Premyer-liqada hesabat turu Mançester nəhənglərinin və “Liverpul”un məğlubiyyəti ilə əlamətdar oldu.
“Football-plus.az” xəbər verir ki, “Arsenal” “Bornmut”u darmadağın etdi, “Luton” isə özü kimi autsayder “Everton”u məğlub etməklə mövsümdə ilk qələbəsini qazandı.
Həftəiçi Liqa kubokunda mübarizəni dayandıran “Mançester Siti”nin “Vulverhempton” səfəri də uğursuz oldu. Heç də yaxşı formada olmayan “canavarlar” fədakarcasına çarpışdı və oyunla bağlı planı yerinə yetirdi. Əlbəttə, bəxt də onların yanında idi: ilk qol Diaşın yanlış hərəkətinin nəticəsi idi, Edersonun qapısına vurulan 2-ci qoldan əvvəl “Siti” möcüzə sayəsində topu qapıdan keçirə bilmədi. Oyunun əsas qəhrəmanı 66-cı dəqiqədə qələbə topunu vuran Hi Çan Hvan oldu. Yeri gəlmişkən, koreyalı ilk yarıda az qala meydandan qovulacaqdı. Mançesterlilərdə Pedri ilə De Bruynenin yoxluğu özünü göstərdi, cərimə zərbəsindən effektli qol vuran Alvaresin fəallığı isə bəs etmədi. Çox maraqlı məqamdı: rəqibin qapı “çərçivə”sinə yalnız bir zərbə vuran “Vulverhempton” son üç turda həsrət qaldığı qələbəni qazandı. Premyer-liqada bəzən belə də olur.
Mançesterin digər təmsilçisi də meydandan məğlubiyyətlə ayrıldı. Hərçənd çempionatda “Bernli”, Liqa kubokunda “Kristal Pelas” üzərində qələbədən sonra hər kəsə elə gəlirdi ki, MY-də işlər qaydasına düşüb. Amma elə həmin “Kristal Pelas”la çempionat oyununda mançesterlilər hədsiz inamsız təsir bağışladı. Onlar ilk yarıda böyük ərazi üstünlüyünə malik olsalar da, yalnız bir təhlükəli vəziyyət yaratdılar. Roy Hocsonun komandasına isə topa nəzarət etmək lazım deyildi. Hissənin ortalarında qonaqlar hesabı açdı. Standart vəziyyətdən sonra top Andersenin önünə düşdü, o da dəqiq və qarşısıalınmaz zərbə vurdu. Fasilədən sonra da oyunun mənzərəsi dəyişmədi, sadəcə, Constounun qapısı önündə təhlükəli vəziyyətlərin sayı artdı. Ancaq hesabı bərabərləşdirmək mümkün olmadı. Qonaqlar da bir neçə dəfə fərqi artıra bilərdi. Xalını 11-ə çatdıran “Kristal Pelas” MY-ni turnir cədvəlində arxada qoydu. MY belə oyunla çətin ki irəli gedə bilə. Bu gün isə Ten Haqın komandasını “Qalatasaray”la oyun gözləyir.
Necə gözlənilirdisə, elə də oldu – “Arsenal” səfərdə çətinlik çəkmədən “Bornmut”la hesablaşdı. Sıx qrafikin “topçular”a çətinlik yarada biləcəyi ilə bağlı gümanlar doğrulmadı. Onlar rəqib qapısından 4 cavabsız qol keçirdilər. Müqavilə müddətinin uzadılmasından ruhlanan Edeqor xüsusi canfəşanlıq göstərdi. Norveçli futbolçu “qanadlanıb”. 4 qolun hamısında bu və ya başqa şəkildə iştirak etdi. London təmsilçisi rəqibi açıq-aşkar üstələyirdi. Belə oyundan sonra “Bornmut”un baş məşqçisi Andoni İraolanın postunu qoruması çətin olacaq.
