“Qalatasaray”ın son derbidə “Fənərbaxça”nı məğlub edərək liderliyini davam etdirməsinin ardından ortaya bir neçə maraqlı göstərici çıxdı.
Məsələn, 2022-nin yayından, yəni 4,5 ildi “Qalatasaray”ın başında yer alan Okan Buruk bu vəzifədə “Fənər”ə qarşı keçirdiyi 12-ci rəsmi oyunda 7-ci qələbəyə sevindi (3 heç-heçə, 2 məğlubiyyət). Burukdan öncə “Qalatasaray” əzəli rəqibini 7 oyunda yenmək üçün ümumilikdə 22 rəsmi oyun və ya 10 il gözləməli olmuşdu. Yəni “sarı-qırmızılar”ın “Fənər”ə qarşı əvvəlki 10 il ərzində əldə etdiyi qələbə sayına Buruk cəmi 4,5 il ərzində nail olub!
Son oyunun nəticəsi Türkiyə çempionatının ümumi, yəni 69 illik turnir cədvəlində də dəyişikliyə səbəb olub. Belə ki, “Qalatasaray” 2275-ci oyunda 1315-ci qələbəsini qazanmaqla “Fənərbaxça”nı geridə qoydu və turnirin tarixində ən çox qələbə qazanan komandaya çevrildi (555 heç-heçə, 405 məğlubiyyət)! “Fənər” isə eyni sayda oyunda 1314 qələbə qazanıb (586 heç-heçə, 375 məğlubiyyət). 3-cü pillədə 1226 qələbə ilə “Beşiktaş”, 4-cü pillədə 882 qələbə ilə “Trabzonspor”, 5-ci pillədə 572 qələbə ilə “Bursaspor” qərarlaşıb.
Maraqlıdı ki, Burukun təyinatına qədər “Fənərbaxça”nın 1206, “Qalatasaray”ın 1193 qələbəsi var idi. Yəni “Cim-Bom” əzəli rəqibdən 13 qələbə geridə idi. Amma komanda Buruk ilə 2022/23-də 28, 2023/24-də 33, 2024/25-də 30, 2025/26-da 24, bu mövsüm 7 qələbə olmaqla superliqada 122 qələbə qazanıb. “Fənər”in isə 2022-dən bəri 108 qələbəsi var. Ancaq xal hesabında “sarı-lacivərdlilər” hələ də üstündü. Çünki komandanın heç-heçə sayı daha çox, məğlubiyyət sayı isə daha azdı. Hazırda ümumi göstəricidə “Fənər”in 4528, “Qalatasaray”ın 4500 xalı var.
Turnirin tarixinin ən məhsuldar komandaları siyahısında da “Fənər”in liderliyi gözə dəyir. Bu komanda 2275 oyunda 4134 qol vurduğu halda, “Qalatasaray” 4085 qol vurub. Əvəzində “Qalatasaray” indiyə qədər ən çox həftəni zirvədə keçirməklə (uyğun olaraq, 676 və 588) öyünə bilər. Amma təbii ki, fanatları maraqlandıran əsas məqam çempionluqdu və burda da “Qalatasaray” əzəli rəqibdən çox üstündü (uyğun olaraq, 26 və 19).
“Qalatasaray” superliqa tarixində bu göstəricidə lider oldu
Dünya futbolu





