Belə ki, mövsümün ilk yarısında liderlər sırasında qərarlaşan “Qaradağ Lökbatan”, “Şamaxı” və MOİK-in sırasına “İmişli” ilə “Karvan” da qoşulub. Kənan Kərimovun yetirmələri fasilədən sonra MOİK ilə “Qaradağ Lökbatan”ı səfərdə məğlub etməklə iddiasını ortaya qoyub. Yevlax təmsilçisinin belə startı maraq doğrurur. Ona görə ki, heyətinə nəzər yetirsək, müəyyən kasadlıq olduğu görürük. Bəs belə canlanmanın səbəbi nədi? Komandanın baş məşqçisi Kənan Kərimov liderlər üzərindəki qələbələri belə şərh etdi:
“Bəli, ikinci yarıya yaxşı başlamışıq. Bizə qoşulan yeni futbolçular da oyunuyla komandaya kömək oldu. Doğrudu, heyətimiz geniş deyil. 5 oyunçu ilə yollarımızı ayırdıq və onların yerinə ehtiyat qapıçı ilə birlikdə 5 oyunçu cəlb etdik. Fasilə vaxtı da müsahibələrimdə demişdim ki, çempionat maraqlı keçəcək. Şükürlər olsun ki, lider komandalara qarşı iki səfər oyunundan qələbə ilə ayrıldıq. Əslində komandam səfər görüşlərində daha yaxşı oyun nümayiş etdirir. Çünki ot örtüyümüz bərbad vəziyyətdə olduğuna görə çox vaxt elə öz meydanımızda xal itirmişik. Son oyunlarda qazandığımız xallar bizi bir daha liderlər sırasına qaytardı. Yenə də mübarizəmizi sona qədər davam etdirəcəyik. Çünki qarşıda hələ 13 tur var. Çalışacağıq ki, maksimum nəticə göstərərək yuxarı pillələrdə qərarlaşaq”.
Mütəxəssis hədəfin dəyişdiyini də gizlətmədi:
“Hədəflərimiz dəyişib. Sonuncu qələbələrimiz çempionluq uğrunda yarışa bizi bir daha qaytardı. Hazırda liderlərdən 4 xal geridəyik. Əsas məqsədimiz üst sıralarda qərarlaşmaqdı, çempionluq yarışında biz də varıq. Yəni sona kimi mübarizəni davam etdirəcəyik”.
Baş məşqçidən azarkeş dəstəyi haqda da soruşduq:
“Artıq son matçlardan sonra azarkeşlərimiz maraqlanır ki, ev oyunlarımız nə zaman keçiriləcək. Bildiyiniz kimi belə şeylərdə qələbə çox önəmlidi. Doğrusu, biz də həmişə azarkeş çox olur. Sadəcə, oyunlarımız ara günlərə düşdüyünə görə onların çoxu işlə əlaqədar gələ bilmir”.
Kərimov sonda çempionluq mübarizəsinin axarına da toxundu:
“Karvan” çempionata rəng qatdı. Özümüz də daxil olmaqla 5 komanda arasında çempionluq mübarizəsi davam edəcək”.
KAMAL SƏFƏR





