PSJ basklar önündə çətinlik çəkmədi

8.03.2024 19:30 169
Çempionlar Liqası
Çərşənbə axşamı Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərindən ikisi keçirildi.

"Football-plus.az" xəbər verir ki, ilk oyunda səfərdə “Latsio”ya minimal hesabla uduzan “Bavariya” evdə bu komandanı darmadağın etdi. PSJ isə evdə qazandığı 2:0 hesablı qələbənin davamını İspaniyada gətirdi.

ÇEMPİONLAR LİQASI. 1/8 final, cavab görüşü
Real Sosyedad - PSJ 1:2 (0:1)
Real Sosyedad (San-Sebastyan, İspaniya): Remiro, Traore, Subeldiya (Paçeko, 76), Le Norman, Qalan, Mendes (Turryentes, 61), Subimendi (Olasaqasti, 83), Merino, Kubo, Oyarsabal (Silva, 76), Bekker (Barrenecea, 61).
PSJ (Fransa): Donnarumma, Hakimi (Soler, 82), Beraldo, L.Ernandes, Mendeş (Mukiele, 61), Zair-Emeri, Vitinya, Ruis (Uqarte, 77), Dembele (Kolo Muani, 82), K.Mbappe, Barkola (Li Kan İn, 46).
Qollar: K.Mbappe, 15 (0:1). K.Mbappe, 56 (0:2). Merino, 89 (1:2).
Vərəqələr: Mendeş, 28. Hakimi, 41. Kubo, 42. Dembele, 45+4. Subeldiya, 54 – sarı.
Hakim: Maykl Oliver (İngiltərə).
5 mart. San-Sebastyan. 39336 tamaşaçı.
İlk oyun – 0:2.
oyunun statistikası
14 (6) qapıya (çərçivəyə) zərbə 10 (7)
6 künc zərbəsi 4
5 ofsayd 7
20 qayda pozuntusu 13
2 (0) sarı (qırmızı) vərəqə 3 (0)
47 topa sahibolma (faizlə) 53

Bu komandalar arasındakı ilk oyun PSJ-nin 2:0 hesablı qələbəsi ilə bitmişdi. Bu hesab prinsipcə “Real Sosyedad”a növbəti mərhələyə adlamaq baxımından müəyyən ümidlər verirdi. Maraqlıdı ki, artıq bütün turnirlərdə 20 oyundu uduzmayan parislilər həmin qələbədən sonra Fransa çempionatında “Nant”a qalib gəlmiş (2:0), ardından “Renn” (1:1) və “Monako” (0:0) ilə heç-heçə etmişdi. Hərçənd 2-ci pillədə qərarlaşan “Brest” ilə xal fərqi onsuz da böyükdü (9).

“Real Sosyedad” isə İspaniya çempionatında da problem yaşayır. Basklar Parisdəki məğlubiyyətin ardından “Malyorka”ya qalib gəlmiş (2:1), sonra elə həmin rəqibə ölkə kubokunda penalti seriyasında uduzmuş, həmçinin “Vilyarreal” (1:3) və “Sevilya” (2:3) ilə oyunlardan məğlub ayrılmışdılar. Belə çıxır ki, San-Sebastyan təmsilçisi son 6 oyunun 5-də uduzmuşdu. Üstəlik onların heyətində çoxlu zədəli də var. Odriosola, Karlos Fernandes, Munyos, Merkelans və Zaxaryan bu oyunda komandasına kömək edə bilməyəcəkdi. PSJ isə Kimpembe, Şkrinyar, Riko, Kyurzava və Asensionun xidmətindən məhrum idi.

Oyunun axarına gəlincə, PSJ ilk görüşlə müqayisədə daha az problem yaşadı. Hərçənd hesab fərqlidi. Parislilər cavab görüşünün ilk bir saatı ərzində meydanda dominantlıq etdi, rəqibə əl-qol açmağa imkan vermədi. Mbappe artıq 15-ci dəqiqədə hesabı açdı, PSJ dəfələrlə fərqi artırmaq imkanı qazandı. 2-ci hissənin əvvəlində qonaqlar daha bir qol vurdu. Bundan sonra dəyişikliklər seriyası başladı. Nəhayət, “Real Sosyedad” oyandı. Ya da bəlkə PSJ yatmağa başladı. Niyə belə deyirik? Ona görə ki, artıq meydan sahibləri təşəbbüsü ələ keçirdilər və bir neçə təhlükəli vəziyyət yaratdılar. Hiss olunurdu ki, qonaqlar istəsələr, “artıra” bilərlər. Ancaq hesab onları buna sövq etmirdi. Bu üzdən “Real Sosyedad” təzyiqi artırdı, bəzi imkanları əldən verdi və nəhayət, sonda fərqi minimuma endirdi. Çətin ki, təsəlli qolu baskları sakitləşdirə. Ancaq yerli azarkeşlər “Sosyedad”ın Çempionlar Liqasındakı son dəqiqələrini bəstələrlə müşayiət etdi.

