Nəhənglərdən “Liverpul”, “Arsenal” və MY turu qələbə ilə başa vurdu, “Tottenhem” evdə uduzdu, MS ilə “Çelsi” “sülh bağladı”. Əlbəttə, bu heç-heçə turu qələbə ilə başa vuran “Liverpul”la “Arsenal”ı sevindirdi. Qvardiolanın komandası indi mersisaydlılardan 4, londonlulardan 2 xal geri qalır. Düzdü, “şəhərlilər”in ehtiyatda bir oyunu da var.
"Football-plus.az" xəbər verir ki, lider “Liverpul” səfərdə “Brentford”u darmadağın etdi. Hesaba baxsaq, bu qələbə “qırmızılar”a heç də çətin başa gəlmədi. Ancaq qonaqlar xoşagəlməz hallarla da üzləşdi. Klopp ilk yarıda zədə üzündən Consla Jotanı əvəzləməli oldu. Meydan sahibləri oyunun müəyyən bölümlərində xoş təsir bağışladı, “qırmızılar”a problem yaratdı. Amma “Liverpul” fasiləyə az qalmış hesabı açdı. 2-ci hissənin əvvəlində fərq artdı, ortalarında isə darmadağın həddinə çatdı. Touni 75-ci dəqiqədə fərqi azaldanda “Brentford”un oyuna döndüyünü düşünmək olardı, ancaq tezliklə meydan sahibləri 4-cü qolu da buraxdı. Ümumilikdə “arılar”ın müdafiəsi 2-ci hissədə o qədər çox kobud səhvə yol verdi ki, belədə yaxşı nəticəyə ümid etməyə dəyməzdi.
“Mançester Siti” cari mövsümdə 2-ci dəfə hədsiz qeyri-sabit “Çelsi”ni məğlub edə bilmədi. Təbii ki, “Etihad”dakı oyun bu komandaların ilk dövrədəki qarşılaşmasına bənzəmədi. Ancaq yenə də çoxlu emosiya və dramatizm var idi. İlk dəqiqələrdən meydanda gözlənilən mənzərə formalaşdı: “şəhərlilər” topa daha çox nəzarət edir, dominantlığını göstərməyə çalışırdı, qonaqlar isə mütəşəkkil şəkildə müdafiə olunmaqla əks-hücumlara can atırdı. Poçettionun planı ilk yarıda yaxşı işlədi. Meydan sahibləri Petroviçin qapısı önündə təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkdi. Əvəzində “zadəganlar”ın hər hücumu real təhlükəyə səbəb olurdu. Bu mənada “Çelsi”nin fasiləyə az qalmış Sterlinqin sayəsində hesabı açması təəccüblü olmadı. 2-ci hissənin əvvəlində o, sabiq komandasını qapısına 2-ci qolu da vura bilərdi, sadəcə, Emerson gözəl reaksiya ilə zərbənin qarşısını aldı. Qonaqlar 2-ci hissənin əvvəlində də taktiki planına sadiq qaldı. Ancaq tədricən “şəhərlilər” qonaqları meydanın özünə aid hissəsinə sıxışdırmağı bacardı. Petroviçin qapısı önündə təhlükəli vəziyyətlər bir-birini əvəz etməyə başladı, nəhayət, sonda Qvardiolanın komandası hesabı bərabərləşdirə bildi. Rodrinin qolundan sonra da MS-nin təzyiqi davam etdi, ancaq “Çelsi” heç-heçə hesabını qoruya bildi. Sözsüz, “Etihad”da heç-heçə bu komanda üçün yaxşı nəticədi. Yəni Poçettionun gənc komandası top-kluba qarşı keyfiyyətli oyun göstərməyi bacardı. Bundan sonra “göylər” bütün diqqətini fevralın 25-də “Uembli”də “Liverpu”la keçirəcəyi Liqa kubokunun finalına yönəldəcək.
