“26 ildən sonra Norveçə yalnız indi qayıtmağıma özüm də təəccüblənirəm” – Valdas Dambrauskas

3.11.2026 23:50 99
Aktual
“Sabah” sabah ÇL-in liqa mərhələsində növbəti oyuna çıxacaq. Bu gün isə “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas oyunun keçiriləcəyi Stavanger şəhərində jurnalistlər önünə çıxıb.
Litvalı mütəxəssis süni örtüklü meydançalarda oynamağın qadağan edilməsinin tərəfdarı olmadığını bildirib:
- Bu məsələyə münasibət bildirmək üçün özümü yetərincə səlahiyyətli hesab etmirəm. Bildiyimə görə, süni örtüklü meydançaların daha çox zədəyə və ya sağlamlığa zərərə səbəb olduğu sübut edilməyib. Mən Litvadan gəlirəm və orda iqlim şəraitinə görə təbii ot örtüyündə oynamağın nə qədər çətin olduğunu bilirəm. Mövsümə başlayırıq və təxminən aprelin sonuna, mayın əvvəlinə qədər süni örtüklü meydançalarda, bəzən isə qapalı zallarda oynayırıq. İqlim belədi və biz də şəraitə uyğunlaşırıq.
Komandanın fiziki vəziyyətindən danışan baş məşqçi sıx oyun qrafikinin futbolçular üçün çətinlik yaratdığını deyib:
- Belə sıx qrafikdə həmişə xırda zədələr və zərbələr olur. Gələn bazar günü milli komandaların fasiləsindən sonrakı ilk oyunumuzdan 28 gün keçmiş olacaq və həmin müddətdə səkkiz oyun keçirmiş olacağıq. Yəni hər üç-dörd gündən bir meydana çıxırıq. Bununla belə, bu, hamımız üçün böyük oyun və çoxlarının arzusudu. Çempionlar Liqasında olmayan bir çox futbolçu mənim oyunçularımın yerində olmaq istəyərdi. Biz də bu turnirdə olduğumuza görə xoşbəxtik. Sabah üçün ən hazır və ən yaxşı vəziyyətdə olan 23 futbolçunu seçdiyimizi düşünürəm. Bir-iki oyunçu ilə bağlı qərarı isə bu axşamkı məşqdən sonra verəcəyik.
Dambrauskas “Vikinq”lə qarşılaşmaya hazırlıq zamanı əsas diqqəti futbolçuların bərpasına yönəltdiklərini vurğulayıb:
- Ötən cümə çempionatda çox çətin oyun keçirdik. Çətinlik təkcə oyunun özündə deyil, səfərlərdədi. Dünən Norveçə beş saat uçduq. Əvvəlki oyunumuzdan qabaq da həmin matça qatarla altı saat yol getmişdik, sonra geri qayıtmaq üçün də altı saatlıq səfərimiz oldu. Gecə saat dörd radələrində geri çatdıq. Belə olanda bərpa üçün vaxt çox azalır. Bədən daim yorğun olur və məşq vaxtımız da azalır. Əsas çətinlik futbolçuları mümkün qədər dinc və sağlam saxlamaqdı. Bu, həm tibbi heyətin, həm də məşqçilərin üzərinə düşür. Texniki hazırlığa gəlincə, düşünürəm ki, yaxşı hazırlaşmışıq.
Dambrauskas Norveçə 26 il sonra qayıtmasına da münasibət bildirib:
- 26 il əvvəl Norveçdə təxminən üç ay yarım, bəlkə də dörd aya yaxın qalmışdım. Uzun vaxt keçib və bu müddətdə Norveçə yalnız indi qayıtmağıma özüm də təəccüblənirəm. Burda yenidən olmaq çox xoş və möhtəşəm hissdi. Xüsusilə də başqa səbəbdən yox, futbol üçün burda olmaq.