Yanvarın 12-dən başlayaraq Asiyada yığma komandalar arasında əsas turnirin həyəcanı yaşanacaq.
“Football-plus.az” xəbər verir ki, 18-ci Asiya Kuboku (AK) regionun futbolun inkişaf etməkdə olan ölkələrindən birində - Qətərdə keçiriləcək. Başqa sözlə, 2022-ci ilin son aylarında dünya çempionatını təşkil edən kiçik ölkə bir ildən sonra daha bir böyük yarışa səhnə olacaq.
Əvvəlcə onu qeyd edək ki, AK 2023-cü ilin əvvəlində Çində keçirilməli idi. Lakin “sarı qitə”nin ən böyük dövləti 2022-ci ilin mayında təşkilatçılıq hüququndan imtina etdi. Səbəb kimi koronavirus təhlükəsinin davam etməsi göstərildi. Asiya Futbol Konfederasiyasının (AFK) dadına Qətər çatdı. Amma bu ölkənin DÇ-2022-nin final mərhələsinə də səhnə olacağını nəzərə alan AFK rəhbərliyi məcburiyyətdən turnirin 2024-cü ildə 12 yanvar – 10 fevral aralığında təşkilinə qərar verdi. Başqa sözlə, qitə çempionatı bir il gecikmə ilə baş tutacaq.
Əsası 1956-cı ildə qoyulan AK Qətərdə üçüncü dəfə keçiriləcək. Turnirə ilk dəfə 1988-ci ilin dekabrında evsahibliyi edən bu ölkənin komandası onda mükafatçılar sırasına düşə bilməmişdi. Həmin çempionatın qalibi Koreya ilə qolsuz heç-heçə bitən final matçından sonra qaçılmaz olan penalti seriyasında qalib gələn (4:3) Səudiyyə Ərəbistanı olmuşdu. Qətər qitə birinciliyinə ikinci dəfə 2011-ci ildə evsahibliyi etdi. Təşkilatçı ölkənin komandası bu dəfə qrup səddini adlasa da, ilk pley-off mərhələsindəcə mübarizəni dayandırdı: 1/4 finalın Yaponiya ilə oyunu barışmaz mübarizə şəraitində keçdi və son dəqiqələrdə vurulan qol “qıyıqgözlər”in 3:2 hesablı qələbəsini təmin etdi. Maraq üçün Yaponiyanın finalda Avstraliyaya minimal hesabla qalib gələrək çempion olduğunu da xatırladaq.
Regionun ən kiçik ölkələrindən sayılan Qətərin təşkilatçılıq planında liderliyə nail olduğunu xüsusi vurğulayaq. Belə ki, indiyədək İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Tayland qitə çempionatını hərəyə iki dəfə təşkil edib. Turnirin Honkonq, Koreya, İsrail, Küveyt, Sinqapur, Yaponiya, Livan, Çin, Vyetnam, İndoneziya, Malayziya və Avstraliyada bir dəfə baş tutduğunu (bəzi illərdə təşkilatçılıq hüququnu bir neçə ölkə daşıyıb) da bildirək.
2019-cu ildə BƏƏ-də baş tutan və Qətər millisinin sensasiyalı qələbəsi ilə nəticələnən son turnirdə olduğu kimi, AK-da bu dəfə də 24 komanda iştirak edəcək. Sıralarında postsovet məkanından 3 yığmanın (Özbəkistan, Tacikistan, Qırğızıstan) olduğu iştirakçılar hərəsində 4 komanda olmaqla 6 qrupda yarışacaqlar. Reqamentə əsasən qruplarda ilk iki yeri tutacaq 12 və qrup üçüncüləri arasında ən yaxşı göstəricilərə malik olacaq 4 yığma 1/8 finala vəsiqə qazanacaq. Qrup mərhələsi 12-25 yanvar aralığında keçiriləcək. Pley-off mərhələsinə isə yanvarın 28-də start veriləcək. Oyunlara paytaxt Doha, Əl-Haur, Ər-Rayyan və Əl-Vakra şəhərlərindəki stadionlar səhnə olacaq. Final matçı fevralın 10-da Əl-Haurdakı 60000 yerlik “Əl-Beyt”ə təyin olunub.
Sonda AK ilə bağlı ən maraqlı faktları nəzərinizə çatdırırıq.
* İran və Koreya yığmaları qitə çempionatında hamıdan çox – 14 dəfə iştirak ediblər.
* İndiyədək 9 komanda Asiya çempionu olub. Yaponiya yığması hamıdan çox - 4 dəfə (1992, 2000, 2004, 2011) Asiyanın ən güclü yığması adını qazanıb. Çempionluq sayında İran (1968, 1972, 1976) və Səudiyyə Ərəbistanı (1984, 1988, 1996) 3 qələbə ilə növbəti yerləri tuturlar. Koreyanın hesabında 2 çempionluq (1956, 1960) var. İsrail (1964), Küveyt (1980), Avstraliya (2015), İraq (2007) və Qətər (2019) yığması isə hərəyə bir dəfə qızıl mükafatçı olub.