Mövsümə iddialı başlayan “Tottenhem” evdə məğlubiyyətlə barışdı. “Mahmızlar” ilk yarıda yaradıcılıq baxımından ciddi çətinlik yaşadı. Fasilə ərəfəsində “Vulverhempton” hesabı açdı. Standart vəziyyətlərin ustası Sarabiyanın künc zərbəsindən asmasından sonra Qomes müdafiəçilərin müqaviməti ilə üzləşmədən topu tora göndərdi. Paltardəyişmə otağındakı söhbət “mahmızlar”ı canlandırdı və onlar 2-ci hissəyə yaxşı başladı. Bunun da nəticəsi kimi Kulusevski dərhal hesabı bərabərləşdirdi. Amma xoşbəxtliyi hücumda axtaran “Tottenhem” 63-cü dəqiqədə növbəti dəfə cəzalandı. Portuqaliyalı Neto həmvətəni Qomesin fərqlənməsinə şərait yaratdı. Final fiti ərəfəsində Devis iki dəfə “mahmızlar”ın xilaskarı ola bilərdi. Məğlubiyyət “Tottenhem”in növbəti dəfə “Aston Villa” ilə yerini dəyişməsinə səbəbkar oldu. Çünki birmingemlilər Uotkinsin dublu sayəsində səfərdə “Fulhem”i məğlub etdi.
“Arsenal” isə qələbə seriyasını 5-ə çatdırdı. Gözlənildiyi kimi, “topçular” “Bernli” önündə çətinlik çəkmədi. Artetanın komandası oyuna yaxşı başlayaraq artıq 4-cü dəqiqədə hesabı açdı. İlk yarının gedişində sıralanan qol vəziyyətləri sonda fərqin artmasıyla nəticələndi. Trossarın qazandığı penaltini Saka qola çevirdi. Məhz o, 2-ci hissənin əvvəlində dublu rəsmiləşdirməklə qalibin kimliyinə aydınlıq gətirdi. Qonaqlar bundan sonra da tempi aşağı salmadı. Trossarla Havertsin qolları fərqi biabırçı həddə çatdırdı. Kompaninin çalışdırdığı “Bernli”nin oyununda əməlli-başlı xaos hökm sürürdü. Bu komanda çempionşipə dönmək yolunda daha bir addım atdı. “Arsenal” isə “Liverpul”u izləməkdədi və “Portu” ilə ÇL oyununa yaxşı əhval-ruhiyyədə hazırlaşacaq.
MY çempionatda qələbə seriyasını 4 oyuna çatdırdı. Amma nəticələr baxımından hər şey yaxşı olsa da, komanda oyun baxımından sabitlik yaxalaya bilmir. “Luton”la səfər oyunu bunu əyani şəkildə göstərdi. Ten Haqın komandası oyuna möhtəşəm başlayaraq artıq 7-ci dəqiqədə 2 top üstünlüyünü təmin etdi. Oyunun axarına tam nəzarət edən mankuninalar intriqanı bitirmək əvəzinə rəqibin Morrislə fərqi azaltmasına və özünəinam qazanmasına imkan verdi. “Luton”un qolundan sonra oyunun axarı ciddi şəkildə dəyişdi. Edvardsın komandası təşəbbüsü ələ aldı, yaradıcı hücumlar qurdu, MY isə fasiləyə qədər bir daha heç nə ilə yadda qalmadı. 2-ci hissədə “qırmızı şeytanlar”ın oyunu sabitləşdi. Ten Haqın komandası fərqi artırmaq üçün bir neçə əlverişli imkan qazandı, ancaq Fernandeş, Qarnaço və Heylunn bunları boşa verdi. MY sonda belə “bədxərcliyə” görə cəzalana bilərdi. Epizodların birində Barklinin zərbəsi tirdən döndü. Qonaqlar bir qədər də bəxtin sayəsində meydandan qalib ayrılmaqla 6-cı pillədəki yerini qorudu. MY həmçinin 5-ci pillədəki “Tottenhem”lə xal fərqini 3-ə endirdi.
Turun qalan oyunlarına gəlincə, “Nottingem Forest” “Vest Hem”i məğlub, “Brayton” isə “Şeffild Yunayted”i darmadağın etdi. “Nyukasl” – “Bornmut” oyununda məhsuldar heç-heçə qeydə alındı. Turun dünən axşam keçirilən son oyununda “Everton”la “Kristal Pelas” da heç-heçəyə razılaşdı.