Turun mərkəzi oyununda “Tottenhem” “Liverpul”u qəbul etdi. Bu oyunun maraqla gözlənilməsinin səbəbi çox idi. İlk növbədə onu xatırladaq ki, komandalardan heç biri premyer-liqada uduzmamışdı. İlk yarıda meydanda bərabər mübarizə getdi. Düzdü, ən təhlükəli vəziyyəti “Liverpul” yaratdı, ancaq “mahmızlar” da müntəzəm şəkildə perspektivli hücumlar qururdu. Və 26-cı dəqidəqə gözlənilməz hadisə baş verdi. Bissumanın üzərinə açıq ayaqla gedən Cons “Liverpul”u azlıqda qoydu. İlk qolu məhz “qırmızılar”, daha dəqiqi, Dias vurdu. Ancaq qol ofsayd üzündən sayılmadı, VAR da nədənsə laysmanın qərarını dəstəklədi, halbuki yetərincə mübahisəli məqam idi. Bundan dərhal sonra “Tottenhem” hesabı açdı. Rişarlisonun ötürməsindən sonra Son topu tora göndərdi. Bununla belə, “Liverpul”un təslim olmağa başlamasına dair heç bir əlamət yox idi. İlk yarıya artırılan vaxtda “qırmızılar” cavab topunu vurdu – Van Diyk Qakpoya assistentlik etdi. Fasilədən sonra “Tottenhem” təzyiqi artırdı və Alisson həyəcanlı anlar yaşadı. Braziliyalı dəfələrlə ustalığını göstərməli oldu. Hissənin ortalarında, 68-69-cu dəqiqələrdə iki dəfə Udociyə qarşı kobud oynayan Jota da meydandan qovuldu. “Liverpul” sona qədər 9 nəfərlə müqavimət göstərməliydi. Qonaqlar qalan müddətdə, demək olar ki, ideal şəkildə müdafiə olundu. Ancaq 6-cı uzatma dəqiqəsində (məhz elə bu qədər artırılmışdı) “mahmızlar”ın təzyiqi bəhrəsini verdi. Porronun sağ cinahdan qapı önünə asması zamanı Matip topa uğursuzcasına ayaq qoymaqla Alissonu çaşdırdı. “Liverpul” cox acı sonluq yaşadı. Son 6 ildə ilk dəfə “qırmızılar”ı məğlub edən “Tottenhem” 2-ci pilləyə yüksəldi.
Turun qalan oyunlarına gəlincə, “Aston Villa” Uotkinsin het-triklə yadda qaldığı oyunda “Brayton”u darmadağın etdi. Girişdə vurğuladığımız kimi, “Luton” “Everton” üzərində səfər qələbəsi qazandı. “Nyukasl” ardıcıl 3-cü qələbəsini bayram etdi. “Sağsağanlar” kimi, “Vest Hem” də “Şeffild Yunayted”lə oyunda iki cavabsız qol vurdu. “Nottingem Forest” “Brentford”la heç-heçə etdi. Turun dünən axşam keçirilən son oyununda isə “Çelsi” inamlı qələbə qazandı.
7-ci tur
Mançester Yunayted – Kristal Pelas 0:1
Andersen, 25. (73428)
MY: Onana, Amrabat, Varan (Maquayr, 88), Lindelöf (Van de Beek, 88), Dalot, Maunt (Marsyal, 77), Kazemiro, Reşford (Eriksen, 77), Fernandeş, Pelyisttri (Qarnaço, 61), Heylunn.
Vulverhempton – Mançester Siti 2:1
Diaş, 13-öz qapısına. Hi Çan Hvan, 80 – Alvares, 58. (31415)
MS: Ederson, Ake (Qriliş, 80), Diaş, Akanci, Uoker, Nunyeş (Bobb, 46), Kovaçiç (Fillips, 65), Dokyu, Alvares, Foden, Holann.
Bornmut – Arsenal 0:4
Saka, 17. Edeqor, 44-p. Haverts, 53-p. Uayt, 90+3. (11193)
Arsenal: Rayya, Zinçenko (Tomiyasu, 69), Qabriel, Saliba, Uayt, Edeqor, Rays (Jorjinyo, 81), Haverts (Smit-Rou, 81), Jezus, Nketia (Nelson, 69), Saka (Vieyra, 76).
Tottenhem – Liverpul 2:1
Son Hın Min, 46. Matip, 90+6-öz qapısına – Qakpo, 45+4. (62001)
Tottenhem: Vikario, Udoci (Devis, 83), Van de Ven, Romero, Porro, Sarr (Skipp, 83), Bissuma (Höybyerq, 90), Son Hın Min (Solomon, 69), Meddison (Velis, 90), Kulusevski, Rişarlison.
Liverpul: Alisson, Robertson, Van Diyk, Matip, Qomes (Konate, 73), Soboslai, Makallister (Qravenberh, 80), Cons, Dias (Endo, 73), Qakpo (Jota, 46), Salah (Aleksander-Arnold, 73).
