DÇ-2027-nin təsnifat mərhələsinə hazırlaşan kişilərdən ibarət basketbol yığmamız İstanbuldakı təlim məşq toplanışını başa çatdıraraq İsveçrəyə yollanıb.
Bu gün keçiriləcək İsveçrə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. A qrupunda Kosovo və İrlandiya milliləri də mübarizə aparır. Görəsən, yığmanın yekun heyəti müəyyənləşibmi? İsveçrə ilə oyundan gözləntilər nədi? Fikirlərini öyrənmək üçün baş məşqçi Tahir Baxşıyevə müraciət etdik:
“Artıq heyətimiz bəllidi. İsveçrə ilə oyunda Zaur Paşayev, Amil Həmzəyev, Endər Poladxanlı, Elşad Şirzadov, Şirzad Şirzadov, Əkbər Məmmədov, Ərcan Donat, Həmzə Donat, Orxan Aydın, Kamran Məmmədov, Ulaş Turqut, Zak Ledey iştirak edəcək. Çoxdan belə yarışlara qatılmırıq. Ona görə bizim üçün bir qədər çətin olacaq. Lakin meydana qələbə üçün çıxacağıq. İnşallah, əlimizdən gələni edəcəyik. Türkiyədə təlim-məşq toplanışındaydıq. Orda keçirdiyimiz yoxlama oyunlarının da bizə faydası oldu. Müsbət və mənfi cəhətlərimizi gördük və onların üzərində işlədik”.
Bu arada Azərbaycan Basketbol Federasiyası Kosovo ilə fevralın 25-də Bakıda keçiriləcək oyunun başlama vaxtının dəyişdirildiyini elan edib. “Sərhədçi” İdman Mərkəzində keçiriləcək oyun əvvəlcədən nəzərdə tutulduğu kimi 19.00-da yox, günorta saatlarında – 14.00-da başlayacaq. Arenaya giriş sərbəstdi.
Sonda onu da xatırladaq ki, İsveçrə ilə bugünkü səfər oyununu “İdman” TV canlı yayınlayacaq.
GÜNAY SÜLEYMANOVA