25-ci tur
Brentford – Liverpul 1:4
Touni, 75 – Nunyes, 35. Makallister, 55. Salah, 68. Qakpo, 86. (17193)
Liverpul: Kelleher, Robertson, Van Diyk, Konate, Bredli (Qomes, 83), Makallister (Elliott, 83), Endo, Cons (Qravenberx, 34), Dias, Nunyes (Qakpo, 46), Jota (Salah, 44).
Mançester Siti – Çelsi 1:1
Rodri, 83 – Sterlinq, 42. (53285)
MS: Ederson, Akanci, Ake, Diaş, Uoker, Rodri, Dokyu, Alvares (B.Silva, 64), De Bruyne, Foden, Holann.
Çelsi: Petroviç, Çiluell, Koluill, Disasi, Hüsto, Kaysedo, Fernandes, Sterlinq (Nkunku, 64), Qallaher, Palmer (Çaloba, 71), Cekson (Kazadei, 82).
Bernli – Arsenal 0:5
Edeqor, 4. Saka, 41-p.; 47. Trossar, 66. Haverts, 78. (21311)
Arsenal: Rayya, Kivyor, Saliba, Qabriel, Uayt (Soareş, 69), Edeqor, Rays (Jorjinyo, 80), Haverts (Smit-Rou, 84), Martinelli, Trossar (Nketia, 69), Saka (Nelson, 69).
Tottenhem – Vulverhempton 1:2
Kulusevski, 46 – Qomes, 42; 63. (61532)
Tottenhem: Vikario, Devis, Van de Ven, Romero, Emerson (Lo Çelso, 85), Bissuma (Verner, 71), Sarr (Bentankur, 71), Son Hın Min, Meddison (Heybyerq, 85), Kulusevski, Rişarlison (Conson, 71).
Luton – Mançester Yunayted 1:2
Morris, 14 – Heylunn, 1; 7. (11483)
MY: Onana, Şou (Lindelöf, 45+2), Maquayr (Evans, 46), Varon, Dalot, Maynu, Kazemiro (Maktominey, 46), Reşford, Fernandeş, Qarnaço, Heylunn (Amrabat, 86).
Nottingem Forest – Vest Hem 2:0
Avonyi, 45+5. Hadson-Odoi, 90+5. (29490)
Nyukasl – Bornmut 2:2
Qordon, 57-p. Riçi, 90+2 – Solanke, 51. Semenyo, 69. (52224)
Fulhem – Aston Villa 1:2
Muniz, 64 – Uotkins, 23; 56. (24401)
Şeffild Yunayted – Brayton 0:5
Buoananotte, 20. Uelbek, 24. Robinson, 75-öz qapısına. Adinqra, 78; 85. (29522)
Everton – Kristal Pelas 1:1
Onana, 84 – Ayyu, 66. (38164)
1. Liverpul 25 17 6 2 59-24 57
2. Arsenal 25 17 4 4 58-22 55
3. Mançester S. 24 16 5 3 57-26 53
4. Aston Villa 25 15 4 6 52-33 49
5. Tottenhem 25 14 5 6 52-38 47
6. Mançester Y. 25 14 2 9 35-34 44
7. Brayton 25 10 8 7 48-40 38
8. Nyukasl 25 11 4 10 53-41 37
9. Vest Hem 25 10 6 9 36-44 36
10. Çelsi 25 10 5 10 42-41 35
11. Vulverhempton 25 10 5 10 39-40 35
12. Fulhem 25 8 5 12 34-41 29
13. Bornmut 24 7 7 10 33-46 28
14. Brentford 24 7 4 13 35-43 25
15. Kristal Pelas 25 6 7 12 28-44 25
16. Nottingem F. 25 6 6 13 32-44 24
17. Everton (-10) 25 8 6 11 27-33 20
18. Luton 24 5 5 14 34-47 20
19. Bernli 25 3 4 18 25-55 13
20. Şeffild Y. 24 3 4 18 22-65 13
Bombardirlər: Holann (MS) - 16, Salah (Liverpul) – 15, Solanke (Bornmut) - 14, Uotkins (Aston Villa) – 13.
