 – 48, 2. Bavariya – 44, Ştutqart – 34... 15. Union – 17 (17)...
Bombardir: Keyn (Bavariya) – 22.