Fransa kubokunda 1/8 final mərhələsi arxada qaldı.
"Football-plus.az" xəbər verir ki, iki cütdə yalnız aşağı dəstə təmsilçiləri qarşılaşdı. 2-ci divizonda mübarizə aparan “Valensyenn” həvəskar “Sent-Priest”i sıradan çıxara bildi. 4-cü divizionda oynayan “Le-Pyui” isə gözlənilmədən “Laval”a qalib gəldi. Elitanın ortabablarından “Renn” aşağı dəstə təsmilçisi “Soşo”nu darmadağın etdi.
“Strasbur”la “Havr” Liqa 1-in turnir cədvəlində qonşudu. Kubok oyununda “Strasbur” bu rəqibi asanlıqla məğlub etdi. Çempionatla bağlı hədəflərindən uzaq düşən “Lion”un iddialı “Lill”i turnirdən kənarlaşdırmasını kiçik sensasiya saymaq olar. Daha bir iddialı – “Nitsa” ilə yoluna davam edir. “Qartallar” səfərdə “Monpelye”nin daşını daş üstə qoymadı.
PSJ – “Brest” oyununun gərgin mübarizəyə səhnə olacağını düşünənlər çox idi. Axı parislilər çempionatın lideridisə, “Brest” də 3-cü pillədə qərarlaşıb. Mbappe ilə Pereyranın ilk yarımsaatdan sonra vurduğu qollar çempionun fasiləyə iki top öndə yollanmasını təmin etdi. Qonaqlar 65-ci dəqiqədə fərqi azaltmaqla intriqanın ölməsinə imkan vermədi. Bəlkə də “Brest” bu oyunda daha yaxşı nəticəyə nail ola bilərdi. Sadəcə, Brassye 69-cu dəqiqədə meydandan qovulmaqla komandasını çətin vəziyyətə saldı. Belədə Ramuşun 2-ci uzatma dəqiqəsində fərqu artırması təəccüb doğurmadı.
“Ruan” – “Monako” cütündə tərəflərdən biri 3-cü divizionu, o biri elitanı təmsil edirdi. 1/8 finalın ən böyük sensasiyası məhz bu oyunda qeydə alındı. Ötən mövsüm “Rodez”ə uduzmaqla biabır olan “knyazlar” “Ruan”la dueldə də eyni aqibəti yaşadı. Maraqlıdı ki, bu komanda “Tuluza”nın ardından daha bir elita təmsilçisini sıradan çıxardı. Özü də “Ruan” bir yox, daha artıq qol vura bilərdi. “Monako” isə topa nəzarət və ərazi üstünlüyü fonunda kəskin hücumlar qurmaqda çətinlik çəkdi. “Knyazlar” 35-ci dəqiqədə hesabı açsa da, fasilə ərəfəsində qol buraxdı. 2-ci hissədə rəqibin təzyiqinə dözən “Ruan” oyunu penalti seriyasına daşımağı bacardı və burda qapıçı Acun iki, onun “Monako”dan olan həmkarı Mayetski bir zərbəni dəf etdi.
1/8 final
PSJ – Brest 3:1
K.Mbappe, 34. Pereyra, 37. Ramuş, 90+2 – Munye, 65.
PSJ: Donnarumma, Hakimi, Markinyos, Pereyra, Beraldo, Ruis (Ramuş, 79), Vitinya, Zair-Emeri, Dembele (Asensio, 71), Barkola (Uqarte, 77), K.Mbappe.
Brest: Kuder, Lala, Le Kardinal, Brassye, Loko, Kamara (Pereyra Laqe, 60), Manyetti (Del Kastiyo, 60), Marten, Dumbiya (Lebo, 77), Munye (Braimi, 77), Satriano (Şardonne, 71).
Monpelye – Nitsa 1:4
Sanyan, 75 – Ndaişimay, 29. Luşe, 37. Şo, 39. Klod-Moris, 62-p.
Nitsa: Bulka, Dante (Mendi, 77), Todibo, Perro (Dumbiya, 87), Ndaişimay, Sanson (Traore, 77), Rosario, Luşe, Klod-Moris, Lyabord (Gessan, 64), Şo (Balde, 64).
Ruan (D-3) – Monako 1:1, p. – 6:5
Bassen, 45+5 – Baloqun, 35-p.
Monako: Mayetski, Maripan, Kerer, Salisu, Vanderson, Fofana, Zakariya (Ben Seqir, 61), Yakobs (Uattara, 61), Minamino (Akliuş, 61), Qolovin, Baloqun.
Lion – Lill 2:1
Orban, 40. Şerki, 47 – Aleksandro, 53.
Strasbur – Havr 3:1
Bakva, 21. Emeqa, 36. Senaya, 90 – Ayyu, 30.
Soşo (D-3) – Renn 1:6
Viltar, 65-p. – Quiri, 24; 47. Salah, 29. Kalimuendo, 35; 41. Burijo, 81.
Sent-Priest (D-5) - Valensyenn (D-2) 1:2
Benhmida, 40-p. – Yunq, 31. Dukure, 80.
Le-Pyui (D-4) – Laval (D-2) 2:1
Mayer, 25; 90+4-p. – Çokunte, 85.
1/4 finalda bu cütlər qarşılaşacaq: Lion – Strasbur, Le-Pyui (D-4) – Renn, PSJ – Nitsa, Ruan (D-3) – Valensyenn (D-2). Oyunlar fevralın 27-28-də keçiriləcək.
Fakt
Mbappe ölkə kuboku çərçivəsində keçirdiyi 28 oyunda 50 (35+15) xal toplayıb. PSJ-nin forvardı bu turnirdəki son 4 oyununda 11 qol vurub.
Reaksiya
Adi Hütter, “Monako”nun baş məşqçisi: “Çox böyük məyusluq yaşayırıq. Əlbəttə, “Ruan”ı təbrik etmək istəyirəm. Biz sona – finala qədər irəliləmək istəyirdik. Yetərincə yaxşı oynamadıq, doğru qərarlar vermədik. “Ruan” asanlıqla müdafiə olundu. Söz tapmaqda çətinlik çəkdiyimi etiraf edirəm. Düşünmürəm ki, “Monako”da xarakter çatışmadı. Amma nəyisə dəyişməliyik”.