Faktlar
* Mbappe ÇL-in pley-offunda qol sayına görə 6-cı pilləyə yüksəldi. 25 yaşlı fransalı buna “Real Sosyedad”la oyundakı dubl sayəsində nail oldu. Kilian indiyə qədər bu turnirin pley-offuna 18 qol vurub. O, Raul ilə Şevçenkoya çatdı. Fransalı ulduzu yalnız 5 futbolçu qabaqlayır: Müllür (27), Levandovski (31), Benzema (34), Messi (49), K.Ronaldo (67).
* Mbappe bu mövsüm “böyük beşlik” ölkələrində bütün turnirlərdə qol sayına görə 40 qol həddinə çatan ilk futbolçudu. Fransalı bunu 34 oyunda bacarıb.

Oyundan sonra
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Biz məşqçilər həmişə həll yolu axtarmağa çalışırıq, ancaq bu gün oyunçular yaxşı çıxış etdi. Hər biri yüksək səviyyədə oynadı. Oyunçuların müdafiədə etibarlı, hücumda effektli idi. Bu iki matçda çox şey vəd edən oyun göstərdik”.


İmanol Alquasil, “Real Sosyedad”ın baş məşqçisi:

“Hər şeydən əvvəl azarkeşləri təbrik etmək istəyirəm, ona görə ki, onlar bu gün həqiqətən Çempionlar Liqasının səviyyəsinə uyğun idi. Həmçinin oyunçularımı təbrik etmək istəyirəm. Düzdü, 1/4 finala adlaya bilmədik. Ancaq Çempionlar Liqasının ən yaxşı komandalarından birinə rəqib idik. Çox xoşbəxtəm və komandamla çox qürur duyuram. Ümid edirik ki, yenidən ÇL-də oynamağımız üçün o qədər də çox vaxt lazım gəlməyəcək. Növbəti mövsüm avrokuboklarda oynamaq üçün özümüzdən asılı olan hər şeyi etmək niyyətindəyik”.


Nasser Əl-Xelayfi, PSJ-nin prezidenti:

“Bu gecə həqiqətən də yaxşı oynadıq. Hər kəs komanda yoldaşı üçün də oynadı, klubda məhz bunu istəyirik. Qürur duyuruq, gələcək üçün nəsə qururuq. Vahid kollektiv kimi oynayan komanda gördüm – mənim və baş məşqçinin istəyi də elə budu”.


Kilian Mbappe, PSJ-nin hücumçusu:

“Çox xoşbəxtik. Hədəfimiz bu idi. Bu mərhələni adlamaq, ancaq eyni zamanda qələbə qazanmaq istəyirdik. Bu oyun üçün dəqiq planımız var idi. Oyunun əvvəlində fərqlənə bildik. Rəqib bizə o qədər də böyük təzyiq göstərmədi, yalnız sonda bunu hiss etdik. Dərhal anladıq ki, burda “yuxulaya” bilmərik. Rəqib hesabı açsaydı, azarkeşlərinin də dəstəyi altında təzyiqi davam etdirəcəkdi. Lap əvvəldən onların ümidlərini qırmalı olduq. Yenidən 1/4 finalda oynaya biləcəyimizə görə şadıq”.


Uorren Zair-Emeri:

“Növbəti mərhələyə adlamaq çox xoşdu. Bura qələbə arxasınca gəlmişdik, yaxşı ki bacardıq. Tam gücümüzü ortaya qoyduq. Düşünürəm ki, bütün oyun boyunca həqiqətən yaxşı təsir bağışladıq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirdik, bu da nəticə verdi. Yaxşı hazırlaşırıq. Fransa çempionatında və ya avrokuboklarda olsun, fərqi yoxdu, qalan oyunlarda da qalib gəlməyə çalışacağıq. İrəlidə bizi mövsümün ən vacib hissəsi gözləyir”.


Lukas Beraldo, PSJ-nin müdafiəçisi:

“Planetin ən mötəbər turnirində mübarizəni davam etdirmək imkanı bizim üçün çox şey deməkdi. Uğurlar qazanmağa davam edəcəyimizə ümidliyəm. Bu çox çətin səfər oyunu idi. Rəqib bizə böyük təzyiq göstərdi, azarkeşlərindən enerji alırdı. Ancaq biz bunun öhdəsindən yaxşı gəldik, erkən qol vurmaq bizi sakitləşdirdi. Ondan sonra meydanda öz oyunumuzu diqtə etməyə başladıq”.


Alexandro Remiro, “Real Sosyedad”ın qapıçısı:

“Adamlar, adətən, nəticələrə köklənirlər. Ancaq bizim üçün prosesin özü daha maraqlıdı. İşimizə, futbol anlayışımıza sadiq qalmalı, ideyalarımızı meydanda – oyunda əks etdirməliyik”.


Martin Subimendi, “Real Sosyedad”ın yarımmüdafiəçisi:

“PSJ-nin 15-ci dəqiqədə hesabı açması bizim üçün ağır zərbə oldu. Hər şey tərsinə olmalıydı. Planımız belə idi ki, özümüz qol vura bilməsək belə, heç olmasa, qol da buraxmayaq. Mbappenin qolu planlarımızı ciddi şəkildə pozdu. Biz isə bu oyunda hədsiz gec fərqləndik”.