Birinci divizionun 19-cu turunda "Zirə-2"nin qonağı olan “Qəbələ-2” ardıcıl 7-ci qələbəsini rəsmiləşdirib.
İkinci dövrədə uğurlu çıxışın səbəbləri, komandanın durumu, 1-ci diviziondaki mübarizə ilə bağlı baş məşqçi Famil Xəlilovla söhbətləşdik.
- "Qəbələ-2" ardıcıl 7-ci qələbəsini qazandı. Birdən-birə nə dəyişdi ki, komanda uğurlu seriya yaxaladı?
- Heyətimiz, demək olar ki, eynidi. Sadəcə, bir-iki yeni futbolçu cəlb etmişik. Mövsümün əvvəlindən komandanı gənc futbolçulardan formalaşdırmışdıq. Bir az təcrübə baxımından çətinliklərimiz oldu. Gənc futbolçular tədricən uyğunlaşmağa başladı. Ondan sonra uğurlu seriya yaxaladıq.
- Medallar uğurunda mübarizə aparan komandalar sırasındasız. Mövsümün əvvəlindən hədəf bu idi, yoxsa çempionatın gedişində belə alındı?
- Mövsümün əvvəlində kollektiv formalaşanda hədəfimiz əsas komandaya üçün futbolçu yetişdirmək olub. Elə bu səbəbdən akademiyamızın gənc, istedadlı və əsas komandaya namizəd futbolçuları ilə oynamağı daha məqsədəuyğun saymışıq.
- Premyer-liqa klublarının əvəzedicilərinin divizionda ön sıralarda olmasının səbəbi nədi?
- Əsas komandalara daha yaxın olmaları. Çünki futbolçular fərqindədi ki, hər an əsas komandaya çağrıla bilərlər. Bu üzdən üzərlərində çox çalışırlar.
- "Qaradağ Lökbatan"ı indidən çempion saymaq olar?
- Deməzdim. Hələ çempionat bitməyib. Futbolda hər şey olur. Liderin dəyişməsi üçün hələ kifayət qədər oyun var.
- "Qəbələ"nin U-19-u artıq çempionluğun biraddımlığındadı. Gənclər Liqasında iştirak etmək üçün hansısa işlər görülür?
- Bizim üçün U-19 komandası çox önəmlidi. "Qəbələ" artıq 6 mövsümdü Çempionlar Liqasında ölkəmizi təmsil edir. Buna baxmayaraq, plan-proqram tutmaq üçün mövsümün başa çatması, çempionun bilinməsi vacibdi. Sonra bunun üzərində çalışmaq üçün yetərincə vaxtımız olacaq.
GÜNAY VƏLİYEVA