İndi hansı baş məşqçini, hansı mütəxəssisi dindirirsən, səviyyəli yerli oyunçu qıtlığından gileylənir.
Klublar tələblərə cavab verən yerli futbolçu tapmadığından legionerlərə üz tutur. Bəs niyə ölkəmizdə keyfiyyətli yerli futbolçular barmaqla sayılası qədərdi? Problemin kökü nədədi? Bu suallara cavab tapmaq üçün “Qəbələ” akademiyasının, eyni zamanda “Qəbələ”nin əvəzedicilərinin baş məşqçisi Famil Xəlilovla danışdıq:
“İstedadlı futbolçu boşluğu var. Öncə onu qeyd edim ki, bir futbolçunun yetişməsi üçün uzun illər lazımdı. Potensiallı gəncləri lap kiçik yaşlarından akademiyaya cəlb emək, uzunmüddətli yatırım hesabına bu futbolçuların yetişməsi üçün hər cür imkan yaratmaq vacibdi. Sadəcə, məşq etdirmək kifayət deyil. Bu futbolçuları kiçik yaşlarından beynəlxalq arenaya çıxarmaq, ən azı ildə bir neçə dəfə beynəlxalq turnirlərə qatılmaq inkişafa təkan verən amillərdən biridi. “Qəbələ” akademiyası uzun müddət bu prinsipləri icra edib. Yəni yetişib üzə çıxan futbolçuların əksəriyyəti bu yoldan keçib. Demək olar ki, onları 10-11 yaşından dəvət etmişik və o futbolçularla dünyanın hər yerində müxtəlif turnirlərə qatılmışıq. Futbolçuların, sadəcə, Azərbaycanı yox, kənardakı atmosferi, ab-havanı və Avropada öz yaşındakı futbolçuların necə yetişdirildiyini gözləriylə görmələri də şərtdi. Çünki bizdə futbolçular təzyiq altında oynamır. Ona görə də beynəlxalq təcrübə çox önəmlidi. Bir vacib məqam da akademiyaların olmasıdı. Avropa səviyyəli futbolçular istəyiriksə, hər klubun akademiyası olmalıdı. Futbolçulara hər bir şeydə nəzarət olunması vacib amildi. Bunun içində təhsil də var, işin sosial tərəfləri də var, qidalanma, rejim və məşq prosesi də. Ona görə də hər klubumuzun akademiyasının olması önəmli məsələdi. Düşünürəm ki, akademiyaların sayı nə qədər çox olarsa, ölkəmizdəki istedadlı futbolçuların doğru-düzgün yetişməsində pay sahibi olacaqlar”.
Təcrübəli çalışdırıcı mütəxəssis çatışmazlığı haqda deyilənlərə də aydınlıq gətirdi:
“Deməzdim ki, mütəxəssis çatışmazlığı var. 16-17 il uşaq futbolunda işləyən, hər məşqçinin savadına, iş prinsipinə bələd olan biri kimi deyə bilərəm ki, Azərbaycanda yetərincə istedadlı məşqçilər var. Sadəcə, onlara futbolçu yetişdirmək üçün şərait yaratmaq lazımdı”.
KAMAL SƏFƏR