Növbəti turun oyunları fevralın 21-26-sı aralığında keçiriləcək: Liverpul – Luton, Aston Villa – Nottingem Forest, Brayton – Everton, Kristal Pelas – Bernli, Mançester Yunayted – Fulhem, Bornmut – Mançester Siti, Arsenal – Nyukasl, Vulverhempton – Şeffild Yunayted, Vest Hem – Brentford. “Çelsi” – “Tottenhem” oyunu Liqa kubokunun finalına görə təxirə salınıb.
Turun rəqəmi
15 – MS-nin məğlubiyyətsiz oyunlarının sayı bu həddə çatdı. Ötən il dekabrın 10-da əsası qoyulan seriya ərzində komanda 13 qələbə qazanıb, 2 oyunda heç-heçə edib. “Siti” həmçinin 2021-ci ildəki ÇL-in finalından bəri keçirilən ardıcıl 8 oyunda “Çelsi”yə uduzmayıb – 6 qələbə, 2 heç-heçə.
Turun ulduzu
Rasmus Heylunn (MY) – mövsümün ağır ilk yarısından sonra özünəinam qazanıb. Növbəti parlaq oyunla qələbənin memarı oldu. Danimarkalı premyer-liqada ilk dəfə dubl etdi, eyni zamanda kuboku da nəzərə alsaq, qol seriyasını 6 oyuna çatdırdı.
Turun sitatı
Rodri, MS-nin yarımmüdafiəçisi: “1 xaldan daha artığına layiq idik, xüsusən də fasilədən sonra. Ancaq müdafiədə yaxşı oynaya bilmədik. Çempionluq uğrunda mübarizə aparmaq istəyiriksə, məsuliyyətli olmaq lazımdı”.
Reaksiyalar
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Qarışıq hisslər keçiririk, axı zədə üzündən oyunçularımızı itirmişdik. Düşünürəm ki, ümumilikdə yaxşı oynadıq, rəqib qapıçının fədakarlığına baxmayaraq, şanslardan yararlandıq.
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Bu stadionda oynamaq həmişə çətindi. “Bernli”, adətən, top-komandalara qarşı səylə çalışır. Ancaq erkən qol vurduq, oyun “açıldı” və belədə işimiz asanlaşdı”.
Maurisio Poçettino, “Çelsi”nin baş məşqçisi: “Bu gün doğru yolda olduğumuzu göstərən oyunçularımla fəxr edirəm. 2-ci hissədə çətinlik çəkdik, amma ilk yarıda dünyanın ən yaxşı komandası qapımız önündə yalnız bir təhlükəli vəziyyət yaratdı. Bu oyunda qələbə qazana bilərdik”.
Pep Qvardiola, MS-nin baş məşqçisi: “Çelsi” ilə oyunun bizim üçün sınaq olacağını bilirdik. 2-ci hissəni əla keçirdik, ilk yarı isə səviyyəmizə uyğun olmadı. “Çelsi” kimi komandaları məğlub etmək üçün bir hissə yox, 90 dəqiqə oynamaq lazımdı”.
Erik ten Haq, MY-nin baş məşqçisi: “İlk 10 dəqiqə asan oldu, ardından vəziyyət çətinləşdi. Şanlardan yararlana bilmədik, belədə rəqib oyuna döndü. Qarnaço ilə Reşford gözəl imkanları qaçırdı”.
Faktlar
* Van Diyk “Liverpul”da ilk 250 oyunda qələbə sayına (171) görə klub rekordunu təkrarladı.
* Holann “Çelsi”nin qapısına 9 zərbə vursa da, fərqlənə bilmədi. Son 8 mövsümdə “Siti”nin yalnız iki oyunçusu belə bəxtsizlik yaşayıb. Holann 2017-də MY ilə oyunda 9 zərbəsinin heç biri qola çevrilməyən Aqueronun antirekordunu təkrarladı.
* Heylunn artıq 37-ci saniyədə fərqləndi, bu isə MY-nin premyer-liqada səfərdə vurduğu ən erkən qoldu.