İsa Suliman, yoxsa Sultan Süleyman? – kapitan özünü “gənclik şəhəri”nin şahı zənn edir!

3.11.2026 19:51 108
Yazarlar / Manşet
Misli premyer-liqasında 10-cu tur da mübahisəli hakim qərarı ilə yadda qaldı. Söhbət “Sumqayıt” – “Şəfa” oyununun 36-cı dəqiqədə yaşanan hadisədən gedir.

“Kimyaçılar”ın futbolçusu İsa Suliman komanda yoldaşı Marko Yohansonla yanaşı, topa da toxundu. Kapitanın nə etməyə çalışdığını anlamayan qapıçı çaşqınlıq içində “kürə”ni oyuna daxil etdi. Penalti təyin ediləcəyini gözləyən “Şəfa”nın ümidləri isə özünü doğrultmadı. Ona görə ki, epizodu incələyən VAR hakimi Rauf Cabbarov baş hakim Nicat İsmayıllıdan matçı davam etdirməsini istədi.

Həmin anda Yohanson topu itirsəydi, nəticədə yaxınlıqdakı rəqib futbolçular qol vursa, sayılacaqdımı? Qərar niyə bu cür oldu, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov epizodu necə şərh edəcək - bunu bilmirik. Hazırda o qədər cavabsız sual var ki... Ancaq Sulimanın düşüncəsiz davranışı komandasına böyük ziyan verə, bəlkə də penalti təyin edilsə, matç “Sumqayıt”ın məğlubiyyəti ilə nəticələnə bilərdi. Lakin Sulimanın yersiz müdaxiləsi – topa əllə toxunması cəzasız qaldı.

Öz aramızdı, bəlkə Rauf Cabbarov Sulimanı Osmanlının möhtəşəm yüz ilinin memarı Sultan Süleyman Qanuni ilə səhv salıb? Yoxsa kapitan sarğısını geyən Suliman artıq özünü “gənclik şəhəri”nin şahı zənn edir? Axı Sultan Süleyman Osmanlıya yeni hüquq sistemi gətirdi, nəhəng imperatorluqda ədalət sistemi vahid qanunnamə ilə nizamlandı. Onun dönəmində haqsızlıq ən sərt şəkildə cəzalandırıldı. Zindanlar dolub-daşdı, başlar kəsildi. Əlbəttə, biz belə amansız, qanlı cəzanın əleyhinəyik. Ancaq ədalətsizlik də cəzasız qalmamalıdı!

KƏNAN BAHADIR