Dəyişən heç nə yoxdu, futbol üzrə ölkə çempionatı “Qarabağ” və başqaları” şüarı altında davam edir.
Yox, əslində nəsə var, 2-ci yerin sahibi tez-tez dəyişir. 21-ci tur da bu mənada istisna olmadı. Yenilənən Mehdi Hüseynzadə adına stadionda varlığı ilə yoxluğu hiss olunmayan “Neftçi” “Sumqayıt”a uduzmaqla 2-ci pilləni bu komandaya “bağışladı”. “Ağ-qaralar” əzəli rəqibi “Qarabağ”dan artıq 18 xal geri qalır. Amma onların əsas oyunçularından biri Yuri Matias “Qarabağ”la oyunlarda bundan artığına nail olmaq mümkünsüzdü” deyirsə, artıq hədəflər və məqsədlər mövzusunda nələrsə aydındı.
“Zirə” də heç cür qələbə yoluna çıxa bilmir. Rəşad Sadıqovun komandası, nəhayət, qol vura bildisə, ardıcıl 8-ci oyunda da 3 xala həsrət qaldı. Hələ ki 4-cü pillədə qərarlaşan “qartallar” tədricən zirvədən uzaq düşməkə yanaşı, yeni baş məşqçi ilə “Turan Tovuz”a uduzmayan “Sabah”ın da isti nəfəsini kürəyində hiss edir. Bu da bir qədər mübahisəli yanaşmadı. Bir çempionatda istənilən komandalar bir-birinə qalib gəlirsə, orda 4 xal da normal fərqdi.
Dünənə qədər avrokuboklara iddialılar sırasında adı çəkilən “Araz-Naxçıvan” 3-cü dövrədə fiasko yaşayır. Son 3 oyunda cəmi 1 xal hansısa hədəf uğrunda yarışmağı mümkünsüz edir. Və növbəti istefa xəbəri “Araz-Naxçıvan”ın düşərgəsindən gəlsə, şəxsən mən təəccüblənmərəm.
Heç “Kəpəz”in yüksəlişinə də təəccüblənmirəm. Adil Şükürov gəldi, gəncəliləri Qəbələyə köçürdü, indi də inamla xal ehtiyatını artırır. Komandalar qış fasiləsinə yollananda “Kəpəz”lə “Qəbələ” eyni (14) xala malik idisə, artıq gəncəlilər “qırmızı-qaralar”dan 5 xal öndədi. Düzdü, son günlərdə “Qəbələ”də bəzi struktur dəyişiklikləri olub, yeni təyinatlar gerçəkləşib. Amma hələ ki tunelin sonunda işıq görünmür. Fevralın 8-də “transfer pəncərəsi”nin bağlanacağını da nəzərə alsaq, “Qəbələ”nin nəyin hesabına tərəqqi edəcəyi sual doğurur. Bu başqa məsələ ki, futbol ictimaiyyəti arasında bu komandaya simpatiya bəsləyən, elitada qalmasını vacib sayan adamlar çoxdu. AFFA rəhbərliyi isə dəfələrlə liqalararası dəyiş-düyüş olacağını deyib.
Tədricən ölkədaxili yarışların ən həssas mərhələsinə qədəm qoymaqdayıq. Ölkə kubokunun fevralın 8-9-da keçiriləcək oyunları da bəzi komandaların sonrakı turnir hədəflərini aydınlatmaq baxımından önəmlidi. Təbii ki, 1/4 finalın cavab görüşlərindən sonra kubok uğrunda mübarizə aparacaq komandaların sayı azalacaq, elə komandalar özləri də qitə turnirlərinə hansı yolla qatılmağın məqsədəuyğunluğu ilə bağlı seçim etməli olacaqlar.
Misli premyer-liqası
3-cü dövrə, 21-ci tur
3 fevral
Səbail – Qarabağ 1:2
Sabah – Turan Tovuz 1:1
4 fevral
Sumqayıt – Neftçi 2:1
Qəbələ - Zirə 1:1
5 fevral
Kəpəz - Araz-Naxçıvan 3:1
1. Qarabağ 21 16 2 3 52-17 50
2. Sumqayıt 21 9 7 5 23-25 34
3. Neftçi 21 9 5 7 25-20 32
4. Zirə 21 8 7 6 14-12 31
5. Sabah 21 6 5 8 27-23 27
6. Araz-Naxçıvan 21 7 6 8 23-26 27
7. Səbail 21 7 6 8 28-32 27
8. Turan Tovuz 21 7 5 9 34-32 26
9. Kəpəz 21 5 5 11 17-33 20
10. Qəbələ 21 4 3 14 14-37 15
Bombardirlər: Olavio Juninyo (Qarabağ) – 14, Aleksandr Ramalinqom, Pedro Nuno (hər ikisi “Səbail”), Yassin Benzya (Qarabağ) – 7.
Növbəti turun proqramı
11 fevral, 19.00. Qarabağ – Sabah
12 fevral, 15.00. Kəpəz – Səbail
13 fevral, 15.00. Turan Tovuz – Qəbələ
13 fevral, 17.15. Zirə - Sumqayıt
13 fevral, 19.30. Araz-Naxçıvan - Neftçi
ORXAN