Aston Villa – Brayton 6:1
Uotkins, 14; 21; 65. Estupinyan, 26-öz qapısına. Remzi, 85. Luis, 90+7 – Fati, 50. (40636)
Everton – Luton 1:2
Kalvert-Lüin, 45 – Lokyer, 24. Morris, 32. (39289)
Nyukasl – Bernli 2:0
Almiron, 14. İsak, 76-p. (49255)
Vest Hem – Şeffild Yunayted 2:0
Bouen, 24. Souçek, 37. (62459)
Nottingem Forest – Brentford 1:1
Dominges, 65 – Nerqor, 58. (29004)
Fulhem – Çelsi 0:2
Mudrik, 18. Broya, 19. (24445)
1. Mançester S. 7 6 0 1 17-5 18
2. Tottenhem 7 5 2 0 17-8 17
3. Arsenal 7 5 2 0 15-6 17
4. Liverpul 7 5 1 1 16-7 16
5. Aston Villa 7 5 0 2 18-11 15
6. Brayton 7 5 0 2 19-14 15
7. Vest Hem 7 4 1 2 13-10 13
8. Nyukasl 7 4 0 3 18-7 12
9. Kristal Pelas 7 3 2 2 7-7 11
10. Mançester Y. 7 3 0 4 7-11 9
11. Çelsi 7 2 2 3 7-6 8
12. Nottingem F. 7 2 2 3 8-10 8
13. Fulhem 7 2 2 3 5-12 8
13. Brentford 7 1 4 2 10-10 7
14. Vulverhempton 7 2 1 4 8-13 7
16. Everton 7 1 1 5 6-12 4
17. Luton 6 1 1 4 5-12 4
18. Bornmut 7 0 3 4 5-15 3
19. Bernli 6 0 1 5 4-15 1
20. Şeffild Y. 7 0 1 6 5-19 1
Bombardirlər: Holann (MS) – 8, Son Hın Min (Tottenhem) – 6, Bouen (Vest Hem) – 5.
Növbəti turun oyunları oktyabrın 7-8-də keçiriləcək: Luton – Tottenhem, Everton – Bornmut, Fulhem – Şeffild Yunayted, Mançester Yunayted – Brentford, Bernli – Çelsi, Kristal Pelas – Nottingem Forest, Vulverhempton – Aston Villa, Vest Hem – Nyukasl, Brayton – Liverpul, Arsenal – Mançester Siti.
Turun rəqəmi
5 – Roy Hocson səfərdə MY-də uduzmadığı ardıcıl oyunların sayını bu həddə çatdırdı. “Kristal Pelas”ı 2023-cü ilin martından çalışdıran təcrübəli mütəxəssis 2017-21 aralığında da bu komandanın “sükanı arxasında” olub. O, İngiltərə çempionatı tarixinə MY-ə qarşı ardıcıl 5 səfər oyununda uduzmayan ilk məşqçi kimi düşdü. Hocson bu oyunların 3-də qələbə qazanıb, 2-də heç-heçə edib.
Turun ulduzu
Olli Uokins (Aston Villa) – İngiltərənin avrokuboklardakı iki təmsilçindən biri o birini darmadağın etdi. Və 6:1 hesablı qələbədə het-trik edən Uotkins müstəsna rol oynadı. Onun Konfrans Liqasının “Hibernian”la oyununda da 3 qol vurduğunu xatırladaq.
Turun sitatı
Qari Lineker, İngiltərə yığmasının sabiq hücumçusu: “İki qırmızı vərəqə və belə görünür ki, Luis Diasın qolunda VAR-ın kobud səhvi. Düşünürəm ki, Klopp oyundan sonra “qaynayacaq”. Bu gün “Liverpul”un günü deyildi”.
Faktlar
* “Mançester Siti” son iki ildə ilk dəfə ardıcıl iki oyunda uduzdu. Komanda sonuncu dəfə 2021-in avqustunda belə nəticə ilə üzləşmişdi. “Şəhərlilər” onda İngiltərə Superkuboku uğrunda oyunda “Lester”ə (0:1), ardından premyer-liqada “Tottenhem”ə (0:1) məğlub olmuşdular.
* “Liverpul”un oyunçuları ilk 7 turda 4 qırmızı vərəqə ilə üzləşib. “Tottenhem”lə oyunda qədər Makallister (“Bornmut”la oyunda) və Van Diyk (“Nyukasl”la oyunda) də meydandan qovulmuşdu. Xatırladaq ki, “Tottenhem” – “Liverpul” oyununu Saymon Huper idarə edib.