Dünən qadın futbolçulardan ibarət yığmamız AÇ-2025-in seçmə mərhələsi çərçəvəsində evdə İsveçrəyə 0:4 hesabıyla uduzdu.
Yığmanın kapitanı Sevinc Cəfərzadə oyundan sonra "Football-plus.az"a açıqlama verdi:
"Hazırda mənim üçün danışmaq çətindi. Açığı, hesabın 4:0 olacağını gözləmirdim. Lakin rəqib çox güclü idi. Bunu da hər birimiz gördük. Oyunçuları Almaniya, İngiltərə, İsçevrə çempionatlarında oynayırlar. Əlimizdən gələni etməyə çalışsaq da, yorğunluq var idi. Məqsədimiz stadiona gəlib bizə dəstək olan, televiziya qarşısından bizi izləyən azarkeşləri sevindirmək idi. Çox təəsüf ki, bu gün alınmadı. Erkən qol buraxdıq. Bu da komandaya yaxşı təsir etmir. Penalti epizodu mənə görə oldu. Orda əsla əllə oynamaq fikrim yox idi. Sadəcə, koordinasiyanı itirdim və dayaq əlimə dəydi top. İlk qolun buraxılmasında özümü günahkar bilirəm. Bəlkə də ilk qol belə erkən buraxılmasaydı, hesab 4:0 olmazdı. B liqasına yeni yüksəlmişik və düşdüyümüz qrup çox çətindi. Real danışsaq, bir qədər təcrübəyə və vaxta ehtiyacımız var. Rəqiblərimizin qadın çempionatları çox yüksək səviyyədədi. Bunu danmaq lazım deyil ki, bu gün sanki oğlanlara qarşı oynayırdıq. Təbii ki, xal ehtiyatımızı artırmaq istəyirik. Qarşıda bizi Türkiyə ilə çox ağır oyunlar gözləyir. Bəlkə də qrupdakı "ölüm-dirim" oyunu türklərlə olacaq. Əsla burda qardaş ölkə deyimindən söz gedə bilməz. Bəzən bu tip mesajlar alıram. Lakin çöldə qardaş ölkə olsaq da, meydanda rəqibik. Ona görə də türklər üzərində qələbə çala bilsək, qarşıya qoyduğumuz hədəflərə çatmağa yaxın olacağıq".
Daha sonra karyerası haqqında danışan Sevinc Səudiyyə Ərəbistanına getdiyi ilk 10 gündə depressiyada olduğunu bildirdi:
"Sözün açığı, getdiyim ilk 10 gündə depressiyadaydım. Mentallıq, iqlim çox fərqlidi. 2 metrə qaça bilmirdim, sanki havam çatmırdı. Buna baxmayaraq, mübarizə apardım, kimsəyə bir söz demədim. Amma indi çox yaxşıyam. Hər şeyə uyğunlaşmışam. Çempionatları yaxşıdı. Belə təsəvvür etmirdim. Düşünürəm ki, bir-iki ildən sonra Səudiyyə Ərəbistanına legionerlərin düşməsi çətin olacaq. Çünki komandalarına top oyunçuları dəvət edirlər ki, yerli qızlara kömək olsun".
GÜNAY SÜLEYMANOVA