Bu mövsüm çempionluq hədəfini gizlətməyən “Neftçi” hazırda liderdi. Lakin komandanın meydandakı nəticələri ilə tribunadakı mənzərə arasında ciddi ziddiyyət yaranıb. Belə ki, “ağ-qaralar” heç cür azarkeşi ilə bütünləşə bilmir. Ölkənin ən köklü, ənənələri və böyük azarkeş ordusu ilə seçilən klubunun ev oyunlarına bu qədər az tamaşaçının gəlməsi üzücü haldı.
“Sabah” (7076) və “Turan Tovuz” (4460) ilə görüşləri istisna etsək, digər ev matçlarında “Neftçi”ni dəstəkləmək üçün stadiona orta hesabla cəmi 1570 azarkeş gəlib. 2-ci turda “Araz-Naxçıvan”la qarşılaşmanı 1670, “Şəfa” ilə görüşü isə 1470 tamaşaçı izləyib. Bu rəqəmlər nəinki klubun tarixi və azarkeş potensialı ilə uzlaşır, həm də çempionluğa iddialı komanda üçün yetərincə aşağı göstəricidi.
Cari mövsümdə ev oyunlarında topladığı azarkeş sayına görə “Kəpəz” və “Turan Tovuz” “Neftçi”ni qabaqlayır. Gəncə təmsilçisi hər oyuna orta hesabla 10 mindən çox, “bozqurd” isə 4 mindən artıq azarkeş cəlb etdiyi halda, paytaxt klubunun stadionu əksər görüşlərdə boş qalır. Öz aramızdı, “Neftçi”nin tarixi və ənənələri hara, bu komandalarınkı hara...
Çempionluq uğrunda mübarizə aparan, zirvədə qərarlaşan “Neftçi”nin azarkeşləri niyə stadiona gəlmir? “Neftçi”ni sevənlərin bu küskünlüyünün səbəbi nədi? Və daha bir sual: azarkeşin bu incikliyi nə vaxta qədər davam edəcək? Çox güman, komanda çempion olana qədər! Onda azarkeş əlindən tərpənmək olmayacaq. Bəs belə mövqe nə dərəcədə səmimidi?
İSRAYIL XEYRULLAYEV
Azarkeşi "Neftçi" ilə nə vaxt barışacaq? – “Kəpəz” və “Turan Tovuz” sizi qabaqlayır
Ölkə futbolu / Manşet