* Koreya 4, Səudiyyə Ərəbistanı 3 dəfə gümüş, İran 5, Koreya isə 4 dəfə bürünc mükafata yiyələnib.
* İran turnirdə ən çox oyun keçirən komandadı – 68.
* İran turnirdə ən çox qələbə qazanan komandadı – 41.
* İran turnirdə ən çox heç-heçə edən komandadı – 19.
* Çin turnirdə ən çox uduzan komandadı – 20.
* İran turnirdə ən çox qol vuran komandadı – 131.
* Çin turnirdə ən çox qol buraxan komandadı – 65.
* Əli Daei (İran) turnirin ən yaxşı bombardiridi – 14 qol.
A qrupu
Qətər
Çin
Tacikistan
Livan
B qrupu
Avstraliya
Özbəkistan
Suriya
Hindistan
C qrupu
İran
BƏƏ
Honkonq
Fələstin
D qrupu
Yaponiya
İndoneziya
İraq
Vyetnam
E qrupu
Koreya
Malayziya
İordaniya
Bəhreyn
F qrupu
Səudiyyə Ərəbistanı
Tayland
Qırğızıstan
Oman
Turnirin təqvimi
Qrup mərhələsi
1-ci tur
12 yanvar 20.00 Qətər - Livan
13 yanvar 15.30 Avstraliya - Hindistan
13 yanvar 18.30 Çin - Tacikistan
13 yanvar 21.30 Özbəkistan - Suriya
14 yanvar 15.30 Yaponiya - Vyetnam
14 yanvar 18.30 BƏƏ - Honkonq
14 yanvar 21.30 İran – Fələstin
15 yanvar 15.30 Koreya – Bəhreyn
15 yanvar 18.30 İndoneziya - İraq
15 yanvar 21.30 Malayziya - İordaniya
16 yanvar 18.30 Tayland - Qırğızıstan
16 yanvar 21.30 Səudiyyə Ərəbistanı - Oman
2-ci tur
17 yanvar 15.30 Livan - Çin
17 yanvar 21.30 Tacikistan – Qətər
18 yanvar 15.30 Suriya - Avstraliya
18 yanvar 18.30 Hindistan – Özbəkistan
18 yanvar 21.30 Fələstin - BƏƏ
19 yanvar 15.30 İraq - Yaponiya
19 yanvar 18.30 Vyetnam - İndoneziya
19 yanvar 21.30 Honkonq - İran
20 yanvar 15.30 İordaniya - Koreya
20 yanvar 18.30 Bəhreyn - Malayziya
21 yanvar 18.30 Oman - Tayland
21 yanvar 21.30 Qırğızıstan - Səudiyyə Ərəbistanı
3-cü tur
22 yanvar 19.00 Qətər - Çin
22 yanvar 19.00 Tacikistan - Livan
23 yanvar 15.30 Avstraliya – Özbəkistan
23 yanvar 15.30 Suriya - Hindistan
23 yanvar 19.00 İran – BƏƏ
23 yanvar 19.00 Honkonq – Fələstin
24 yanvar 15.30 Yaponiya - İndoneziya
24 yanvar 15.30 İraq - Vyetnam
25 yanvar 15.30 Koreya - Malayziya
25 yanvar 15.30 İordaniya – Bəhreyn
25 yanvar 19.00 Səudiyyə Ərəbistanı - Tayland
25 yanvar 19.00 Qırğızıstan - Oman
1/8 final
28 yanvar 15.30 1. 1B – 3A/C/D
28 yanvar 20.00 2. 2A – 2C
29 yanvar 15.30 3. 1D – 3B/E/F
29 yanvar 20.00 4. 1A – 3C/D/E
30 yanvar 15.30 5. 2B – 2F
30 yanvar 20.00 6. 1F – 2E
31 yanvar 15.30 7. 1E – 2D
31 yanvar 20.00 8. 1C – 3A/B/F
1/4 final
2 fevral 15.30 1. 2-ci cütün qalibi – 3-cü cütün qalibi
2 fevral 19.30 2. 1-ci cütün qalibi – 6-cı cütün qalibi
3 fevral 15.30 3. 8-ci cütün qalibi – 7-ci cütün qalibi
3 fevral 19.30 4. 4-cü cütün qalibi – 5-ci cütün qalibi
yarımfinal
6 fevral 19.00 1. 1-ci cütün qalibi – 2-ci cütün qalibi
7 fevral 19.00 2. 3-cü cütün qalibi – 4-cü cütün qalibi
final
10 fevral 19.00 1-ci cütün qalibi – 2-ci cütün qalibi